Yalançının evi yandı...
Siyasət

Yalançının evi yandı...

Yalan danışmağı adət halına çevirən insanların doğrusunu da yalanını da ayırd etmək çətin olur. Bu insanlar cəmiyyətdə nüfuzlarını itirməklə yanaşı, həm də özlərinə qarşı mənfi fikir formalaşdırırlar. Onların ən səmimi, doğru sözləri də yalan kimi qəbul edilir.

Elə atalar bu məqamda yaxşı deyib: "Yalançının evi yandı, heç kim inanmadı". Yalançını çox da uzaqda axtarmaq lazım deyil, elə düz yaxınımızda, qərb qonşuluğumuzdadır. Uzun illərdir iki ölkə arasında davam edən münaqişə bir çox qüvvələr tərəfindən süni formada alovlandırılıb, iki xalqı qarşı-qarşıya gətirmək üçün əllərindən gələni ediblər. Nəticə etibarilə yersiz müzakirələr yaranıb. Sülhə yaxınlaşdığımız bu dönəmlərdə erməni mediası hələ də öz çirkin əməllərindən əl çəkmir. Ermənistan KİV-in yaydığı məlumata əsasən, guya Azərbaycan Qarabağda dini-mədəni soyqırım törətməyə davam edir.

Orada qeyd edilib ki, "Hayk Culture" QHT-nin Ombudsmanı Şuşa şəhərində Qazançetsots Katedralının (Qazançı kilsəsi) təmir üçün dəmirlərlə örtülən fotosunu sosial mediada paylaşaraq bildirib: "Qazançetsots Müqəddəs Xilaskar Kilsəsi, Şuşi. Azərbaycan Artsaxın işğal olunmuş ərazilərində dövlət səviyyəsində mədəni soyqırım həyata keçirməyə davam edir".

Lakin necə deyərlər, yalan ayaq tutar, yeriməz... Yayılan görüntüdən də məlum məsələdir ki, katedralda hazırda təmir işləri gedir. Erməni mediası az da olsa araşdırsaydı görərdi ki, hər hansısa tarixi bir yer yenidən təmir və ya restavrasiya edilən zaman ətrafı inşaat məhsulları, dəmir, qalın yaşıl örtük və sair ilə örtülür. Lakin buna baxmayarq, qondarma media dünyanın bütün müvafiq beynəlxalq təşkilatlarına müraciət edərək "erməni" kilsəsinin azərbaycanlılar tərəfindən "dağıdılması", kilsənin gümbəzinin məhv edilməsi haqqında iddialar səsləndirir, dezinformasiyalar yayırlar. Ancaq Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir. Bu təkcə sözdə belə deyil. Artıq 4-cü ildir ki, işğaldan azad edilən bölgələrimizdə quruculuq işləri görülür. 2021-ci il mayın 4-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin Ermənistan Xarici İşlər Nazirliyinin Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına dair şərhində bildirilir: "Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orjinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir".

Faktlar da onu göstərir ki, Ermənistan mediasının bu dəfəki cəhdi də uğursuzluqla nəticələndi. Lakin Qərb qonşumuzun KİV-in belə gülünc iddialar irəli sürməsi əslində başqa həqiqətləri üzə çıxarır. "Erməni" kilsəsinin ölkəmiz tərəfindən "dağıdılması"nı iddia edən mətbuat nümayəndələri düşünməli idi ki, bu işin dərinliyinə gediləcək və əsl həqiqətlər üzə çıxacaq. Tarixi faktlara nəzər salsaq görərik ki, ermənilər rus pravoslav kilsəsinin formatını dəyişdirib, onu erməni qriqoryan kilsəsinə çevirməyə çalışıblar. Ermənilərin "tarixi"nə görə, kilsə guya vaxtilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kəndindən gəlib Şuşada məskunlaşan ermənilər tərəfindən inşa olunub.

Qeyd edilən faktlarda həmçinin bildirilir ki, qədim Zərdüşt məbədinin üzərində 1722-ci ildə başqa bir kilsə yerləşirmiş. Guya ki, Culfadan köçüb gələn ermənilərin vəsaiti hesabına 1868-1887-ci illərdə Qazançı kilsəsi "tikilib". Və bu kilsəni tikənlərin xatirəsinə belə adlandırılıb. Lakin həqiqət bunun tam əksini deyir. Tarixə əsasən, elə Türkmənçay müqaviləsinin imzalandığı dövr hər şeyi aydın formada izah edir. Postmüqavilə dövründə rus qoşunları Qarabağda, Şuşada yerləşdirilib və onların ibadət etməsi üçün kilsələr inşa edilib. Əslində Qazançı kilsəsi 1867-ci ildə inşa olunub. Bundan başqa, rus kilsələrinin həmin dövrkü memarlıq nümunələrinə diqqət yetirsək, əsl həqiqəti anlamaq olar. Bir çox yer, abidə kimi, bunu da özününküləşdirməyə çalışan ermənilər 1995-2000-ci illərdə kilsənin memarlıq quruluşunu dəyişdirərək, erməni qriqoran kilsəsinə çeviriblər. Lakin sonradan süni formada yaradılan bu "həqiqətlər", reallığı dəyişmir. Nəticə etibarilə deyə bilərik ki, ermənilər bu dəfə də qazdıqları quyuya özləri düşdü. Bütün beynəlxalq aləmdəki oxları haqsız yerə Azərbaycanın üzərinə tuşlamağa çalışan qondarma media, əslində əsl tarixi faktları gün üzünə çıxardı.

Töhfə SƏMƏDOVA,

"Respublika".