Rəsmi Parisin təxribatçı mövqeyi dəyişmir
Siyasət

Rəsmi Parisin təxribatçı mövqeyi dəyişmir

Antiterror tədbirləri nəticəsində artıq Xankəndi və ətrafında qanunsuz yerləşmiş separatçılar tərk-silah edilir. Qarabağda separatizmin kökü kəsilir və regionda sabitlik təmin edilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu prosesləri mülki əhaliyə zərər vermədən həyata keçirir. Ölkəmizin qanunları ilə yaşamaq istəyən erməni əhalisi vətəndaşlıq üçün müraciət edir və dövlətimiz digər vətəndaşları kimi onların da hüquqlarının qorunması ilə bağlı hər cür təminat verir. Xankəndiyə işığın verilməsi ilə enerji infrastrukturu Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Bu isə reinteqrasiyanın sürətlənməsi deməkdir. Həmçinin Ağdam-Xankəndi yolu işləyir, Tərtər istiqamətindəki yollar da bərpa olunur.

Azərbaycan bir günlük lokal antiterror tədbirləri ilə öz daxili məsələlərini həll etməyə qadir olduğunu göstərdi və bütün bu proseslər regionda sülhə ümid yaradır. Həmçinin reinteqrasiya prosesini sürətləndirir. Lakin özünü Ermənistanın sözçüsü kimi aparan bəzi ölkələr regiona siyasi müdaxilə cəhdlərindən əl çəkmək istəmir.

Fransa Prezidenti Emmanuel Makron "TF-1" telekanalına müsahibəsində bir daha qatı ermənipərəst mövqeyini ortaya qoyub və Azərbaycanın ünvanına ittihamlar səsləndirib. Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsinə baxmayaraq, rəsmi Paris Qarabağda erməni sakinlərin "fiziki təzyiqlərə məruz qaldığı"nı iddia edib. Makron heç bir fakt göstərmədən, Azərbaycanın əleyhinə fikirlərlə çıxış edib. O, rəsmi Bakını bu tədbirlərə başlamağa məcbur edən səbəbləri, o ərəfədə 10-a yaxın azərbaycanlının ermənilərin basdırdığı mina qurbanı olduğu kimi faktları gözardı edib. Fransa dövlət başçısı müsahibəsində Ermənistanın ərazi bütövlüyünə qarşı "çox diqqətli" olacaqlarını deyib. Baş nazir Nikol Paşinyan isə bildirib ki, Qarabağda baş verənlərin Ermənistana heç bir aidiyyəti yoxdur. Rəsmi İrəvanın belə Qarabağda insan hüquq və azadlıqlarının pozulmadığını bildirməsinə baxmayaraq, Fransa lideri üzərinə vəkil vəzifəsi götürərək canfəşanlıq edir, saxta faktlarla çıxış edir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti E.Makronun "TF1" və "France 2" kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində deyib: "Biz Fransa hökumətini qərəzli əməllərindən əl çəkməyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq".

Rusiya sülhməramlıları tərəfindən də qeyd edilib ki, Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında müharibə deyil, lokal antiterror tədbirlər həyata keçirib. Bundan sonra, Emmanuel Makron "Rusiya Azərbaycanın ortağıdır və Ermənistanın ərazi bütövlüyünü təhdid edir" bəyanatı ilə çıxış edib. Rusiya Xarici İşlər Nazirliyi Fransa Prezidentinin bu bəyanatına münasibət bildirib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Fransa Prezidentini xəyalpərəst adlandırıb. "Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?! Bunları demək üçün ancaq gərək zəngin fantaziyaya malik olasan", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı iki iclasın keçirilməsinə səbəb olan Fransa liderinin hər iki cəhdinin uğursuz olması Makronun erməni icması arasında nüfuzunu zədələyir.

Cənubi Qafqaz problemləri ilə məşğul olmaqdan yorulmayan Fransa görünür, öz daxili problemlərini unudub. Sentyabrın 24-də Prezident Emmanuel Makron Fransa qoşunlarının Nigerdən çıxarılacağını və ölkədəki səfiri geri çağırdığını elan edib. "Milli birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen "France Inter" radiosunun efirində deyib: "Bu çox kədərlidir, çünki Fransanın Afrikadan qovulması təəssüratını oyadır. Başqa yolumuz yox idi. Biz alçaldıcı şərtlərlə səfirimizi geri çağırır və ordumuzu çıxarırıq. Bütün bunlar Fransa diplomatiyasının ciddi uğursuzluğudur", - deyə siyasətçi bildirib.

Fransa indiyədək regionda sülhün təmin edilməsi vəzifəsini yerinə yetirən vasitəçi kimi deyil, sadəcə öz siyasi maraqlarını düşünən tərəf kimi çıxış edib. Fransa bu fəaliyyəti ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində qərəzli mövqe tutduğunu bir daha sübut edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".