Zəngəzur dəhlizi: Türk dünyasını birləşdirən körpü
Digər xəbərlər

Zəngəzur dəhlizi: Türk dünyasını birləşdirən körpü

Zəngəzur dəhlizi və ya Turan yolu. Bu ad Azərbaycan və türk dünyası üçün müstəsna əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin digər adla Turan yolu adlandırılması da təsadüfi deyildir. Çünki bu yol əsrlər boyu mövcud olmuş böyük türk dünyasının körpüsüdür.

Zəngəzur dəhlizi 2020-ci ildə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə üçtərəfli Bəyanata salındığı gündən aktual mövzuya çevrilsə də, bundan öncə də dövlət başçısı daim bu məsələyə münasibət bildirib. Ölkə başçısı dəfələrlə qeyd etmişdir ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması demək idi. Çünki qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı.

Torpaqlarımızı işğaldan azad etdikdən sonra həmin ərazilərdə bərpa-yenidənqurma işləri ərəfəsində diqqət yetirilən infrastruktur layihələrindən biri də Zəngəzur dəhlizinə aparan yolun çəkilməsi olmuşdur. Belə ki, 2021-ci il 26 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini atdılar. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun "Zəngəzur dəhlizi" kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının daha sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi nəzərdə tutulub.

Xatırlatmaq yerinə düşər ki, belə bir yolun çəkilməsinə hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev təşəbbüs göstərmişdir. Meğridən keçən Naxçıvan-Bakı avtomobil yolunun çəkilişi Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra dayandırıldı. Lakin indi güclü və qüdrətli Azərbaycan ordusunun regionda yaratdığı reallıq bu yolun açılmasını mümkün edir.

Zəngəzur dəhlizi ilə bağlı digər bir vacib məqam da onun Cənubi Qafqaz regionu, eləcə də Uzaq Şərq, Mərkəzi Asiya və Avropa üçün əhəmiyyətli olmasıdır. Bu dəhliz vasitəsilə Aşqabad müqaviləsi ölkələri Avropa ilə ticarət mübadiləsini daha da genişləndirəcək. Belə ki, müqavilə Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çıxarılması 30 illik işğal səbəbilə Azərbaycanın zəif inkişaf etmiş Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına böyük təkan verəcək. Azərbaycanın qədim ipək yolu üzərində yerləşməsi ölkəmizin əhəmiyyətini qlobal güclərin gözündə daha da maraqlı edir.

Çindən Avropaya daşınan yüklərin müddətinə gəlincə, dəniz vasitəsilə orta hesabla 36 gün, Transsibir marşrutu ilə 20 gün çəkir. Azərbaycandan keçməklə isə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə cəmi 12 gün çəkir. Bu da göründüyü kimi, çox əlverişli bir marşrutdur. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmiryolu ilə paralel Zəngəzur dəhlizinin açılması yükdaşıma sahəsində Azərbaycanın imkanlarını daha da üstün səviyyəyə qaldıracaq. Prezident İlham Əliyev iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına müsahibəsində məsələ ilə bağlı demişdi: "Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq...".

Zəngəzur dəhlizinin iqtisadi perspektivləri ilə yanaşı, onun həm də Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyəti var. Belə ki, 30 ildən çoxdur ki, blokada şəraitində yaşayan Naxçıvan əhalisi 15 ilə yaxın blokadaya görə qazsız qalıb, hətta elektrik enerjisi də olmayıb. Uzun illər Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermənistan tərəfindən kəsilmişdi. Naxçıvanla Bakı arasında əlaqələr dəmir yolu üzərindən idi və bu da 1992-ci ildə Meğridən gələn son qatar gülləbaran edildikdən sonra kəsilmişdi. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naxçıvan bu günə kimi ayaqda dura bilib. Ermənistanın 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr üçtərəfli Bəyanatın müddəalarına əməl etməməsi hələ də Muxtar Respublikanın blokada da qalmasına səbəb olmuşdur. Elə bu səbəbdən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə bir çox məsələlər vurğulanıb və Zəngəzur dəhlizinin açılmasının Naxçıvan üçün vacib olması xüsusilə qeyd edilib.

Musa BAĞIRLI,

"Respublika".