“Yalançı çoban”ın hay-harayı
Siyasət

“Yalançı çoban”ın hay-harayı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı qərəzli mövqe nümayiş etdirməyi adət halına gətirən Avropa Parlamentində çıxış edib. Baş nazir ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu deyib. Paşinyan iqtidarda olan partiya kimi bizim siyasi iradəmiz var deyərək, sülh sazişinin imzalanması məsələsində Avropa İttifaqından dəstək istəyib.

Görünür, Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və müqaviləni Moskvada deyil, Brüsseldə imzalamağa hazır olduğunu nümayiş etdirir. Nikol Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə, sülh sazişinin qısa müddətdə imzalanması real görünür. Amma bunu da unutmaq olmaz ki, Paşinyanın Avropa Parlamentindəki çıxışı beynəlxalq ictimaiyyəti növbəti dəfə yanıltmaq cəhdi də ola bilər. Çünki adətən Ermənistan rəhbərliyinin sözü ilə əməli üst-üstə düşmür. Paşinyan öz çıxışında ölkəsini sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, Ermənistan hər zaman sülhün əldə olunmasına müxtəlif formalarda əngəl olub. Buna görə də, Paşinyan artıq yalançı çobana çevrilib və onun sözlərinə etimad göstərmək mümkün deyil. Paşinyanın Avropa Parlamentində çıxışı 2020-ci ildə Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya hücumuna məruz qalmasının 3-cü ildönümünə təsadüf edib. Üç il öncə oktyabrın 17-də bu qanlı terror nəticəsində 15 həmvətənimiz həlak olmuş, onlarla insan yaralanmışdır. Dinc sakinlərə qarşı terror həyata keçirən bir ölkənin hökumət başçısının bu gün Avropa Parlamentinin kürsüsündə sülhdən, demokratiyadan danışması isə ona olan inamı məhv edir.

Baş nazir ölkəsinin regionda kommunikasiyaların açılacağı təqdirdə öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazır olduğunu da bildirib. Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı Zəngəzur dəhlizi mövzusuna fərqli istiqamətdə yanaşması isə diqqət çəkib. Belə ki, Azərbaycan artıq İranla Naxçıvana gedəcək dəhlizlə bağlı saziş imzalayıb və sürətlə dəhlizin çəkilməsi prosesinə başlamaq niyyətindədir. İranın gözlənilmədən Azərbaycanın qərb rayonlarını Naxçıvan və Türkiyə ilə birləşdirən avtomobil və dəmir yollarının inşasına razılaşması isə Nikol Paşinyanı sözün əsl mənasında "ayıldıb". Ermənistan işğal siyasəti nəticəsində on illərdir regionun meqalayihələrindən kənarda qalıb və bu, onun dalan ölkəyə çevrilməsinə gətirib çıxarıb. 2020-ci ilin 44 günlük savaşından sonra Azərbaycanın dəhliz tələbini və bütün kommunikasiyaları açmaq istəyini isə 3 ildir müxtəlif bəhanələrlə gecikdirməkdədir. Zəngəzur dəhlizinin "Turan yolu" olacağından əndişəyə düşən Ermənistan və ya bu ölkənin arxasında duranlar 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini faktiki olaraq iflic ediblər. Azərbaycan isə gözləmək niyyətində deyil və artıq dəhlizin öz ərazisindən keçən hissəsinin tikintisini sürətlə aparır. Nəhayət, İranla bağlanan saziş və bu istiqamətdə işlərin real məcraya yönəlməsi hazırda tamamilə fərqli mənzərə ortaya çıxarıb. Nikol Paşinyan anlayır ki, əgər Naxçıvanla yol İrandan keçərsə, onda Ermənistan daha bir meqalayihədən və külli miqdarda gəlirdən məhrum olacaq, onun beynəlxalq aləmə çıxışı növbəti on illər üçün də ilin 10 ayında gediləsi mümkün olmayan Lars keçid məntəqəsinin ümidinə qalacaq. Üstəlik, Zəngəzur dəhlizinə imkan verilməməsi Türkiyənin də sərhədi açmasını əngəlləyəcək və Ermənistanın Türkiyə vasitəsilə çıxışı da məhdudlaşacaq. İndi hiss olunur ki, Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır. Çünki Zəngəzur dəhlizinin açılması məsələsinin uzanması nəticəsində Azərbaycanla Türkiyəni birləşdirən dəhliz İrandan keçəcək və bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. Sadaladığımız faktlar da onu göstərir ki, Ermənistan hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunur.

Paşinyan Avropadakı dostlarının gözünə girmək üçün keçmiş müttəfiqi olan Rusiyanı hədəf alan açıqlamalar da verib. Belə ki, baş nazirin sözlərinə görə, Rusiya sülhməramlılarının hərəkətsizliyi ermənilərin Qarabağda evlərini itirməsinə və geri qayıtmaq imkanından məhrum olmasına səbəb olub. Əvvəlcə, baş nazir bu açıqlamanı verməklə onu göstərir ki, onun sülhməramlıların öhdəliyindən anlayışı yoxdur. Amma aydındır ki, Paşinyan bu sözləri sırf Kremli zərbə altında qoymaq üçün deyib. Çünki Paşinyan avropalılara Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da şikayət edib. Bildirib ki, Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT və ikitərəfli müqavilələr əsasında təhlükəsizlik öhdəliyi daşıyan ölkələr Ermənistana heç bir kömək etməyib, onu tək qoyublar. Paşinyan Rusiyanın ünvanına atmacalı fikirlər də səsləndirib. Məsələn, bildirib ki, Ermənistanın təhlükəsizlik üzrə müttəfiqləri açıq şəkildə ölkədə demokratik hökuməti devirməyə çağırıblar. "Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr alıb və almaqda davam edir. Əvvəlcə xarici təcavüz, sonra Ermənistanın müttəfiqlərinin fəaliyyətsizliyi, daha sonra isə hərbi və ya humanitar vəziyyətdən istifadə edərək ölkədə hakimiyyəti devirmək cəhdləri gəlir. Qarabağdan 100 min erməni köçəndə təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etdilər, əksinə, Ermənistanda hakimiyyətin dəyişməsi, demokratik rəhbərliyin devrilməsi ilə bağlı ictimai çağırışlar etdilər", - deyə Paşinyan bildirib. Baş nazirin belə iddialarla çıxış etməsi isə təsadüfi deyil. Çünki o, Avropadan dəstək almaq üçün hər üsula əl atır. Nikol Paşinyanın Strasburqda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə keçirdiyi mətbuat konfransında ölkəsinin Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu açıqlaması bunu sübut edir. Yəni İrəvan hökuməti qərbə mesaj verir ki, biz Moskvadan uzaqlaşmışıq, əvəzində isə sizdən Cənubi Qafqazdakı prosesləri ermənilərin xeyrinə dəyişməyinizi istəyirik.

Amma Paşinyan və komandası unudur ki, regionun qalib dövləti Azərbaycandır və diktə edən tərəf də Prezident İlham Əliyevdir. Yəni hansı supergücün bölgəyə daxil olmasından asılı olmayaraq, bu reallıq dəyişməyəcək. Elə bu səbəbdən də, Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddiaları dərhal şərh edib. Bildirilib ki, baş nazirin səsləndirdiyi fikirlər Ermənistanın Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirir: "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir... Qranada görüşünün yekun sənədindəki müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güc təhdidindən imtina prinsiplərinə istinad edən baş nazir Nikol Paşinyan, Ermənistanın bu prinsipləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla 30 ildən artıq müddətdə pozmasına baxmayaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycanın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur".

Sözsüz ki, rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasından, eləcə də Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə Ermənistan baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir.

Jalə QASIMZADƏ,

"Respublika".