Qlobal iqlim dəyişmələri ilə mübarizədə Azərbaycan modeli
Ekologiya

Qlobal iqlim dəyişmələri ilə mübarizədə Azərbaycan modeli

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dünyanın ən böyük təhlükələrindən biri kimi qəbul edilən iqlim dəyişmələri ekstremal təbiət hadisələri, quraqlıq, dəniz səviyyəsinin qalxması və biomüxtəlifliyin azalması kimi fəlakətlərlə özünü büruzə verir.

Bu dəyişmələr insanlarda bir sıra narahatlıqlara səbəb olur. Alimlərin fikrinə görə, hazırkı istehsal və istehlak prosesi davam edərsə, iqlim dəyişmələrinin qarşısını almaq mümkün olmayacaq. Bu isə təkcə ekoloji mühiti pozmur, eyni zamanda insanların fiziki və psixoloji sağlamlığına da təsir göstərir. Bu baxımdan, hər bir fərdin iqlim dəyişmələri ilə mübarizəyə qoşulması vacib hesab olunur.

İqlim dəyişmələri həyatımızın hər sahəsində qeyri-müəyyənlik hissinin yaranmasına da gətirib çıxarır. Bu qeyri-müəyyənlik iqlim dəyişmələrinin insanların həm psixoloji, həm də fizioloji cəhətdən gündəlik həyatına təsir edir. Çünki fəsillərin dəyişkənliyi, ekstremal hava şəraiti və bununla əlaqədar artan stres zehni, emosional cəhətdən yorucu olur. İqlim dəyişmələri psixi sağlamlığa və ümumi rifaha mənfi təsir göstərir. Gün ərzində temperaturun dəyişməsi, qəfil hava dəyişiklikləri insan sağlamlığı üçün müəyyən risklər yaradır. Bu isə bədənin termorequlyasiya sistemini gərginləşdirir, ürək-damar sağlamlığına təsir edir, tənəffüs prosesini çətinləşdirir. Bununla belə, bəziləri iqlim dəyişmələrinə insan fəaliyyətinin qlobal istiləşməyə təsirinə şübhə ilə yanaşır. Hətta bəzi skeptiklər insan fəaliyyətinin iqlim fəlakətlərində daha böyük rol oynadığını iddia edirlər. Bəziləri isə iqlim dəyişmələrində təbii amillərin antropogen təsirlərdən daha çox olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, gələcək sağlamlıq və texnoloji irəliləyişlərin iqlim dəyişmələrinə potensial mənfi təsirlərini azaltmaq üçün daha çox sübut və təhlilə ehtiyac var.

Müasir dövrdə ölkələrin əksəriyyəti iqlim dəyişmələri ilə mübarizəni prioritet hesab edir və müxtəlif fəaliyyət planları hazırlayırlar. Azərbaycan beynəlxalq səviyyədə bu mübarizəyə dəstək göstərən və problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyəti ilə fərqlənən dövlətlər sırasındadır. Ölkəmiz tərəfindən bərpaolunan enerji və "yaşıl enerji"yə keçid prosesi sahəsində örnək tədbirlər həyata keçirilir. Bununla yanaşı, nəinki regional səviyyədə, hətta beynəlxalq miqyasda keçirilən tədbirlərdə də Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsi yüksək qiymətləndirilir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ildə ölkəmizdə keçirilməsi barədə qərar da qlobal aləmdə Azərbaycana olan etimadın növbəti təzahürüdür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulan ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf nəzərdə tutulub ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

İkinci Qarabağ savaşında əldə etdiyimiz zəfər nəticəsində işğaldan azad olunan torpaqlarımız "yaşıl enerji" zonası elan edilib. Həmin ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi planlaşdırılır. COP29, həmçinin Azərbaycanın "yaşıl enerji" siyasətinə də mühüm töhfə olacaq. Hazırda ölkəmiz bu sahədə bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq edir. Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya "yaşıl enerji"nin ixrac edilməsi bu sahədə dövlətimizin qarşısında duran əsas məsələlərdəndir. Bu isə 2026-cı ildən sonra Azərbaycanın Avropa İttifaqının "yaşıl enerji"yə olan tələbinin ödənməsində xüsusi payı olacağından xəbər verir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə də şərait yaradacaq.

Məlum olduğu kimi, fevralın 17-də Prezident İlham Əliyevin Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşü baş tutub. Görüş çərçivəsində dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji və "yaşıl keçid" prosesi sahəsində ciddi tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev, həmçinin iqlim maliyyələşdirilməsinin COP29-un əsas mövzusuna çevriləcəyini, Azərbaycanın da bu xüsusda qlobal Şimal və Cənub arasında birliyə nail olmaq istiqamətində səylərini davam etdirəcəyini də söyləyib. Dövlətimizin başçısının bu cür görüşlərdə tez-tez iştirak etməsi Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədəki aktivliyini bir daha təsdiqləyir. Bütün bunların fonunda bir daha deyə bilərik ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təmin olunması və iqlim dəyişmələri ilə mübarizə üzrə üzərinə götürdüyü bütün öhdəliklərə sadiqlik nümayiş etdirir.

Nəzrin ELDARQIZI,

"Respublika".