Qəhrəmanlıq salnaməmizin əbədi səhifəsi
Siyasət

Qəhrəmanlıq salnaməmizin əbədi səhifəsi

İkinci Qarabağ müharibəsində mərd oğullarımızın qanı, canı bahasına qazandığımız qələbə əsrlər, qərinələr keçsə də, unudulmayacaq, xalqımızın, dövlətimizin tarixində əbədiləşəcək. Cəmi 44 gündə yazılan bu tarixin səhifələri vərəqləndikcə, xalqımızın mərdliyi, mübarizliyi dünyanın dörd bir tərəfini dolaşacaq, dillərdə dastana dönəcək.

Dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi yazılan İkinci Qarabağ savaşı 30 ilə yaxın düşmən işğalında olan ərazilərimizin azad olunması ilə nəticələndi, işğalçı Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarını rəşadətli ordumuz qalibiyyətlə başa vurdu. Düşmən ordusunun yüzlərlə hərbi texnikasını, minlərlə canlı qüvvəsini, illərlə qurduğu "yarılmaz istehkam"ları, "keçilməz səd"ləri darmadağın etdi. Əbədi yurd yerlərimiz olan Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər düşməndən geri alındı. Beşinci nəsil silahlarla təchiz olunmuş, dünyanın güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu 30 il düşmən tapdağı altında olan torpaqlarımızda yüksək peşəkarlıq, döyüş qabiliyyəti, ən əsası isə, qəlbində bitməz-tükənməz Vətən eşqi, Vətən həsrəti ilə döyüşdü. Yağıların uzun illər işğal altında saxladığı tarixi ərazilərimizi azad edərək düşmənə unuda bilməyəcəyi dərs verdi. Azərbaycan əsgərinin adı çəkiləndə canına vəlvələ düşən qorxaq, başqasının torpağında vuruşan erməni yaraqlısı silahını atıb qaçmağa məcbur oldu. 44 gün ərzində ancaq irəli gedən, müqəddəs torpaqlarımızı kənd-kənd, şəhər-şəhər azad edən Silahlı Qüvvələrimiz hər birimizə qalib ölkənin vətəndaşı olmaq iftixarını yaşatdı.

30 illik məğlubiyyət yükünü çiyinlərindən atan xalqımız dövlətimizin ətrafında bir amal uğrunda birləşdi. Öz tarixi torpaqlarını düşməndən geri almaq, ata-baba yurdunu əsarətdən qurtarmaq üçün böyükdən-kiçiyə hər kəs səfərbər oldu. Vətənin hər qarış torpağı uğrunda ölümün gözünə dik baxan, canını fəda edən igidlərimiz bütün dünyaya vətənpərvərlik nümunəsi göstərdilər. "Böyük Ermənistan" xülyası ilə yaşayan düşmənin 30 illik işğalına Azərbaycan Qərbin illərdir kağız üzərində saxladığı beynəlxalq hüquq normaları hesabına deyil, Ordusunun gücü, rəşadəti ilə son qoydu. Tarixin müxtəlif dövrlərində deportasiyalara, kütləvi qırğınlara məruz qalan, nəticədə torpaqlarının müəyyən hissəsini itirən xalqımız üçüncü minillikdə böyük Zəfərə imza atdı, "türk düşmənçiliyi" aparan erməniləri yerində oturtdu. Ordu-xalq-dövlət birliyi bu möhtəşəm Zəfərin təməli oldu, xalqımız tarixin böyük sınağından, çətin imtahanından qalib çıxdı, Qarabağın hər yerində üçrəngli bayrağımızı ucaltdı.

Müzəffər Ordumuzun döyüş meydanında qələbəsi ilə yekunlaşan hər gün tariximizin şanlı səhifəsinə çevrildi. Dövlətimiz haqq səsini, ədalətli mövqeyini bütün dünyaya çatdırdı, Qarabağ məsələsinin siyasi yolla həllinə imkan verməyən, hərbi yolla isə mümkün olmadığını bəyan edənlərə sübut etdi ki, öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Təkcə hərb meydanında deyil, həm də siyasi arenada Ermənistan və onun təxribatçı, işğalçı havadarları ilə müharibə aparan müstəqil dövlətimiz hər iki cəbhədə şanlı Zəfər qazandı. Ermənistanı öz əlində alət edən qərb dairələri çirkin məqsədlərinə nail ola bilmədilər, haqq-ədalət öz yerini tapdı. Azərbaycan gücünü, qüdrətini, eyni zamanda xalqımızın böyük mübarizə əzmini bütün dünyaya nümayiş etdirərək ərazi bütövlüyünü təmin etdi.

Bu qalibiyyətin davamı olan 19-20 sentyabrda keçirilən lokal antiterror tədbirləri ilə ölkəmiz öz ərazilərində suverenliyini tam bərpa etdi. Tarixi torpaqlarımız separatçılardan təmizləndikdən sonra regionda yeni reallıq yaranıb. Bu gün dövlətimiz Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətlərinin açılmasına, sərhədlərin delimitasiyasına və bütün bunların fonunda sülh sazişinin imzalanmasına səy göstərir. Lakin illər boyu Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlıq üçün ciddi təhlükə olan Ermənistan bu reallığı qəbul etmək istəmir. Havadarlarının yalan vədlərinə uyub, ilk növbədə özü üçün vacib olan sülh sazişini imzalamamaqla bölgədə təhlükəsizliyi təhdid etdirir.

Dinamik inkişafa, dünyanın yüksək reytinqlərində yer alan, ən son model döyüş texnologiyaları ilə gücləndirilən orduya sahib qüdrətli Azərbaycan sülhə, əmin-amanlığa, dostluğa, birgəyaşayışa hesablanmış məqsədyönlü siyasət yürüdür. Öz fəaliyyətini əsassız iddialar üzərində quran Ermənistan isə düşmənçilik siyasətindən, boş xülyalarından hələ də əl çəkmir, yaxud da çəkə bilmir. Müstəqil siyasət yürüdə bilməyən bu ölkə havadarlarının təsir dairəsindən çıxmağa özündə güc tapıb sülh sazişini imzalayarsa, əsrlər boyu münaqişə mərkəzinə çevrilən Cənubi Qafqazda əmin-amanlığa, inkişafa nail olunacaq, regionda uzunmüddətli sülh bərqərar olacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".