Xəyanət ağır nəticələr doğuracaq
Siyasət

Xəyanət ağır nəticələr doğuracaq

Qərb ilə Rusiya arasında Cənubi Qafqazda üstünlük qazanmaq istiqamətində gedən yarışda Ermənistan "maşa" rolunda çıxış edir. Ermənistanın sığındığı, himayəsində olduğu dövlətlərə dar məqamda xəyanət etməsi məlum gerçəklikdir. Əbəs yerə deyil ki, Ermənistan hakimiyyəti Rusiyanın Ukrayna cəbhəsində ardıcıl uğursuzluğundan və ölkədaxili qarşıdurmadan istifadə edərək Qərb dövlətləri ilə təmaslarını intensivləşdirdi.

Ermənilərin ölkə daxilində və xaricində Rusiya əleyhinə etirazları geniş vüsət almağa başladı. Ukraynada münaqişənin nə ilə bitəcəyini proqnozlaşdırmaq mümkün olmadığı halda, Ermənistan tərəfi gələcəyə yönəlik qəti addımlar atır. Rusiya hərbi bazaları önündə aksiyalar keçirilir, Vladimir Putinin portreti şəhər meydanlarında yandırılır. Bununla yanaşı, aylar öncə ABŞ-ın Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin İrəvana səfəri zamanı etiraz aksiyalarının daha da alovlanması  mövcud vəziyyətdən xəbər verirdi. Anti-Rusiya meyilləri Ukrayna bayraqlarının dalğalandırılmasında da hiss olunur. Bunlar o deməkdir ki, Ermənistan artıq başqalarının forpostu kimi çıxış edir və bir növ Rusiyanın regionda rolunu zəiflətmək niyyəti güdür.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxma eyhamları, dolayısı ilə Rusiyaya arxa çevirməsi prosesi daha da sürətləndirir. Bu baxımdan, Ermənistan hakimiyyətinin maliyyələşdirdiyi qruplar tərəfindən Rusiya əleyhinə etirazlar keçirilir və xalqda ruslara qarşı nifrət aşılanır. Aksiyalar tamamilə Rusiya rəhbərliyinə və ölkədə hərbi mövcudluğuna qarşı yönəlib. Rusiya ermənilərin xəyanət strategiyasını və siyasətini yaxşı dərk edir və aksiyalara qərb dairələri tərəfindən dirijorluq ediliyini görür. Təbii ki, xəyanət və riyakarlıq Ermənistan hakimiyyətinin ideologiyasına xarakterikdir. Son 200 ildə baş verən hadisələr də bunu sübut edir.

Bütün bunlarla yanaşı, Ermənistan parlamentinin Roma statutunu qeyd-şərtsiz ratifikasiya etməsi Rusiya ilə əlaqələri heçə endirir. Belə ki, Ermənistanda Roma statutunun qüvvəyə minməsi V.Putin Ermənistana gedərsə həbs olunması mahiyyəti daşıyır. Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma statusunu ratifikasiya etməsi ikitərəfli münasibətlərə zərbə olacaq.

İndiki reallıqda Rusiyaya qarşı demarş Ermənistan üçün ağır nəticələr doğuracaq. Bunu Ermənistan parlamentinin üzvü Tiqran Abramyan da təsdiq edir. Ermənistan və Rusiyanın yüksək rütbəli rəsmilərinin son bəyanatlarını şərh edərkən o, qeyd edib ki, bu müddət ərzində Ermənistan ilə Rusiya hakimiyyət nümayəndələri arasında şifahi bəyanat mübadiləsi gərginliyi artıracaq və Ermənistan üçün təhlükəli nəticələrə səbəb olacaq. İkitərəfli münasibətlərdə problemlərin olması Cənubi Qafqazın rifahı üçün təhdiddir. Unutmayaq ki, Rusiya Cənubi Qafqazda gedən bütün proseslərə təsir edən əsas oyunçudur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasındakı "söz savaşı" məhz münasibətlərin qısa xarakteristikasını əks etdirir. M.Zaxarova Rusiya sülhməramlılarının fəaliyyətinin müzakirəsi zamanı bildirdi ki, bəzi erməni həmkarları kobud ritorika nümayiş etdirir. Buna cavab olaraq erməni spikeri isə "hansısa şöbənin katibəsinə" cavab vermək fikrində olmadığını bildirdi. Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamaya sərt reaksiya göstərdi. Ermənistan səfirinə etiraz notası verildi.  Rusiya mətbuatı yazır ki, ikitərəfli münasibətlərdəki bütün çətinliklər ictimaiyyətə açıqlanmır. 

Digər tərəfdən, Rusiya da məsələdə birmənalı qarşılanmır. Ermənistanın eyni zamanda Amerika Birləşmiş Ştatları və Fransa ilə masa arxasında oturmaq istəyi bu ölkənin ənənəvi siyasəti olaraq dəyərləndirilir. Görünür, əvvəllər İrəvan Rusiyaya meyil edirdisə indi Paşinyan Amerika Birləşmiş Ştatları və Fransa arasında özünə yer taparaq varlığını göstərməyə çalışır. Bu, açıq şəkildə onların yerinə cavab verəcək, problemlərini həll edə biləcək bir ölkəni sülh prosesinə və digər məsələlərə cəlbetmə faktıdır. Bu gün Rusiyada əksər insanların ermənilərə qarşı münasibəti neqativdir.

Bütün bunlara cavab olaraq Rusiya Prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı Azərbaycan ilə Ermənistan sərhədi haqqında fikirləri erməniləri təşvişə salıb. Qeyd edək ki, Bişkekə gəlməkdən imtina edən Paşinyan bu çərçivədə öz mövqeyini tam ortaya qoymuş oldu. Putinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı ortaq nöqtənin tapılmasına çağırış edərkən ifadələri isə Ermənistanda müsbət qarşılanmayıb. Onun sözləri İrəvanda təşviş yaradıb və mediada Putinə qarşı tənqidlərə səbəb olub.

Ermənistan mövcud vəziyyətdə Cənubi Qafqaza xəyanətin baş rolunu ifa edir. Region ölkələri hər vəchlə sabitlik və inkişaf uğrunda çalışsa da, Ermənistanın soyuq qonşuluq münasibəti, qərbə meyilləri arzu edilən nəticəni əldə etməyə əngəl olur. Hələ də sülh müqaviləsini imzalamayan Ermənistanın regionu hərbi münaqişə ocağına çevirmə istəyi Cənubi Qafqaz üçün destruktiv ola bilər. Bütün bunları nəzərə alaraq, güc dairələri indiki məqamda Rusiyanın strateji planlarını başqa istiqamətlərə yönəltməli, öz müstəqil siyasi gedişi olmayan Ermənistan isə regionun rifahı üçün çalışmalıdır.

Nurlan ABDALOV,

"Respublika".