Qətiyyətin, dəyişməz mövqeyin davamlı uğurları
Siyasət

Qətiyyətin, dəyişməz mövqeyin davamlı uğurları

İkinci Qarabağ müharibəsi dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi daxil oldu. Cəmi 44 gün çəkən hərbi əməliyyatlar 30 ilə yaxın düşmən işğalında olan ərazilərimizin azad olunması ilə nəticələndi. Azərbaycan son iki əsrlik tarixində ilk dəfə döyüşlərdən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünün bərpası ilə çıxdı. 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarını rəşadətli ordumuz qalibiyyətlə başa vurdu.

Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi, illərlə qurduğu "yarılmaz istehkam"lar, "keçilməz səd"lər qəhrəman oğullarımız tərəfindən darmadağın edildi. İşğal altında olan torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Ordu-xalq-dövlət birliyi bu möhtəşəm Zəfərin təməlini qoydu. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti xalqımızı tarixin bu böyük sınağından, çətin imtahanından qalib çıxardı.

30 il boyunca mötəbər tədbirlərdə, yüksək səviyyəli görüşlərdə Azərbaycanın haqq səsini, ədalətli mövqeyini bütün dünyaya çatdıran, xalqının mənafeyindən çıxış edərək Qarabağ məsələsinin siyasi yolla həllinə imkan verməyən, hərbi yolla isə mümkün olmadığını bəyan edənlərə sübut etdi ki, müstəqil dövlətimiz öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır.

Azərbaycan İkinci Qarabağ müharibəsində qalib tərəf olsa da, regionda sülh, əmin-amanlıq naminə, xalqların dinc yanaşı yaşaması üçün Ermənistanla münasibətlərin normallaşması istiqamətində qətiyyətli addımlar atdı. Lakin dövlətimizin sülh təşəbbüslərinə məhəl qoymayan, öz işğalçılıq siyasətini davam etdirən qərb qonşumuz şərti sərhəddə təxribatlarına, terrorçu əməllərinə ara vermədi. 30 illik işğal dövründə olduğu kimi, dağıdıcı siyasətini həyata keçirmək üçün fərqli yollara əl atdı. Əlini havadarlarının ətəyindən çəkməyərək müharibədən sonra da yeraltı, yerüstü sərvətlərimizin qanunsuz istismarı ilə məşğul oldu. Laçın-Xankəndi yolundan qeyri-humanitar məqsədlər üçün istifadə etməklə Azərbaycanın qızıl və mis mədən yataqlarını talan etdi, bu yol vasitəsilə Qarabağ bölgəsində yerləşən separatçılara silah-sursat göndərdi. Həyata keçirdiyi uğursuz siyasəti ilə Cənubi Qafqazda sülhü təhdid edən Ermənistanın bu əməllərindən xəbərdar olan böyük dövlətlərin, beynəlxalq təşkilatların, nüfuzlu qurumların əksəriyyəti həmişə olduğu kimi, yenə də susdular. Dost, qardaş ölkələr Azərbaycanın haqlı mövqeyini müdafiə etsələr də, havadarları düşmən ölkəni dəstəklədilər. 44 günlük müharibəni öz daxili gücü hesabına aparan və ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan bu il aprel ayının 23-də Laçın yolunun başlanğıcında düşmənin təxribat əməllərinin qarşısını almaq üçün dövlət sərhəd-nəzarət-buraxılış məntəqəsi yaratdı. Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etməyə imkan verən sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması nəticəsində bəd əməllərini reallaşdıra bilməyən Ermənistan havadarlarının köməyi ilə bütün dünyaya guya Azərbaycanın Qarabağ ermənilərini "blokada"da saxlaması barədə yalan informasiyalar yaydı, əsassız ittihamlar irəli sürdü. Erməni lobbisinə xidmət edən böyük güclərin ölkəmizə qarşı təzyiqləri Azərbaycanı haqq işindən döndərə bilmədi. Azərbaycan Laçın yolunda sərhəd-nəzarət-buraxılış məntəqəsi qurmaqla ərazi bütövlüyünü tamamilə bərpa etdi.

Üçtərəfli Bəyanatın şərtlərinə görə qanunsuz erməni silahlı birləşmələri Qarabağ ərazisindən çıxmalı idi, lakin bu il sentyabrın 19-na qədər buna əməl etməyən Ermənistan əksinə, onları silahlandırır, təxribatlar törətmələrinə imkan yaradırdı. Laçın buraxılış məntəqəsinin qurulması ilə bu "fəaliyyətə" son qoyuldu. 30 ildən çoxdur ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan dinc erməni əhalisini girov saxlayan, onlardan öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edən separatçılar bütün dünyaya guya Azərbaycanın Qarabağda yaşayan etnik erməniləri "blokada"ya saldığı, humanitar böhran yaratdığı haqda yalan məlumatlar yaydılar. Bununla bərabər, xunta rejimi Azərbaycanın ərazisində saxta "prezident seçkiləri" keçirərək Azərbaycanın konstitusion hüquqlarını pozdu. Həmçinin qanunsuz silahlı dəstələri mina terrorunu davam etdirdi. Onların şərti sərhəddə basdırdıqları minaların partlaması nəticəsində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, mülki vətəndaşlarımız həlak oldu. Ümumiyyətlə, Qarabağ bölgəsində qanunsuz şəkildə məskunlaşan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin son bir neçə ay ərzində Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutması, ərazilərimizin minalanmasının davam etdirməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirməsi, eləcə də səngər və sığınacaqların sayını artırması Azərbaycanı separatizmin qarşısını almaq üçün zəruri tədbirlər görməyə məcbur etdi. Bu məqsədlə, sentyabr ayının 19-da lokal xarakterli antiterror tədbirləri keçirildi və xunta rejimi təslim olduqdan, silahları yerə qoyduqdan sonra antiterror tədbirlərin dayandırılacağı bildirildi. Yüksək peşəkarlıq və mükəmməl plan əsasında cəmi bir günə separatçıların hərbi mövqeləri, silahları, texnikaları məhv edildi. Qeyri-qanuni erməni silahlı dəstələri ağ bayraq qaldıraraq təslim oldu. 24 saatlıq antiterror tədbirlərini uğurla həyata keçirən Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi.

 Bəli, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu ilin 23 aprel tarixində Laçın yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsi qurmaqla bu ali məqsədinə tamamilə nail oldu. 19 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ərazilərimizdə suverenliyimizin bərpasını təmin etdi. Bütün bunlar dövlət başçımızın qətiyyətinin, dəyişməz mövqeyinin davamlı uğurudur.

Mehparə ƏLİYEVA,

"Respublika".