Xaçmazda  torpaq kanallar beton üzlüyə alınır
Region

Xaçmazda  torpaq kanallar beton üzlüyə alınır

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda bildirilir ki, ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda fermerlərin suvarma suyu ilə təminatı istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır.  Bu torpaq sahələri kanallar, çaylar, qarasular, bir qismi isə  artezian suları ilə suvarılır. Su mənbələri isə Samur-Abşeron və Xan arxı kanallarıdır. Su istehlakçılarını keyfiyyətli suvarma suyu ilə təmin etmək məqsədilə iki min metr uzunluğunda torpaq kanal hazırda beton üzlüyə alınır.

Yeni beton kanalların çəkilməsi fermerlərin də işini xeyli asanlaşdırır. Bağ və sahələrin vaxtında suvarılması  həm də məhsuldarlığın yüksəldilməsinə təsir edir. Bununla yanaşı, rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək çay məcraları tənzimlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur.

Qeyd edək ki, Xaçmaz rayonunda sahələri suvarmaq üçün 2 min 180 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Bu kanalların 1790 kilometri torpaq, 220 kilometri isə beton məcralıdır. Ötən il rayon ərazisində 3 min metrdən artıq torpaq məcralı kanal beton üzlüyə alınıb  və   proses   bu   il   də   davam    etdirilir.

Nəriman  CAVADOV,

“Respublika”.