Şəhidin adına park istifadəyə verilib
Region

Şəhidin adına park istifadəyə verilib

Mustafayev Ömər Əbdül oğlu Qubanın dağ kəndində - Zeyiddə doğulmuşdur. Sonralar ailəsi köçüb Amsarqışlaq kəndində məskunlaşıb. O, 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin  sıralarında həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yollanıb. Silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda vuruşub. Füzuli, Cəbrayıl, Xocavənd ərazilərində gedən qanlı vuruşmalarda hünər və qəhrəmanlıq nümunələri göstərib. İgid döyüşçü oktyabrın 21-də Xocavənddə ağır döyüşlərin birində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə  görə  Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən Ömər Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından köməyi ilə doğma Amsarqışlaq kəndində Ömər Mustafayevin adına mədəniyyət və istirahət parkı yaradılmışdır. Parkın açılış mərasimində rayonun rəhbər işçiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, kənd camaatı, məktəblilər iştirak etmişdir.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş,  Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Mərasimdə çıxış edən Quba RİH-in başçısı Ziyəddin Əliyev bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda həyatlarını fəda etmiş igid oğullarımız heç vaxt unudulmur. Möhtərəm Prezidentimiz İlham Əliyev şəhid ailələrinə və qazilərə xüsusi qayğı və diqqət göstərir. Onlar sosial xidmətlərlə əhatə olunur. Şəhidlərin adları əbədiləşdirilir. Quba şəhərinin yeni yaşayış məhəllələrindəki bir çox küçələrə şəhidlərin adı verilib. İndi şəhərdəki məktəblərin ikisi Vətən Müharibəsi qəhrəmanları – Niftəliyev Mehrab Söhrab oğlu və Allahyarov Şahin Hüseynbala oğlunun adını daşıyır. Bu park kənd camaatının, xüsusilə gənclərin ziyarət yerinə çevriləcək.

Şəhidin valideynləri, döyüş yoldaşları, kənd sakinləri Ömərin keçdiyi qısa, lakin mənalı həyat yolundan danışmışlar. Amsarqışlaq və qonşu Bağbanlı kənd məktəbləri şagirdlərinin şəhidlərə  həsr olunmuş ədəbi-bədii kompozisiyası təqdim olunmuşdu. Sonda Quba Rayon İcra Hakimiyyətinin başçısı Z.Əliyev şəhid ailələri ilə birlikdə parkda şəhidin “Xatirə lövhəsi”nin açılışını etmişdir. “Xatirə lövhəsi”nin qarşısına gül dəstəsi düzülmüşdür.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.