Şanlı tariximizi yazan qəhrəmanlar
Region

Şanlı tariximizi yazan qəhrəmanlar

44 günlük haqq savaşımızda Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar sırasında Masallı rayonunun Tatyanoba kəndində dünyaya göz açan Rəşid Güləhməd oğlu Lətifovun adı da böyük iftixarla çəkilir. Vətənin dar günündə silaha sarılıb düşmənə qarşı döyüşə girəndə o, ömrünün iyirminci ilini yaşayırdı. Ölümün gözünə dik baxıb son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Masallı camaatı Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda dünyasını dəyişən, milyonların ürəyində özünə əzəmətli abidə ucaldan öz qəhrəman oğlunu hər yerdə, hər zaman böyük ehtiramla xatırlayır, onun keçdiyi qısa, lakin şərəfli ömür yolunu örnək olaraq nümunə göstərirlər. Döyüş zamanı göstərdiyi qəhrəmanlıq isə dövlət tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda" medalına layiq görülüb. Bu günlərdə təhsil aldığı Güllütəpə kənd tam orta məktəbində Rəşidin 24 yaşı münasibətilə təşkil olunan tədbirlər xatirəsi anılıb.

Rayon rəsmilərinin, müharibə iştirakçılarının, şəhid ailə üzvlərinin, müəllim və şagirdlərin, kənd sakinlərinin qatıldığı anım mərasimində məktəbin direktoru Qədir Muxtarov deyib: - Bəri başdan bildirim ki, şəhid qəhrəmanımız Rəşid Lətifov təkcə öz doğmaları üçün deyil, bütün xalqın qürur yeridir. Rəşid kimi qeyrətli oğullarımız yazdıqları qəhrəmanlıq salnaməsi ilə millətin qəlbində əbədi yaşayacaq.

Tarix yazan Rəşid Lətifov 2018-ci ilin yanvarında hərbi xidmətə çağırılıb. Tərxis olunandan sonra, yəni 2019-cu ilin avqustunda MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən "N" saylı hərbi hissədə davam etdirib. İkinci Qarabağ müharibəsində Füzuli rayonunun azadlığı uğrunda göstərdiyi şücaəti dillərdə dastana dönüb. Son döyüş yeri Murovdağ istiqamətində olub. 1 oktyabr 2020-ci ildə canını Vətənə fəda edib.

Mərasimin sonunda məktəblilərin ifasında şəhidin anası Sevinc xanımın igid övladına həsr etdiyi şeirləri səslənib.

Z.ORUCOĞLU.