Vaşinqtonun yeni“təcrübə dovşanı
Siyasət

Vaşinqtonun yeni“təcrübə dovşanı"

Son dövrlər Ermənistanla ABŞ arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir. Atom enerjisi sahəsi isə hər iki ölkənin maraq dairəsindədir. Hətta ötən il rəsmi  İrəvan Vaşinqtonla bununla bağlı memorandum da imzalayıb. Bununla da Ermənistan Ağ Evin texnologiyasından istifadə etməklə kiçik modul reaktorların inşasını reallaşdırmaq üçün ilk addımlarını atıb. Avropa və Avrasiyaya yardım proqramının koordinatoru Mariya Lonqi Vaşinqtonun Ermənistana bu istiqamətdə dəstək göstərəcəyini bəyan edib.

Paşinyan hakimiyyəti bu sahə üzrə razılaşmalara layihənin icrası kimi yanaşsa da, ABŞ-ın məqsədi başqadır. Daha dəqiq desək, rəsmi Vaşinqton bununla növbəti çirkin planını Ermənistandan istifadə etməklə reallaşdırmağa çalışır. Belə ki, Ağ Ev Moskvanın İrəvanda inhisara aldığı sahələri ələ keçirmək məqsədi güdür. Eyni zamanda, ABŞ Ermənistanın Rusiyadan olan enerji asılılığına da son qoymaq istəyir. Hazırda İrəvanın elektrik şəbəkəsi Kremlin nəzarəti altındadır. Ölkədəki əsas SES və İES-lər də məhz Rusiyanın şirkətlərinə məxsusdur. Hətta Ermənistandakı "Metsamor" AES-in nüvə yanacağı da Rusiyanın hesabına təmin edilir. 2003-cü ildə yaranan 40 milyon dollarlıq borc səbəbindən AES "İnter RAO" şirkətinə verilmişdi. "Metsamor" 2016-cı ildə fəaliyyətini dayandırmalı idi, amma "modernləşdirmə sayəsində" müəssisənin istifadə müddəti 2026-cı ilə qədər uzadılıb. Rusiyanın məşhur "Rosatom" şirkəti AES-ə texniki dəstək verir. Stansiya Ermənistanın enerji tələbatının ümumilikdə 40 faizini ödəyir. Xatırladaq ki, Rusiya tərəfi vaxtikən "Metsamor"un modernləşməsinə 189 milyon dollar xərcləmişdi.

Bütün bunlar ABŞ-ın Ermənistana kiçik modul nüvə reaktorlarını inşa etmək təklifini Moskvanı qıcıqlandırmaq üçün verdiyini söyləməyə əsas verir. Rəsmi Vaşinqton həm də bu məsələdə Ermənistandan "təcrübə dovşanı" kimi istifadə etmək istəyir. Çünki sözügedən layihələr vaxtikən ABŞ-da reallaşmayıb. Ağ Ev bunu yenidən sınaqdan keçirmək üçün regionun "ən zəif bəndinə" üz tutub.

Ümumdünya Nüvə Assosiasiyasının qiymətləndirməsinə nəzər yetirsək görərik ki, kiçik nüvə reaktorları daha ucuz başa gəlir. Amerikada hazırda iki kiçik modul reaktor üzərində iş aparılır. İlkin olaraq, natrium və təzyiqli su ilə işləyən "SMR-160" reaktorundan istifadə nəzərdə tutulub. Amma texniki səbəbdən natriumu nəinki Ermənistana, heç uzaq məsafəyə belə daşımaq mümkün deyil. Bunun səbəbi isə reaktorun yüksək səviyyədə zənginləşdirilmiş urandan istifadə etməklə sürətli neytronlarla çalışmasıdır. Bu, bir sıra parametrlərə uyğun olsa da, nüvə silahının yayılmaması üçün uğurlu hesab olunmur. Təzyiqli su reaktorunda isə həddən artıq çirklilik yarandığından ondan bomba hazırlamaq real görünmür.

Yeri gəlmişkən, ABŞ  Ermənistana lisenziyalaşdırma mərhələsində olan "BWRX-300" kiçik modul reaktorunu da təklif edib. Maraqlısı budur ki, sözügedən texnologiyaya əsaslanan ilk stansiyanın tikintisi 2030-cu ildən sonra mümkün ola bilər. Hələ reallaşmayan kiçik reaktor layihəsinin İrəvana təklif edilməsi ABŞ-ın növbəti oyunudur.  Çünki qeyd etdiyimiz reaktorlardan heç biri indiyədək kommersiya məqsədli istifadə mərhələsinə çatmayıb.

Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti mövcud reallıqları nəzərə almır və havadarlarının ondan öz mənafeləri naminə istifadə etdiyini dərk etmək istəmir.  Görünür, Paşinyanın səriştəsizliyi ölkəni nəinki uçuruma apara, hətta onu yox olmaq təhlükəsi ilə üz-üzə qoya bilər.

N.BEYDİYEVA,

"Respublika".