UÇURUMA APARAN YOL
Sosial həyat

UÇURUMA APARAN YOL

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq dünyanın əksər ölkələrini narahat edən ən ciddi, qlobal, sosial bəlalardan biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkomaniyanın genişlənərək cəmiyyətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının artması, narkotiklərə alüdə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının sürətlə çoxalması ciddi narahatlıq doğurur.

Həyata keçirilən ardıcıl və davamlı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi, beynəlxalq terrorizmin maliyyə mənbəyi kimi təhlükəsizliyə ciddi təhdid törətməsi dünya dövlətlərini daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır.

Ölkəmizdə narkomaniya ilə mübarizə, eyni zamanda beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin həyata keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə beynəlxalq standartlara uyğun normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, narkomaniya ilə bağlı mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni yanaşma, münasibət formalaşmışdır.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışından sonra insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əhalinin sağlamlığının qorunması, rifah halının yaxşılaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulmaqla narkomaniyaya qarşı mübarizənin vacibliyi ön plana çəkilmişdir. Ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Fərmanı bu sosial bəlaya qarşı mübarizənin güclənməsi üçün geniş imkanlar açmış, 2000-ci ilə qədər olan dövr üçün narkomaniyanın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlanaraq bu istiqamətdə hədəflər müəyyənləşdirilmişdir.

Bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ötrü Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Qanun qəbul olunmuşdur. Eləcə də ümummilli liderin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram" (2000-2006-cı illər) təsdiq edilmişdir.

Qeyd olunan sosial bəla ilə mübarizəni daha da gücləndirmək məqsədilə qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş, ulu öndər tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən çoxlu sayda Fərman və sərəncamlar, qanunlar imzalanmış, ayrı-ayrı dövlət orqanlarının birgə aktları qəbul edilmişdi. Eyni zamanda fəaliyyət istiqamətini genişləndirmək məqsədilə 2000-ci ildən etibarən respublikanın bütün şəhər, rayon icra hakimiyyətlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar yaradıldı. Ardıcıl, sistemli şəkildə maarifləndirmə işləri aparıldı, qətiyyətli tədbirlər həyata keçirildi.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Möhtərəm Prezidentimiz gəncliyin inkişafına, potensial imkanlarının genişləndirilməsinə davamlı şəkildə qayğı göstərir. Gənclərin müstəqil həyata hazırlanması, onların sağlam həyat tərzinin təmin edilməsi, ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılması istiqamətində kompleks tədbirlər görülür. Dövlətimizin başçısının barışmaz və prinsipial mövqeyi narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə üzrə dövlət siyasətində aydın ifadə olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkara çıxarılması, qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində dövlət orqanları tərəfindən ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.

2004-cü ilin yanvarında Bakıda "Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan Prezidenti cənab İlham Əliyev diqqəti bu vacib məsələyə cəlb edib: "Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, iqtisadi vəziyyətindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir".

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində əsrin bəlasına müasir tələblər səviyyəsində yanaşılması vacib prioritetlərdən birinə çevrilib. Bu sahədə sayca dördüncü olan "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" paytaxt Bakı ilə yanaşı, bütün bölgələrdə uğurla icra olunur.

Dövlət Proqramının hədəfləri ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının təbliğat, maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər mühüm məsələlərdən ibarətdir.

 Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc nəslin sağlamlığının qorunması və hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlər narkomaniya sahəsində qətiyyətli mübarizənin təmin edilməsində mühüm əhəmiyyətə malikdir.

Bu gün hüquq-mühafizə orqanları ilə yanaşı, digər dövlət qurumları, ictimai, qeyri-hökumət təşkilatları bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, qarşıya qoyulan məqsədlərə tam nail olmağa çalışırlar.

 Lənkəran Rayon Prokurorluğunun kollektivi müvafiq dövlət orqanları ilə səmərəli, işgüzar əlaqələr qurmaqla qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, cinayətkarlığa, digər qanunazidd əməllərə, eləcə də narkomaniya kimi ümumbəşəri bəlaya qarşı mübarizə işinə layiqli töhfələr verir.

Son dövrdə rayonda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi xeyli gücləndirilmiş, rayonun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin, eləcə də qanunla qadağan olunmuş digər maddələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı və sair qanunsuz əməllərin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilməklə, cinayət törətmiş şəxslərdən külli miqdarda narkotik vasitələr götürülmüşdür.

2022-ci ildə və cari ilin 6 ayında Lənkəran rayonu ərazisində ümumilikdə törədilmiş cinayət hadisələrinin 76,5 faizini narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər təşkil etmişdir ki, bu da narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsini şərtləndirən amildir.

Müşahidələr göstərir ki, yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, cinayətkarlığa yuvarlanmasına səbəb olur. Bəzən həyətdə, küçədə, ictimai yerlərdə, hətta bir narkomanın olması ətrafdakılara qeyri-adekvat təsir göstərir. Gənc nəslin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə müvafiq qurumların işi deyil, bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın üzərinə düşür. İlk növbədə, ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səylər göstərilməlidir.

Yetkinlik yaşına çatmayanların, gənclərin narkotikdən və digər zərərli vərdişlərdən uzaq olması üçün təbliğat və maariflənmə tədbirləri daha da genişləndirilməlidir. Hamı bilməlidir ki, narkomaniya ailələrin dağılmasına, çarəsiz xəstəliklərə, amansız cinayətlərə və digər ağır fəsadlara aparan yolun başlanğıcıdır. Narkotiklər varlığın qənimi, ölüm, həyatın sonu deməkdir. Eyni zamanda təkcə bir fərd üçün deyil, bütün cəmiyyət üçün böyük təhlükədir.

İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, cəmiyyətin harmoniyasını pozan, güclü sosial bəlaya çevrilmiş narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə münasibətdə hər birimiz barışmaz mövqe tutmalı, ümumbəşəri "ağ ölümə" qarşı qətiyyətli mübarizə aparmalıyıq.

Taryel ƏLƏKBƏROV,

Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri.