Qəbələdə “Hüquqi dövlətin əsasları
Digər xəbərlər

Qəbələdə “Hüquqi dövlətin əsasları" adlı olimpiadanın qalibləri mükafatlandırılıblar

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 12 Noyabr - Konstitusiya Gününə həsr olunan Qəbələ, Şamaxı, İsmayıllı və Oğuz rayonlarının məktəblilərindən ibarət komandaların iştirak etdiyi "Hüquqi dövlətin əsasları" adlı keçirilmiş hüquq olimpiadasının yekun mükafatlandırma mərhələsi keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Konstitusiya Məhkəməsi Aparatının, Qəbələ, İsmayıllı, Şamaxı və Oğuz rayonlarının icra hakimiyyətlərinin, təhsil sektorlarının nümayəndələrinin, məktəb direktorlarının, olimpiada qaliblərinin iştirak etdiyi tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhadətə ucalan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonaqları salamlayıb, hüquq olimpiadasının yekun mərhələsinin Qəbələdə keçirilməsindən məmnunluğunu bildirib. Azərbaycanda hüquqi dövlət quruculuğunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən icra hakimiyyətinin başçısı Ümummilli Lider tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyev çıxışında Azərbaycan Respublikasının Konstitusiyası haqqında, Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova hüquq olimpiadasının keçirilməsinin məqsədi və nəticələri barədə geniş məlumat veriblər.

Sonda Hüquq olimpiadasının nəticələrinə görə qalib komandalar, eləcə də yüksək bal toplayan məktəblilər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən fəxri fərmanlar və hədiyyələrlə təltif ediliblər.

Olimpiadanın yekun nəticələrinə əsasən, rayonlar arasında birinci yerə Qəbələ şəhər 2 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

AZƏRTAC