Vətənə ləyaqətlə xidmət nümunəsi
Digər xəbərlər

Vətənə ləyaqətlə xidmət nümunəsi

Məsələ heç də uzun illər yaşamaqda deyil, bu ömrü mənalı, istədiyin kimi başa vurmaqdadır. Siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov da ömrünü kifayət qədər dolğun, ləyaqətli, xalqına, vətəninə xidmət edərək yaşayır.

Gənclik illərindən hərbiyə olan marağı onu 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi məktəbinə aparıb. Buranı bitirən kimi SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini işləyib. Daha sonra isə Pamir Sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsini daşıyıb. Sovetlər dönəmində hər bir əsgər və zabitin ən böyük sınağı Əfqanıstan müharibəsi hesab olunurdu. Onun da tərcümeyi-halına Əfqanıstan müharibəsinin qanlı səhifəsi yazılıb. C.Xəlilov Əfqanıstan müharibəsinə gedəndə baş leytenant rütbəsi daşıyırdı.

O, 1990-cı ildə Tacikistan Dövlət Universitetinin hüquq fakültəsini qiyabi yolla bitirib. Milli Ordu yaranarkən Azərbaycanda baş verən hadisələrdən narahat olaraq vətənə qayıdıb, milli ordu quruculuğunda iştirak edib və 2012-ci ilədək Sərhəd Qoşunlarında və Milli Təhlükəsizilik Nazirliyində müxtəlif vəzifələr daşıyıb və Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə qədər yüksəlib. O, harada, hansı vəzifədə xidmət etməyindən asılı olmayaraq hərbçi bacarığı, intuisiyası, biliyi, verilən tapşırığı vaxtında və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini qazanmışdır. Bütün bunlar onun hərb olimpində addım-addım irəliləməsinə zəmin olmuşdur.

Əfqanıstandakı şücaəti nə qədər qürur doğursa da, yaxud müharibədən sonrakı Rusiyada xidməti uğurlu keçsə də, onu vətənində gedən proseslər daha çox düşündürürdü. Ona görə də, sovetlərin dağılması ərəfəsində dərhal vətənə dönərək ən çətin vaxtda ordu quruculuğu, Silahlı Qüvvələrin xüsusi növü olan Sərhəd Qoşunlarının yaradılması prosesinə qoşulur və keçmiş Əfqanıstan döyüşçüsü kimi təcrübəsini ordunun yaranmasına həsr edir. Əfqanıstan təcrübəsi Qarabağ döyüşlərində də onun köməyinə gəlir. Gənc zabitin çox qısa bir müddətdə iki fərqli müharibədə iştirak etməsi həyatının mühüm səhifələrini təşkil edir. Taleyindəki sonuncu müharibə əvvəlkindən yerlə-göy qədər fərqlənirdi: o, doğma vətənini müdafiə edir, qoruyur, təşkilatçılığı ilə əsgərləri də buna ruhlandırırdı. Həmin illərdə C.Xəlilov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaradılması prosesində bir zabit kimi qüvvə və bacarığını əsirgəmir. Deyim ki, istənilən Silahlı Qüvvələrdə şəxsi heyətlə iş, hərbi və milli vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdən biri olub. Bu mənada, C.Xəlilovun Silahlı Qüvvələrdəki xidməti daim diqqət mərkəzində olmuş və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

Hər bir hərbçinin həyatında bir veteran olmaq xoşbəxtliyi də var; belə ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını ordu quruculuğundan kənarda görmədi, ömrünü Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına bağladı və bu gün də burada çalışır. Vətən uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, Böyük Vətən müharibəsi, Əfqanıstan, Qarabağ müharibəsi veteranlarına diqqət və qayğı ilə yanaşır. C.Xəlilov 2014-cü ildən Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavinidir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında böyük işlər görür. Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulmasında, veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştirakında əməyi çoxdur.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsində Azərbaycan Respublikası Veteranlar Təşkilatının da özünəməxsus rolu oldu. Təşkilatın gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi, əsgər və zabitlərimizin xalqımızın döyüş ənənələri ruhunda yetişdirilməsi sahəsində müvafiq dövlət orqanları ilə birgə həyata keçirdiyi tədbirlər onları torpaqlarımızın azad edilməsinə ruhlandırdı.

C.Xəlilov peşəkar hərbçi olmaqla yanaşı, həm də bir alim ömrü yaşayır. O, hərb sahəsindəki praktik bacarığını elmi sahəyə də gətirmiş, "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bu istiqamətdə yazdığı məqalələr ölkənin nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Onun 50-dən çox elmi məqaləsi və dörd kitabı bu sahədəki uğurunun əsas göstəricisidir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti kimi elmi və praktiki biliklərinin gənc nəslə çatdırılması yolunda səylərini heç zaman əsirgəmir. Dörd kitab, əllidən çox elmi məqalə, bir proqram və dərslik müəllifi kimi araşdırmalarını davam etdirir. Bu mənada, siyasi elmlər üzrə fəlsəfə doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti C.Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyi olduqca böyük əhəmiyyət daşıyır. İndiyədək C.Xəlilov milli təhlükəsizlik problemi ilə bağlı bir çox məqalələr yazsa da, son tədqiqatı monumentallığı, aktuallığı və əhəmiyyəti ilə bu sahədəki boşluğu tamamilə doldurur. Əslində, bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqat işinin də tələblərinə tamamilə cavab verdiyindən onu dərslik-monoqrafiya da adlandırmaq mümkündür. Dərslikdə milli təhlükəsizlik strategiyası və onun nəzəri əsasları, formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də prioritetləri konseptual şəkildə təhlil edilir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemi daha çox nəzəri istiqamətdə araşdırılır və təhlükəsizliyin təmin edilməsi məsələsində beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsinə əsaslanır.

Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca bir fəslin ayrılması problemin aktuallığından irəli gəlmişdir. Dərslikdə dünyada milli təhlükəsizliyin mürəkkəb, çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizlik məsələləri və onların tərkib hissələri, eləcə də prioritet istiqamətlərinin başlıca yer tutması çoxsaylı nümunələr və nəzəri fikirlər əsasında təhlil edilir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyinin böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif müasir geosiyasətdə Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsizliyin təmin edilməsi üçün verilən qərarların, görülən işlərin təkmilləşdirildiyini və sistemli bir fəaliyyət halına gətirildiyini əsaslandırır.

Cəlil Xəlilov bu gün də işgüzarlıqla, hərbçi nizam-intizamı ilə Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edir. O, həm də hərbi ekspertdir, regionda və dünyada baş verən siyasi, hərbi proseslərlə bağlı fikirlər söyləyir, siyasi və hərbi maarifçilik işləri aparır. Veteranlar təşkilatında zəngin təcrübəsini nəsillərlə paylaşır, cəmiyyətdə və gənclər arasında apardığı maarifçilik işləri gənclərin təlim-tərbiyəsində, vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.

Polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini kimi Azərbaycanı xarici ölkələrdə, o cümlədən MDB məkanında layiqincə təmsil edir, onların müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür.

Bədirxan ƏHMƏDLİ,

professor.