Zəngəzur dəhlizinin açılması mütləqdir
Siyasət

Zəngəzur dəhlizinin açılması mütləqdir

Ermənistan yenə də özünü regional layihələrdən məhrum edir

"Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı yekun nitqində deyib.

İkinci Qarabağ müharibəsinin sonu olaraq imzalanan Bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Həmin maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".

Bəyanatın şərtinə əsasən, Zəngəzur dəhlizi eni 5 kilometr olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyasını oynayacaqdır. Bu dəhliz Ermənistanın 30 il əvvəl Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində torpaqlarımızın işğal edilməsilə bağlanmış və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı quru yolla respublikamızdan ayrı salmışdı. Bu illər ərzində Naxçıvan sakinləri Zəngəzur dəhlizinin bağlı olması səbəbindən çox əziyyət çəkiblər. Bu çətinlik hələ də yaşanmaqdadır və o, yalnız Zəngəzur dəhlizinin açılması ilə həll olunacaq.

Dəhlizin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Bu dəhlizlə bağlı məsələdə Azərbaycanın, Rusiyanın və Avropa İttifaqının mövqeləri də üst-üstə düşür. Əslində, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün daha vacibdir. Çünki illər ərzində yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirib. Azərbaycan və Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb. O cümlədən iştirak etdiyimiz bütün beynəlxalq layihələr Ermənistandan yan keçib. Doğrudur, bu layihələr həyata keçirilərkən Ermənistanı kənarda saxladığına görə Azərbaycan təzyiqlərlə üzləşib, amma Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və iqtisadi gücümüz müstəqil siyasət yürütməyimizə və öz istədiyimizə uyğun bütün layihələrin icrasına imkan verib.

Bu gün Azərbaycan Ermənistansız da Avropa İttifaqına inteqrasiya olunub, BTQ dəmir yolu vasitəsilə Avropa ilə bağlantı yaradıb. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi getdikcə artır. Cənub Qaz Dəhlizinin tam istifadəyə verilməsi Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatının yeganə alternativ mənbəyinə çevirib. Bir sözlə, Azərbaycan dünya ilə iqtisadi bağlarını Ermənistansız da möhkəmləndirə bilib.

Ermənistan prinsip etibarilə Azərbaycanla nəqliyyat-kommunikasiya xətlərinin açılmasına etiraz etməsə də, "Zəngəzur dəhlizi" ideyasını qəbul etmək istəmir. Ermənistanın bu məsələdə inadkar mövqe ortaya qoymasını şərtləndirən amillərin sırasını müəyyən etsək, birinci yerdə İran dayanır. İran Zəngəzur dəhlizinin işə salınmasına imkan vermir.

Ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi layihəsinə toxunub. Dövlət başçısı deyib ki, Zəngəzur dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Bu dəhlizin açılması Azərbaycanın bir hissəsi olan Naxçıvanla quru yolunun yaranması və bu şəhərin uzun illər ərzində yaşadığı blokada şəraitindən çıxması baxımından böyük əhəmiyyət kəsb edir.

Naxçıvanın inkişafı üçün böyük əhəmiyyətə malik olmaqla yanaşı, dəhliz Azərbaycan vətəndaşlarının quru yolla gediş-gəliş problemini aradan qaldıracaq. Layihə Azərbaycan tərəfindən irəli sürüləndə bir sıra siyasi, iqtisadi və strateji istiqamətlər nəzərə alınıb. Bu dəhliz Azərbaycanın cənub-qərb regionlarını əhatə edəcək və iqtisadi əlaqələrin inkişafına dəstək xarakteri daşıyır. Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistan, həmçinin Xəzər dənizinin strateji prestiji və bütünlükdə bölgə üçün ciddi əhəmiyyətə malikdir. Belə ki, hazırda yükdaşımalar bölgəmizə Orta Asiya ölkələri və o cümlədən Rusiyadan Xəzər dənizi vasitəsilə daşınır. Dəhlizin açılması bu problemi həll edəcək və yeni ticarət marşrutu meydana çıxacaq. Bu marşrutdan təkcə sözügedən ölkələr deyil, hətta Çinin də istifadə etməsi gözlənilir. Bu isə regionda yeni geosiyasi və iqtisadi mühitin formalaşmasına səbəb ola bilər. Əgər Ermənistan dəhlizin açılmasına razı olarsa, yaranacaq yeni iqtisadi layihələrdə İrəvan da iştirak edə bilər. Bu isə Ermənistanın özü üçün əhəmiyyətlidir.

"Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də". Bəli, etirazlarına rəğmən, Zəngəzur dəhlizi açılacağı təqdirdə Ermənistan dalanda qalacaq, o yenə də özünü regional layihələrdən məhrum edəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".