Qarabağ Zəfəri türk millətinin birlik, dirçəliş simvoludur
Siyasət

Qarabağ Zəfəri türk millətinin birlik, dirçəliş simvoludur

Üç il bundan öncə Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının hüquqları bərpa olundu, bölgədə sülh və əməkdaşlıq üçün yeni imkanlar yarandı. Minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Günü tariximizdə yeni bir səhifə açdı. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycanla Türkiyə arasında olan münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi. Hazırda hər iki ölkə regionda təhlükəsizliyin gücləndirilməsi, dayanıqlı sülhün nail olunması istiqamətində birgə fəaliyyət göstərir. 8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidentinə "Türk Dünyasının Ali Ordeni"nin təqdim edilməsi də bunun göstəricisidir. Bu, həm də türk dövlətlərinin Azərbaycanın böyük zəfərindən duyduqları qürurun parlaq təcəssümüdür. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, türk dövlətləri başçılarının imzası, Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə təqdim edilən bu dəyərli orden bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Qələbə türk dünyasının birləşməsi və dünya ilə əlaqələrinin güclənməsi baxımından da əhəmiyyətlidir. Belə ki, tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhlizin işə salınması ilə eyni soykökə aid dövlətlər arasında fəaliyyət istiqaməti genişlənəcək, daha da şaxələnəcək ki, bu da sadəcə siyasi baxımdan deyil, həm də tariximizə dönüş baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan regionda elə bir geosiyasi dəyişikliyə imza atıb ki, zamanında xəyal kimi görünən məsələlər bu gün artıq reallıqdır.

Bu məsələlər noyabrın 3-də Türk Dövlətləri Təşkilatının Astanada keçirilən X yubiley Zirvə görüşündə də gündəmə gətirilib. "Türk Əsri" çağırışı altında keçirilən toplantıda türk dövlətlərinin geosiyasi gələcəyi məsələsi də müzakirə edilib, o cümlədən TDT-nin qlobal miqyasda söz sahibi ola biləcək siyasi-hərbi alyansa çevrilməsi haqqında danışılıb. Bu fikrin təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyev olub. Dövlət başçımız toplantıdakı çıxışında deyib ki, TDT-nin qlobal miqyasda güclü təşkilat olmasının vaxtı çatıb. Bunun üçün türk dövlətlərinin siyasi və hərbi qüdrəti yeni səviyyəyə yüksəldilməlidir. Təbii ki, həmin məqsədə çatmağın yolu türk dövlətləri arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirməklə bağlıdır.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı regional münaqişələr və böyük güclər arasında şiddətlənən qlobal hibrid müharibələrə baxmayaraq, özünün portfelini genişləndirir. Belə ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda Yaxın Şərq cəbhəsində İsrail-Fələstin hərbi toqquşmalarının səhnəyə çıxması TDT-nin tempini qorumaq üçün çağırışlardır. İndi TDT elə etməlidir ki, əvvəlki illərdə olduğu kimi, mövcud münaqişələr və onun doğuracağı perspektiv müharibələr təşkilatın imkanlarını məhdudlaşdırmasın. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı həmin ştrixləri gündəmə gətirdi və belə demək mümkünsə, TDT-ni müdafiə sahəsində sıx əməkdaşlığa səslədi: "Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır".

Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Dövlətimizin başçısı İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: "Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".

Dövlət başçımızın səsləndirdiyi bu fikirlər hazırda TDT-yə üzv ölkələrin iqtisadi münasibətlərində öz əksini tapır. Qeyd edək ki, türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir. Belə ki, ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Təşkilata üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Qazaxıstan tərəfindən Füzulidə tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini qeyd etmək olar.

Yekunda tam əminliklə demək olar ki, Azərbaycanın Qarabağda qazandığı zəfər ortaq tarix, mədəniyyət və milli dəyərlərə sahib türk dövlətləri arasında qarşılıqlı əməkdaşlıq və mövcud potensialın artması ilə nəticələnib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə 8 Noyabr - Zəfər Günü ilə bağlı ünvanladığı təbrik məktubunda qeyd edilib ki, şanlı Azərbaycan bayrağının indi bütün Vətən səmasında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyidir.

Jalə QASIMZADƏ,

"Respublika".