Sağlam toxum bol məhsul deməkdir
Region

Sağlam toxum bol məhsul deməkdir

Ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi önəm kəsb edən taxıl istehsalının artırılması dövlətin aqrar siyasətinin başlıca istiqamətlərindən biridir. Bu istiqamətdə respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar.

Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxumçuluğun inkişafı strateji hədəf kimi qarşıya qoyulub. Dövlət Toxum Fondu tərəfindən ölkədə toxumçuluq və bitkiçilik sahələrinin inkişafı, o cümlədən, toxum ehtiyatlarının qorunması, strateji əhəmiyyətli toxumların kütləvi istehsalı istiqamətində mütəmadi iş aparılır. Məqsəd fermerləri mövcud bazar qiymətlərindən daha aşağı qiymətə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.

Hazırda toxumçuluğun inkişaf etdirilməsi məqsədilə respublikamızda 5 toxum emalı zavodu fəaliyyət göstərir. Onlardan biri də Ağcabədi Toxum Emalı Zavodudur. Müəssisə bir hektar ərazidə salınıb və burada inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular quraşdırılıb. Zavodun emal gücü saatda 5 tondur. Zavodda quraşdırılan qurğular vasitəsilə emal olunan toxumları 98,5 faiz təmizləmək mümkündür. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır. Zavodda həm iri şirkətlərin, həm də fermer və sahibkarların istehsal etdikləri toxumlar emal olunur.

Toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması müəssisədə həyata keçirilir. Toxumun yararlılığı laboratoriyada müəyyən edilir. Cari ildə müəssisədə 3 min tona yaxın toxum emal edilərək sifarişçilərə çatdırılıb. Müəssisə bölgədə məhsul istehsalının artırılmasında mühüm rol oynayır.

Qeyd edək ki, Ağcabədi  respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin edilir. Yeri gəlmişkən, qeyd edək ki, yeni taxıl sortlarının yaradılması və toxumçuluğun inkişafı məhsuldarlığın artmasına müsbət təsir göstərir. Həmçinin taxıl ehtiyatlarının yaradılması zamanı ərzaqlıq buğdanın yeni standartın tələblərinə uyğun tədarük edilməsinə, dövlət ehtiyatları kimi saxlanılan buğdanın keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsinə, nəticə etibarı ilə əhalinin daha keyfiyyətli un və çörək məmulatları ilə dayanıqlı təminatına imkan yaradır.

                                              Salman ALIOĞLU,

                                                “Respublika”.