Tarixi diyarımız Cəbrayıl yenidən dirçəlir
Sosial həyat

Tarixi diyarımız Cəbrayıl yenidən dirçəlir

Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonu cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıq olan rayon 1049 kvadratkilometr sahəyə malikdir. Tarixi diyarımız Cəbrayılın 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğalı nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Rayon işğal edildikdən sonra soydaşlarımız ölkənin bir çox ərazilərində məskunlaşıb. 4 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonu işğaldan azad olundu.

İşğaldan azad olunduğu gündən bu yana rayon sürətlə yenilənir, inkişaf edir. Bu günə qədər bir çox mühüm işlər başa çatıb. Bu il mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri çərçivəsində Xudafərin qəsəbəsinin təməlini qoyub. 

Qeyd edək ki, qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək. Burada məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və sair), mədəniyyət evi, "Karvansaray" hotel və icma evi də inşa olunacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında park salınacaq.

Elə həmin gün ölkə başçımız 330 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyasının açılışını edib. Xatırladaq ki, bu stansiyanın ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi layihəsi çərçivəsində təməli qoyulub. 330/110 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq "Ağcabədi-Cəbrayıl" ötürmə xətti "Azərenerji" tərəfindən rekord müddətdə - bir ildə tikilib və 330 kV-luq "Ağcabədi" yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub.

İlk növbədə, Qarabağ və Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı və fasiləsiz elektrik təchizatına nail olmaq, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, BP günəş və digər bərpaolunan enerji mənbələrində, həmçinin "Xudafərin" və "Qız qalası" elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə "Azərenerji" tərəfindən tikilən 25 su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün "Cəbrayıl" enerji qovşağının istismara verilməsi xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün də "Cəbrayıl" qovşaq yarımstansiyasının əhəmiyyəti böyükdür.

Prezident İlham Əliyev mayın 4-də "Cəbrayıl" qovşaq yarımstansiyasını işə salıb. Yarımstansiyada üçmərhələli ölkələrarası enerji layihəsini həyata keçirmək üçün "Cəbrayıl" enerji qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. Həmçinin burada avtomatik açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Ölkə başçımız akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Qeyd edək ki, 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

İşğaldan azad edilən ərazilərimizdə əsas problemlərdən biri də problemin həlli məqsədilə yol məsələsi idi. İkinci Qarabağ müharibəsi bitdikdən sonra magistral yollarda sürətlə bərpa işlərinə başlanıb. Belə ki, mayın 5-də ölkə başçımız Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib. Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunan yolun uzunluğu 42 kilometrdir. Köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Prezident İlham Əliyevin tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.

İşğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçən avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak ediblər. Bölgə Sənaye Parkının fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisi əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malikdir. Həmçinin Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdəndir. Parkın yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi onun ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışının olmasını təmin edəcək. Bu avtomobil və dəmir yolları isə Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq. Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Həmçinin Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Parkın rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və sair) təmin edilir. Eyni zamanda, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək göstərilir.

Sənaye Parkı ilə yanaşı, Rusiya və Azərbaycanın birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Burada işğaldan azad edilmiş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, bununla yanaşı, yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək. Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb, həmçinin texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək.

Mərkəzdə mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Həmçinin Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.

Sürətlə davam edən yenidənqurma işləri, bölgələrimizin ən son texnologiyalarla təchiz edilməsi regionda ölkəmizin gücünü daha da artırır. Son 3 ildə işğaldan azad edilən ərazilərimizdə yüksək keyfiyyətli işlər görülüb. Ölkə başçımız görülən işlərlə yaxından maraqlanır və mütəmadi olaraq bölgələrimizə səfərlər edir. Cəbrayıl rayonunun işğaldan azad edilməsinin 3-cü ilinə az qalmış Prezident İlham Əliyev rayona gedərək bölgəyə baxış keçirib. Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi - Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Daha sonra Prezident İlham Əliyev "Azərişıq" ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

 

Töhfə SƏMƏDOVA,

"Respublika".