Siyasi iradə və iqtisadi güc əsasında aparılan möhtəşəm quruculuq
Siyasət

Siyasi iradə və iqtisadi güc əsasında aparılan möhtəşəm quruculuq

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı görüləcək işlər ölkə başçısının müraciətində xüsusi vurğulanmışdır

"Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam. Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir". Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, on günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.

Zəfərimizin tacı Şuşadan Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Qalib  sərkərdə, Prezident İlham Əliyevin müraciəti onun xalqımızın əbədi Liderinə   hesabatı idi. 2020-ci ildə yenilməz və qəhrəman Azərbaycan hərbçilərindən Şuşanın azad olunması raportunu alan Ali Baş Komandan elə həmin meydanda təxminən 3 il sonra xalqımızın əvəzolunmaz övladının yubiley günündə ona məruzə edirdi. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi: "Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!".

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və Atatürk, 8 Noyabr, Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin, Dəmir Yumruq küçəsinin,  Şuşa OtelKonqres Mərkəzi Kompleksinin açılışlarında, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının, Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak edib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən "Heydər Əliyev və Qarabağ" fotosərgisi ilə tanış olub və Gül Festivalında iştirak ediblər.

Böyük Qayıdış proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzura qayıdış sürətləndirilir. Qısa müddət ərzində böyük irəliləyişlər əldə edilən ərazilərin bəzilərində artıq yaşayış üçün şərait yaradılıb. Zəngilanın Ağalı kəndinin sakinlərindən sonra Laçın sakinləri də öz doğma yurdlarına qayıtmağa hazırlaşırlar. Bunun üçün şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür. İlkin olaraq isə təhlükəsizliyin tam təmin olunması məqsədilə 2020-ci ilin noyabrından 68 min hektardan çox ərazi minadan təmizlənib. Qarabağ və Şərqi Zəngəzurun yol infrastrukturu da yenidən qurulur, Zəngəzur dəhlizinin açılması üçün dəmir və avtomobil yolları çəkilir. Artıq Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi üzrə işlərin 73 faizi icra olunub. Yol üzərində ümumi 27 körpü tikilir və onların 12-si artıq tamamlanmaq üzrədir. Yük və sərnişindaşıma həyata keçiriləcək 9 stansiyadan ibarət Horadiz-Ağbənd dəmiryolunun tikintisi üzrə isə birinci mərhələdə işlərin 90 faizi tamamlanıb. 2022-ci ilin may ayında təməli qoyulan Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində 330 kilovoltluq "Cəbrayıl" Qovşaq yarımstaniyasında işlər davam edir və yekun mərhələsinə daxil olub. Qarabağ və Şərqi Zəngəzurdakı çaylarda su ehtiyatının monitorinqini və qiymətləndirilməsini aparmaq üçün 2021-ci ildən başlayaraq müasir avtomat stansiyalar quraşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına xarici investorların cəlb edilməsi istiqamətində də mühüm addımlar atılıb.

Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. İnfrastruktur layihələrin icrası, dəmir, avtomobil yolları, elektrik enerjisi ilə təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır. Ağalı və Talış kəndlərinin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük. İcra olunmuş layihələr bütün dünyaya gələcək Qarabağın və Şərqi Zəngəzurun simasının necə olacağını göstərir.

Vaxtilə hədəf ərazi bütövlüyümüzün bərpası idisə, hazırda bu məqsədə nail olan qalib Azərbaycan bütün diqqətini Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəlməsinə yönəldib. Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlərə diqqət yetirsək görərik ki, işğaldan azad edilmiş ərazilər - Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı necə sürətlə inkişaf etməkdədir.

Azərbaycanı Naxçıvan və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər ölkə başçısının formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir. Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin postkonflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının təmin edilməsi üçün səfərbər etməkdir.

Azərbaycan  Prezidenti İlham Əliyev  Şuşadan müraciətində qətiyyətlə və inamla bildirib: "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik".

Mustafa KAMAL,

"Respublika".