Revanşizmin təbliğatçısı AŞPA
Siyasət

Revanşizmin təbliğatçısı AŞPA

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) sentyabr ayında Azərbaycanın Qarabağdakı lokal antiterror tədbirlərini pisləyən qətnamə qəbul edib. Sənəddə Qarabağın erməni əhalisinin guya məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı iddia edilir. Bununla yanaşı, qətnamədə onların Azərbaycan hakimiyyətinin "ermənifobiya siyasəti" səbəbindən öz vətənini tərk etdiyi barədə sərsəm fikirlər də yer alıb.

Həqiqəti əks etdirməyən bu cür sənədlərin qəbulu AŞPA-nın timsalında bəzi beynəlxalq təşkilatların siyasi məsələlərə selektiv yanaşmasının və işğalçı dövləti dəstəkləməsinin əyani sübutudur. Məsələnin əsli isə hər kəsə məlumdur. Qarabağda qalmaq, yaxud bölgəni tərk etmək prosesi könüllü şəkildə aparılır. Regionda məskunlaşan ermənilər isə Azərbaycan vətəndaşlığını qəbul etməyiblər və onlara Qarabağ iqtisadi rayonunu tərk etmələri üçün heç bir təzyiq göstərilməyib. Bu isə birbaşa Azərbaycanın humanist siyasətindən, reinteqrasiya prosesini dəstəkləməsindən irəli gəlir. Amma bəzi beynəlxalq qurumlar ölkəmizin bu cür xeyirxahlığını gözardı edir, ermənilərin uzun illərdir davam edən yalanlarına inanmağı üstün tutur. AŞPA kimi qurumlar da erməni lobbisinin təsiri altındadır. Ölkəmizə qarşı AŞPA tərəfindən qəbul olunan qətnamədə də erməni təsiri duyulur. Çünki həmin sənəddə əsas istiqamət bölgədə saxta "humanitar vəziyyət" yaratmağa yönəlib. Bu isə ermənilərin elə "humanitar şousu"nun davamıdır.

Halbuki, Azərbaycan hökuməti daim Qarabağda bütün sosial-iqtisadi problemlərin həll edilməsi, humanitar sahədə dəstəyin göstərilməsi, reinteqrasiya məsələlərinin həll olunması kimi bir sıra təşəbbüslərlə çıxış edib. Rəsmi Bakı elə əvvəldən reinteqrasiya prosesinin sürətləndirilməsinə maraq göstərməklə yanaşı, təmasların qurulmasına və kommunikasiyaların açılmasına çalışıb. Hazırda ermənilərin Azərbaycan vətəndaşlığını daşıması, manatımızın dövriyyəyə buraxılması, kommunal təminatın dayanıqlığının həll olunması istiqamətində mühüm işlər görülür. Artıq Xankəndi şəhəri Azərbaycanın elektrik enerjisi hesabına işıqlandırılır. Qeyd etdiklərimiz, Azərbaycanın öz ərazilərində yaşayan digər millətin nümayəndələrinə qarşı göstərdiyi qayğı və diqqətin nümunəsidir. Şübhəsiz, heç bir hüquqi qüvvəsi olmayan AŞPA-nın bu cür qətnamə qəbul etməsi regionda revanşizmə təhrikdir. Bu isə birbaşa "erməniçiliyin" təbliğatına gətirib çıxarır. Bu baxımdan, AŞPA-nın bu cür mövqe sərgiləməsi qəbuledilməzdir.

Sözsüz ki, qurumun bu qərəzli davranışı cavabsız qalmayıb. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın son qətnamə və tövsiyəsinə dair öz şərhini yayımlayıb. Bildirilib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il 12 oktyabr tarixli 2517 (2023) saylı qətnaməsi və 2260 (2023) saylı tövsiyəsi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə ziddir. Bununla yanaşı, terrorçuluğa qarşı 24 saatlıq lokal mübarizə tədbirlərinə aparan hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsi, qurumun Azərbaycanın humanitar hüquqa hörmətinə və erməni əsilli yerli mülki sakinlərin insan hüquqlarının pozulmasının qarşısını almaq üçün ölkəmiz tərəfindən həyata keçirilmiş lazımi tədbirlərə məhəl qoymaması AŞPA çərçivəsində ölkəmizə qarşı uzunmüddətli qərəzin göstəricisidir. Bu yerdə dahi Nizaminin sözlərini yada salmaq yerinə düşər:

Var doğru yazmağa madam ki imkan,                                           

Neçin gəlsin gərək ortaya yalan?!

Sözün qiymətini saldı yalanlar,

Doğrunu danışan hörmətli olar…

Nizaminin fikirlərinə əsaslanaraq deyə bilərik ki, AŞPA-nın bu cür qərəzli və həqiqəti əks etdirməyən qətnamələri qurumu hörmətdən salmaqdan başqa bir işə yaramayacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".