Siyasət

"Top kimi" oynadılan Ermənistan və ləngidilən sülh

"2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı söyləyib. Ölkə başçımız, həmçinin Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqlarının Azərbaycanın suveren ərazilərində qalmasını və burada "prezident seçkiləri" keçirməsini ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid olduğunu qeyd etmişdir.

Düşmən ölkənin 30 illik işğalçılıq siyasətinə, təxribatlarına son qoymaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı genişlənərək Vətən müharibəsinə çevrildi. Öz torpaqlarında düşmənə cavab verən qəhrəman Azərbaycan oğulları işğal altında olan ərazilərini azad etmək üçün Vətən yolunda döyüşə atıldı, hər qarış torpaq uğrunda canından belə keçməyə hazır olduğunu hərb meydanında sübuta yetirdi. Üçrəngli bayrağımızı al qanı ilə boyayan igid oğullarımız torpağına göz dikən düşməni diz çökdürdü. 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladıqları üçtərəfli Bəyanatla son qoyuldu. Üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlarsız öz sahibinə qaytarıldı. Sonrakı mərhələdə isə həmişə olduğu kimi, riyakar, sözündən boyun qaçıran qarşı tərəf üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədi və Ermənistan bu mövqeyini hələ də davam etdirir.

Ölkəmizin sülh təklifini hər dəfə bir bəhanə ilə gecikdirən, münasibətlərin normallaşmasına doğru müsbət addım atmayan Ermənistan 44 günlük müharibənin son nöqtəsi olan üçtərəfli Bəyanatın bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyini ehtiva edən 9-cu bəndi yerinə yetirməməklə regionda nəqliyyat əlaqələrinin blokada vəziyyətindən çıxmasına hələ də imkan vermir. Halbuki Ermənistan kapitulyasiya aktını imzalayarkən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət vermişdi. Hər zaman olduğu kimi, sözü bir, əməli başqa olan işğalçı ölkə Azərbaycanın ciddi cəhdlərinə məhəl qoymayaraq Zəngəzur dəhlizinin açılmasına razılıq vermir. Heç bir ölkə ilə dəmiryolu əlaqəsi olmayan Ermənistan bununla hər şeydən əvvəl, özünü regionda reallaşdırılan beynəlxalq səviyyəli layihələrdə iştirakdan təcrid edir. Eyni zamanda bütün Türk dünyasını birləşdirəcək və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməklə Qərbdən Şərqə uzanan ticarət yolu olacaq Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Ermənistan isə havadarlarının yalan vədlərinə uyaraq buna mane olur.

Cənubi Qafqazda yerləşmək üçün Ermənistanı alət edən bəzi qərb dövlətlərinə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması qətiyyən sərf etmir. Regionda vəziyyəti gərgin saxlamaq, Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq təklif etdiyi 5 baza prinsipindən ibarət sülh sazişinin imzalanmasına mane olmaq qərbin bir çox dövlətləri üçün ən optimal variantdır. Qərb regionda öz varlığını təmin etməkdən ötrü mövqesiz Ermənistandan istifadə edir. İkinci Qarabağ müharibəsindən ötən 3 il ərzində Zəngəzur dəhlizinin işə düşməməsi, sərhədlərin delimitasiya və demarkasiyasının aparılmaması və bütün bunların fonunda sülh sazişinin imzalanmaması Qərbin Cənubi Qafqaz xülyasının nəticəsidir. Hələ 2021-ci il noyabr ayının 26-da Soçidə keçirilən üçtərəfli görüşdə ölkə başçımız bildirmişdir ki, "Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq". Həmin görüşdə Rusiya Prezidenti Vladimir Putin regionda vəziyyətin normallaşması və yaxın zamanlarda nəqliyyat kommunikasiyalarının işə salınması üçün zəruri tədbirlərin görüləcəyini bildirmiş, sərhədlərin tanınmasında nəinki Azərbaycan və Ermənistanın, Rusiya və eləcə də böyük əmtəə dövriyyəsinə malik olan digər qonşu ölkələrin də maraqlı olduğunu qeyd etmişdir. Rusiya Federasiyasının Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin yaxın vaxtlarda nizama salınması barədə razılığa gəlindiyini və sovet ittifaqı dönəmində sərhədlərin dəqiq müəyyənləşdirilməməsinin məsələnin həllini çətinləşdirməsinə baxmayaraq, bunu həyata keçirmək üçün imkanların olduğunu demişdir.

Bu günlərdə Səmərqənddə keçirilən 16-cı Verona İqtisadi Forumunda iştirak edən Rusiya baş nazirinin müavini Aleksey Overçuk da Ermənistan-Azərbaycan sərhədinin demilitasiyası prosesinə ölkəsinin kömək göstərməyə, Rusiyanın tarixən mövcud olan sənədləri və kartoqrafik məlumatları təqdim etməyə hazır olduğunu bildirib. Lakin futbol topu kimi oyun meydanında qapıdan-qapıya vurulan, bu oyunların qurbanına çevrilən Ermənistan hələ də regionda sülhün reallaşmasına yönəlik addım atmır. Ermənistanın mövqesizliyi, bu ölkədə müstəqilliyin formal xarakter daşıdığı bütün dünyaya bəllidir. Verdiyi heç bir sözə əməl etməyən, riyakar, təxribatçı hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirərək onun-bunun kölgəsində daldalanan Ermənistan əvvəl-axır nə istədiyinə qərar verməlidir, əgər buna cəsarəti çatacaqsa...

M.VƏLİQIZI,

"Respublika".