Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının təsis edilməsi onun inkişafına mühüm dəstəkdir
Digər xəbərlər

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının təsis edilməsi onun inkişafına mühüm dəstəkdir

Azərbaycan 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatının  fəaliyyətini dəstəkləməklə Bandunq prinsiplərinin təşfiqinə böyük töhfələr verib. 2019-cu ildən Hərəkata sədrlik edən dövlətimizin bu təsisatın institusional inkişafına dəstək verməsilə onun təşkilat kimi formalaşması yolunda mühüm addımlar atılıb. Burada iki əsas amil özünü ön plana çıxarır. Sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təsisatın sistematik şəkildə inkişafına yönəlib.

2012-ci il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasında 60 ildən sonra üzv ölkələr arasında əməkdaşlığın parlament təcrübəsinin əsası qoyulub. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunmasına dair Madrid Bəyannaməsi qəbul olunub. Bununla da Parlament Şəbəkəsinin təsis edilməsi ilə Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına və təbliğinə böyük töhfələr verilib. Parlament Şəbəkəsinin yaradılması Hərəkata üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər. Parlament Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq, qurumun böyük tədbirlərində bəyannamə sənədlərinə uyğun olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vəzifə və öhdəliklərinin gerçəkləşdirilməsinə parlament dəstəyi verərək, o cümlədən Parlamentlərarası İttifaqla davamlı əlaqələr yaradacaq.

Tədbirdə çıxış etmiş parlamentarilər xüsusilə vurğulamışdı ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Parlament Şəbəkəsi dialoq, əməkdaşlıq, demokratiyanın gücləndirilməsi üçün yeni platforma olacaq.

2022-ci il iyunun 30-da paytaxtımız növbəti dəfə qlobal tədbirlərə evsahibliyi etmişdi. Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb. Dövlət başçısı İlham Əliyev konfransın açılış nitqində bildirmişdi ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Ölkəmizin mühüm və ayrılmaz hissəsinə çevrilən gənclər siyasəti Azərbaycanın sədrlik etdiyi qurumda da özünü göstərir. Gənclərin daim yeniliyə can atması və dünyanın modernləşməsi yolunda əsas hissəyə çevrilməsini nəzərə alaraq, Qoşulmama Hərəkatında Gənclər Şəbəkəsinin yaradılması bu qurumun 4 ildə əmin əllərdə olduğunun sübutudur. İstedadlı və yaradıcı gənclərlə iş aparmaq məqsədilə bu şəbəkənin yaradılması vacib amillərdəndir. Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparmaq imkanlarının olması onlar üçün yaradılan yeni perspektivdir.  Belə mötəbər şəbəkənin yaradılması gənclərə imkan verəcək ki, onlar da təsisatın idarəçiliyində müvafiq tədbirlərin həyata keçirilməsində söz sahibi olsunlar.

Hərəkatın sədri İlham Əliyev təsisatın institusional inkişafı və beynəlxalq nüfuzunu artırmaq məqsədilə 2022-ci il  iyulun 25-də Bakıda 60-dan çox ölkənin iştirakı ilə QH-nin Gənclər Sammitinin keçirilməsinin təşəbbüskarı oldu. Azərbaycan yeniliklərə imza ataraq BMT-dən sonra üzv sayına görə ikinci ən böyük quruma analoqu olmayan töhfələr verib. 2022-ci ilin iyul ayında Şuşa Razılaşması əsasında Hərəkatın Gənclər Təşkilatı yaradıldı və təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Bu təşkilatın yaradılmasındakı məqsədini dövlət başçısı belə izah etmişdi: "…Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır…".

Bu il Azərbaycan sədrlik estafetini digər ölkəyə ötürəcək. Lakin ölkəmizin sədrlik etdiyi bu illər QH tarixinin səhifələrinə qızıl hərflərlə yazılacaq.

Musa BAĞIRLI,

"Respublika".