Yurd yerlərinə  həyat qayıdır
Region

Yurd yerlərinə  həyat qayıdır

Hadrut qələbəsi Azərbaycanın hərb tarixinə silinməz izlərlə həkk olundu, məhz respublikamızın bu dilbər guşəsində ermənilər otuz illik işğaldan sonra törətdikləri cinayətlərə, Xocalı soyqırımına, günahsız insanların qətlinə görə hesab verməli oldular. Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin 2-ci ildönümü ilə əlaqədar Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış qəsəbənin "Şəhidlər" Memorial Abidə-Kompleksində ümumrayon tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti nümayəndələri iştirak edib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tariximizin yeni və şərəfli salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Vətən müharibəsi ordumuzun gücünü, peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək tarixi uğura imza atdı. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən işğalından azad edildi. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını daha da artırdı, Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə barışa bilmirdilər. Düşmən anlayırdı ki, Azərbaycan Ordusu artıq Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra Ordumuzun Şuşaya yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa işğaldan azad edildi.

Tədbirdə çıxış edənlər Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin tarixi, strateji əhəmiyyətindən danışaraq bildiriblər ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, xüsusən də Qarabağın ən dilbər guşələrindən olan Hadrut qəsəbəsinin işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, eyni zamanda yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə ən əvəzsiz töhfədir.

Hadrutun işğaldan azad edilməsinə həsr edilən tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin əməkdaşları tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib. Sonra Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi kompozisiya nümayiş olunub.

S.BABAYEV,

"Respublika".