Torpaq məcralı kanallarda lildəntəmizləmə işləri davam etdirilir
İQTİSADİYYAT

Torpaq məcralı kanallarda lildəntəmizləmə işləri davam etdirilir

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Goranboy Suvarma Sistemləri İdarəsi rayonun 61740 hektar əkin sahələrinin suvarılmasına xidmət edir. Bundan əlavə olaraq əkin üçün istifadə olunan 4 min hektar örüş sahəsi, 10500 hektar Dövlət fondu torpaqları, 7 min hektar bələdiyyə torpaqları olmaqla, daha 21500 hektar əkin sahələrinin suvarılması da idarənin üzərinə düşür ki, faktiki olaraq idarə tərəfindən rayonun 83240 hektar əkin sahələrinin suvarılması təmin olunur.

 Əkin sahələrinin su təminatının yaxşılaşdırılması, sahələrə suvarma suyunun daha asan və itkisiz çatdırılması üçün torpaq məcralı kanallar daim lildən təmizlənir. Bunun üçün idarənin texnikaları bir neçə istiqamətdə bu işləri icra edir. Hazırda yağan leysan yağışları nəticəsində təkrar lillənməyə məruz qalan kanallar da lildən təmizlənərək suyun axını təmin olunur.

İdarənin balansında olan əkin sahələrinin suvarılmasına 968 ədəd subartezian quyusu, 16 ədəd nasos stansiyası, Sol Sahil Tərtər kanalı, Şəmkir Maşın kanalı, Kürəkçay çayı, Qaragoran və İnçə çayları xidmət edir. Bu il subartezian quyularının 15 ədədinin bərpasına başlanılıb. Yaxın günlərdə isə 10 ədəd yeni subartezian quyusunun qazılmasına başlanacaqdır. 2023-cü ilin 6 ayı ərzində 480 ədəd subartezian quyusunun nasosları təmir olunaraq quyunun iş rejimi yenidən bərpa olunub, 35 subartezian quyusuna yeni nasoslar salınıb. Bu ilin 6 ayı ərzində daxili Səfikürd nasos stansiyasının boru xəttində 55, 1 nömrəli Borsunlu nasos stansiyasının boru xəttində 70, Boluslu nasos stansiyasının boru xəttində 40, Qızılhacılı nasos stansiyasının boru xəttində 55 metr təmir işləri görülərək, boru xətlərində olan nasazlıqlar aradan qaldırılıb.

Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsi tərəfindən 2023-cü ilin 6 ayı ərzində torpaq su kanallarında 330 min kubmetr lildən və kol-kosdan təmizləmə işləri görülüb, o cümlədən 32 min kubmetr çay məcralarında tənzimləmə işləri həyata keçirilib.

N.ƏHMƏDOĞLU,

"Respublika".