VƏSİMƏ İSMAYILQIZININ KİTABLARI TƏQDİM EDİLİB
Digər xəbərlər

VƏSİMƏ İSMAYILQIZININ KİTABLARI TƏQDİM EDİLİB

Yazıçı-publisist Vəsimə İsmayılqızının uzun illərdir üzərində işlədiyi 3 seriyadan ibarət silsilə kitablarının ilk 10 cildi çapdan çıxıb.

Silsilə kitabların birincisi "Heydər Əliyevin vətən səfərləri" seriyasından olan çoxcildlikdir. Nəşr Ulu Öndərin 100 illik yubileyi münasibətilə hazırlanıb. Seriya 2 kitabdan ibarət ensiklopedik topludan və Heydər Əliyevin rayonların hər birinə ayrı-ayrılıqda səfərlərini əks etdirən çoxcildlikdən ibarətdir.

"Heydər Əliyevin vətən səfərləri" ensiklopedik toplusunun I kitabı Ulu Öndərin respublikaya rəhbərlik illərinin birinci dövrünü əhatə edir. Topluda Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövrdə rayonlara səfərləri və Bakı şəhərində Mərkəzi Komitədən kənarda iştirak etdiyi tədbirlər haqqında məqalələr toplanıb. Ensiklopedik toplunun meyarlarına uyğun şəkildə, bəzi hallarda isə istisnalarla hazırlanmış məqalələr məqalədaxili xronoloji ardıcıllıqla verilib. Məqalələr həmin dövrün fotoşəkilləri ilə müşayiət olunur.

Seriyaya daxil olan "Goranboyda izim qaldı", "Beyləqanda izim qaldı", "Şuşada izim qaldı" kitablarının hər birində rəhbərin bu rayonlara səfərləri haqqında geniş söhbət açılır.

Silsilə kitabların ikincisi "Daxili səfərlər" seriyasından olan çoxcildlikdir. Cənab İlham Əliyevin prezidentliyinin 20 illiyi münasibətilə hazırlanmış bu çoxcildlik onun ölkəyə rəhbərlik fəaliyyətinin 20 ilini əhatə edir.

Kitablar Prezidentin ölkədaxili səfərlərinə həsr olunub. Nəşr həmin səfərləri əhatə edən on cilddən və Vətən müharibəsindəki qələbəmizdən sonra işğaldan azad edilmiş bölgələrə səfərlərini əks etdirən "Zəfər səfərləri" adlı bir neçə kitabı əhatə edən xüsusi cilddən ibarətdir.

Çoxcildliyə daxil olan hər kitabda Prezidentin ölkəyə rəhbərlik etdiyi dövrdə regionlara səfərləri, ictimaiyyətlə görüşləri, təməlqoyma və açılış mərasimlərindəki çıxışları xronoloji ardıcıllıqla əks olunub.

"Daxili səfərlər"in I cildi İlham Əliyevin prezidentliyinin ilk günlərindən, yəni 30 yanvar 2004-cü ildən 3 fevral 2006-cı ilə qədərki ölkədaxili siyasi fəaliyyətini və onun bölgələrə 20 səfərinin gedişini əhatə edir.

"Daxili səfərlər"in II cildi Prezidentin 1 mart 2006-cı ildən 8 oktyabr 2008-ci ilə qədərki dövrdə regionların inkişafı istiqamətində fəaliyyətini əhatə edir. Cilddə dövlət başçısının bölgələrə etdiyi 33 səfərin gedişi xronoloji ardıcıllıqla təqdim olunur.

Seriyanın çap olunmuş növbəti kitabı "Zəfər səfərləri" adlanır. Kitab "Daxili səfərlər" çoxcildliyinin xüsusi cildi kimi yazılıb. I kitabda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən sonra, 2020-2022-ci illərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş regionlara səfərlərindən bəhs olunur.

Sənədlər, fərman və sərəncamlar, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciətləri, sosial şəbəkələr vasitəsilə paylaşımları, məlumatlar, faktlar, mətnləri müşayiət edən fotoşəkillər nəşrin informasiya dəyərini artırır.

Silsilə kitabların üçüncüsü "Zəfər kitabı"

 seriyasından olan çoxcildlikdir. Kitablar Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunub.

"Zəfər kitabı" çoxcildliyi hər regiona aid bir cilddən və ümumiləşdirilmiş xüsusi cilddən ibarətdir. Kitabı vərəqləyərkən xəyalən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuzun keçdiyi döyüş yolu ilə cəbhədən-cəbhəyə keçir, "Zəfər Paradı"nı izləyir, "Hərbi Qənimətlər parkı"nı gəzir, Zəfərlə əbədiləşən ünvanlara səyahət edirik. Sonra bir rayonun, respublika tabeli bir şəhərin Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi şəhidlərindən, onların döyüş yolundan söz açılır.

Bütün cildlər standart formatda və tərtibatda, ensiklopedik toplu meyarlarına uyğun hazırlanıb.

Seriyaya daxil olan 3 kitab - "Zəfər kitabı. Goranboy", "Zəfər kitabı. Beyləqan" və "Zəfər kitabı. Şuşa" cildləri də çapdan çıxıb.

Çap olunmuş silsilə kitabların məsləhətçiləri və "Ön söz"ün müəllifləri filologiya elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir Vilayət Quliyev və akademik, Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, redaktorları isə Əməkdar müəllim İsgəndər Səklikov, tarixçi-etnoqraf İsmayıl Umudlu, Dilsuz Mustafayev, korrektor Pərvin Quliyeva, koordinator Asiman İsmayıldır.

“Respublika”.