Qarşılıqlı etimada əsaslanan səmərəli əlaqələr uğurla davam etdirilir
Siyasət

Qarşılıqlı etimada əsaslanan səmərəli əlaqələr uğurla davam etdirilir

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik əlaqələr 1992-ci il mart ayının 11-də qurulmuşdur.

Tarixi və strateji xarakter daşıyan Azərbaycan-Böyük Britaniya əlaqələri hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan Britaniya, həmçinin Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatında ölkəmizin iştirakını da dəstəklədi. 1992-ci ilin mart ayında Britaniya Xarici İşlər Nazirliyinin Dövlət naziri Hon Duqlas Hoqqun Bakıya səfəri Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik əlaqələrin yenidən qurulmasına zəmin yaratmışdır. Beləliklə, 1994-cü ilin yanvar ayında Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, 2003-cü ilin may ayında isə Böyük Britaniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. İki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə etibarlı əməkdaşlığa əsaslanan münasibətlər dinamik şəkildə inkişaf etdirilmiş, ölkələr arasında ikitərəfli münasibətlərin formalaşmasında mühüm addımlar atılmışdır. Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatıran Birləşmiş Krallıqla iqtisadi sahədə uğurlar əldə olunmuş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 600-ə yaxın şirkəti ölkəmizdə reallaşdırılan mühüm layihələrdə yaxından iştirak etmişdir.

Azərbaycanın ən böyük tərəfdaşlarından olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ölkəmiz arasında mühüm əhəmiyyətə malik olan sahələrdən biri də enerji sahəsində əməkdaşlığın həyata keçirilməsidir. Bu sahədə əməkdaşlıq əlaqələrinin təməli 1994-cü ildə "Əsrin müqaviləsi" ilə qoyulmuş və bu gün də uğurla davam etdirilir. Belə ki, müqaviləni imzalayan 8 ölkədən biri Böyük Britaniya, 13 ən iri aparıcı şirkətlərdən biri isə BP şirkətidir. 30 ildir ki, Azərbaycanda ən böyük xarici investor olan şirkət ölkəmizdə beynəlxalq əhəmiyyətli enerji layihələrinin təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirilməsində birgə fəaliyyət göstərir. Regional inkişafa mühüm töhfə verən Azərbaycanı dəyərli enerji tərəfdaşı kimi qiymətləndirən BP şirkəti hazırda dünyanın ən böyük neft yataqlarından biri olan Azəri-Çıraq-Günəşli və eyni zamanda böyük qaz yatağı hesab edilən Şahdəniz yatağının operatorudur.

1998-ci il 19-24 iyul tarixlərində Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində ulu öndər Heydər Əliyev Britaniya Kraliçasının rəsmi qəbulunda olmuş və Dauninqstritdə baş nazirlə görüşmüşdür. Görüşün sonunda ARDNŞ və BP, RAMCO və Monument Oil şirkətləri arasında üç mühüm saziş imzalanmışdır. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri tərəfindən iki ölkə arasında Azərbaycan Respublikası Prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalanması ilə iki dövlət arasında münasibətlər dostluq və tərəfdaşlıq əsasında keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə enerji sahəsində əməkdaşlıq əlaqələri bu gün yeni mərhələyə yüksəlib. "Yaşıl enerji"yə keçid istiqamətində birgə fəaliyyət ölkəmizdə qeyri-neft sahəsində əlaqələrin şaxələnməsində böyük əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayan Azərbaycan dost ölkələri bu ərazilərin yenidən qurulması işində iştirak etməyə dəvət edib. Birləşmiş Krallığın şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə mühüm töhfələr verir, yer üzündən silinmiş şəhər və kəndlərin yaradılmasında yaxından iştirak edirlər. Bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olan hər iki ölkə səmərəli işgüzar əlaqələrin və qarşılıqlı etimadın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində səylərini artırırlar.

Ötən il fevral ayının 21-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının keçmiş Baş naziri Boris Conson Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ölkə başçısı İlham Əliyevə ünvanladığı məktubda deyilir: "Son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib. İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq. Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır. Qarşıdakı illərdə tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözləyirəm".

Mehparə ƏLİYEVA,

"Respublika".