YEVLAXDA  ÇİYİD SƏPİNİ MÜTƏŞƏKKİL APARILIR
Region

YEVLAXDA  ÇİYİD SƏPİNİ MÜTƏŞƏKKİL APARILIR

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdəki uğurlu  fəaliyyəti nəticəsində Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır.  Məhz ulu öndər Heydər Əliyev respublika KP MK-ya  birinci katib seçildikdən sonra  Azərbaycanda, o cümlədən qədim ənənələrə malik Yevlax rayonunda pambıq bitkisinin məhsuldarlığı artmış, hər hektardan 30 sentnerə yaxınlaşmışdır. Həmin dövrdə Yevlaxda pambıq istehsalı 30 min tonu keçmişdi. Dövlət başçısı cənab İlham  İlham Əliyevin göstərişi ilə də pambıqçılıq sahəsinə xüsusi diqqət ayrılmışdır. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə yeni texnikalar alınmış və bu sahə Dövlət Proqramına daxil olmuşdur.

Artıq indi  vəziyyət tamamilə başqadır.  İldən-ilə pambıqçılığa dövlət səviyyəsində göstərilən diqqət və qayğı, yaradılan əlverişli şərait öz müsbət nəticələrini verməkdədir. Belə ki, pambıq istehsalı artan sürətlə gedir. Bunu Yevlax rayonunun timsalında da açıq şəkildə görmək mümkündür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu mühüm sahəyə göstərdiyi diqqət və qayğıdan ruhlanan pambıqçılar fədakarlıqla çalışır, hər il böyük uğurlar qazanırlar. Təsadüfi deyildir ki, ötən 2022-ci ildə rayon üzrə 2 min 702 hektar əkin sahəsindən 8 min 572 tondan çox pambıq istehsal olunub, hər hektardan 31,72 sentner məhsul götürülüb.                        

Yevlax pambıqçıları 2023-cü təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Cari ildə bölgə ərazisində 1930 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılmışdır. Bununla əlaqədar 139 fermer 1631,40 hektar sahədə “MKT” İstehsal Kommersiya MMC, 48 fermer 294.5 hektar sahədə “Goran Cotton” MMC ilə müqavilələr bağlanıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb. Bütün təsərrüfatlarda çiyid səpini kampaniyası mütəşəkkil aparılır. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksəkkeyfiyyətli pambıq sortları yetişdiriləcək.

            Zabit XƏLİLOV,

            “Respublika”.