Yaponiyanın nüfuzlu agentliyi Vətən müharibəsinin ildönümünə həsr olunmuş məqalə yayıb
Siyasət

Yaponiyanın nüfuzlu agentliyi Vətən müharibəsinin ildönümünə həsr olunmuş məqalə yayıb

Yaponiyanın nüfuzlu JIJI Press agentliyi Azərbaycanın böyük Qələbəsi ilə başa çatmış Vətən müharibəsinin ildönümünə həsr olunmuş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə ötən il sentyabrın 27-də Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatların başladığı və noyabrın əvvəllərində başa çatdığı xatırlanır. Diqqətə çatdırılır ki, həmin əməliyyatlar nəticəsində Azərbaycan Ermənistan tərəfindən təqribən 30 il əvvəl işğal olunan ərazilərini azad edib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində sentyabrın 23-də etdiyi çıxışdan sitat da gətirilir: "Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qürur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu".

Məqalədə iki ölkənin liderlərinin cari ilin yanvarında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirdiyi görüşə də toxunulur. Bildirilir ki, həmin görüşdə tərəflər regionda sabitliyin bərqərar olması üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün əməkdaşlıq barədə razılığa gəliblər. Lakin buna baxmayaraq, erməni əsgərləri iyulda təmas zonasında təxribatlar törədiblər.

Münaqişənin tarixinə ekskurs edən müəllif zəngin təbii ehtiyatlara malik Azərbaycanın böyük milli güc topladığı və işğal altında olan torpaqları azad etmək üçün var gücü ilə çalışdığını da bildirir. Vurğulayır ki, bu gücün qarşısında dayana bilməyən Ermənistan işğal etdiyi ərazilərdən çox qısa müddətdə geri çəkilmək məcburiyyətində qalıb.

AZƏRTAC