Qayıdışdan sonra sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün müzakirələr aparılıb
Region

Qayıdışdan sonra sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün müzakirələr aparılıb

Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Rasim oğlu Hacıyevlə bir qrup rayon ziyalılarının görüşü keçirildi.

Görüşdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Növrəst Cəfərov, Xüsusi Nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak etdilər.

Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbədən söhbət açdılar, azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq, bərpa işlərindən danışdılar. Göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olundu. Prezident İlham Əliyevin tapşırığı əsasında rayonda bərpa-quruculuq, iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq Dövlət proqramlarının işlənib hazırlandığı qeyd edildi.

Sonda rayon sakinlərinin təklifləri və fikirləri dinlənilərək geniş müzakirələr aparıldı.

Tofiq HÜSEYN,

"Respublika".