Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra əhalinin zəruri ərzaq məhsulları ilə etibarlı təminatı dövlətin ən prioritet məsələsi oldu. Çünki iqtidarda olan AXC-Müsavat cütlüyünün respublikamızı yarıtmaz, səriştəsiz idarəetməsi, Ermənistanın ölkəmizə hərbi təcavüzü, keçmiş müttəfiq respublikalar arasında iqtisadi əlaqələrin qırılması Azərbaycanda qıtlıq, hətta aclıq yaratmışdı.
Odur ki, xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə ali hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Aqrar siyasətdə ərzaq təyinatlı məhsulların istehsalına, xüsusilə taxılçılıqda qarğıdalı əkininə ciddi fikir verilir.
Elə tarixən də qarğıdalı əkini Azərbaycanda aparıcı rola malik olub. Əsl vətəni Meksika olmasına rəğmən, yüz illərdir ki, Azərbaycanda kütləvi surətdə əkilir və becərilir. Bu da təsadüfi deyil. Tərkibində çoxlu miqdarda karbohidrat olması qağıdalını insan enerjisi üçün əvəzedilməz edib. A və B2 vitaminləri ilə zəngindir, qan şəkərini tənzimləyir, ürək xəstəliklərinin qarşısını alır. Müalicəvi əhəmiyyət daşıdığına və insan orqanizmi üçün çox faydalı olduğuna görə əkinçilik mədəniyyətimizdə müstəsna yer tutur.
Onun əkin sahələri respublikamızda son illər 30-35 min hektar arasında dövr edir. Amma hər hektardan məhsuldarlığı çox yüksəkdir -- 60 sentnerdən yuxarı. Yeri gəlmişkən qeyd edək ki, hətta inkişaf etmiş ölkələrdə qarğıdalıçılıq sahəsində belə yüksək məhsuldarlıq yoxdur.
Ayrı-ayrı bölgələrdə isə məhsuldarlıq daha yüksəkdir. Məsələn, 2021-ci ilin yekununda Balakəndə 7577, Zaqatalada 3537, Ağcabədidə isə 2262 hektarda qarğıdalı əkilmişdi və bu rayonlar ölkədə qarğıdalı istehsalı sahəsində lider idilər. Ən yüksək məhsuldarlıq isə həmin il Hacıqabul (hər hektardan 1142,6 sentner), Bərdə (446,3), Tovuz (266,6 sentner) rayonlarında olub.
Ötən ilin 10 ayında da göstəricilər ürəkaçandır. Balakəndə 50 min tondan, Zaqatalada 21 min, Şəmkirdə 14 min, Ağcabədidə 13 min, Sabirabadda 12 min tondan artıq məhsul toplanıb. Məhsuldarlıq isə hər hektardan 10 ayda Samux və Masallı rayonlarında 300 sentnerə yaxın, Ağcabədi, Bərdə, Sabirabad rayonlarında isə 160-120 sentner ətrafında olub.
Nəriman CAVADOV,
“Respublika”.