Şəhid mayorun ailəsi ziyarət olunub
Region

Şəhid mayorun ailəsi ziyarət olunub

Qax

Qax rayonunda şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilir, onların qayğı və problemləri yerində öyrənilir və operativ surətdə həlli üçün müvafiq tədbirlər görülür. Bu məqsədlə rayon icra hakimiyyətinin və yerli təşkilatların əməkdaşları tərəfindən şəhid ailələrinin evlərində mütəmadi görüşlər keçirilir, vəziyyətləri ilə maraqlanırlar. Görüş və qəbullarda onların qayğıları birinci öyrənilir, arzu və istəklərinin çatdırılması üçün hərtərəfli şərait yaradılır.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev aparat əməkdaşları ilə birlikdə növbəti görüşündə vətənimizin ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan tabor komandiri, mayor Aqil Omarovun ailəsinin vəziyyəti ilə əyani tanış olub. Şəhidin evində keçirilən görüşdə tabor komandirinin peşəkarlığından, döyüş rəşadətindən, vətənpərvərliyindən, igidliyindən və gənclərə örnək həyat yolundan danışılıb. Şəhidin həyat yoldaşı Elza Omarova Aqilin qəhrəmanlığının və döyüş rəşadətinin xalqımız və dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyindən danışaraq ailəsinin və əzizlərinin bundan qürur hissi keçirdiyini bildirib.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirən Elza xanım iki oğlunu da ataları kimi vətənpərvər böyüdəcəyini bildirdi. Qeyd etdi ki, arzum budur ki, Uğur və Sübhan qəhrəmanlıqları ilə atalarının ruhunu şad etsinlər.

M.NƏRİMANOĞLU,

"Respublika".