DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KABIL HAVA LIMANININ TƏHLÜKƏSIZLIYI MÜZAKIRƏ OLUNUB

Pentaqon rəhbəri Lloyd Ostin və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub. “Trend” agentliyinin məlumatına görə, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbi bəyan edib.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, tərəflər telefon danışığı zamanı ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda Kabil şəhərinin hava limanında təhlükəsizliyin təmin edilməsini müzakirə ediblər.

“Ostin və Akar təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar, Həmid Karzai Beynəlxalq Hava Limanı ilə bağlı razılaşmalar üzrə qarşılıqlı əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər”, - deyə Con Kirbi vurğulayıb.

Xatırladaq ki, iyunun 14-ü Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-ın maliyyə dəstəyi ilə Əfqanıstanda hərbi kontingent saxlamağa hazır olduğunu bildirib.

FRANSA SƏHIYYƏ NAZIRLIYI “DELTA” ŞTAMMI ILƏ BAĞLI XƏBƏRDARLIQ EDIB

“Yaxın günlərdə “Delta” ştammı Fransada ən geniş yayılmış variant olacaq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran məlumat verib.

Səhiyyə naziri “France Inter” radiostansiyasının efirində bildirib ki, bu ştamm əvvəlki variantlara nisbətən daha yoluxucudur və bu səbəbdən hökumət bütün fransızları vaksinasiyaya laqeyd yanaşmamağa, eləcə də sanitar təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.

Fransa hökumətinin məlumatına əsasən, hazırda Fransada koronavirusa yeni yoluxmuş şəxslərin 50 faizində delta ştammı qeydə alınıb. Ölkədə sanitar vəziyyətin pisləşməsi səbəbindən hökumət bu yay pandemiyanın dördüncü dalğasının başvermə riskini istisna etməyib.

RUSIYADA XARICI VƏTƏNDAŞLARIN QALMA QAYDALARI ASANLAŞIR

Rusiya Daxili İşlər Nazirliyi (DİN) müvəqqəti yaşayış icazəsinin ləğv edilməsini özündə ehtiva edən, xaricilərin ölkəyə giriş və qalma qaydalarına dəyişiklik hazırlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-i məlumat yayıb.

DİN ölkə ərazisində qalma üçün üç miqrasiya rejiminin qurulmasını təklif edir: qısamüddətli (təqvim ili ərzində ümumilikdə 90 gündən çox olmayan), uzunmüddətli (daimi yaşamaq üçün icazə almadan təqvim ili ərzində ümumilikdə 90 gündən çox), daimi yaşayış yeri (müddətsiz).

Eyni zamanda, icazəsi olan əcnəbilərə Rusiyadan çıxmadan qalma məqsədlərini dəyişdirmək imkanı verilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2020-ci ilin martında miqrasiya qanunvericiliyində islahatların aparılmasına dair göstəriş vermişdi.

Aİ ƏHALISININ SAYI PANDEMIYA DÖVRÜNDƏ AZALIB

Avropa İttifaqının (Aİ) 2020-ci ildə ümumi əhalisi 447,3 milyon nəfərdən 447 milyon nəfərədək azalıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Avropanın “Eurostat” statistika agentliyi məlumat yayıb.

Tədqiqatçılar hesab edirlər ki, yeni minilliyin başlanğıcından indiyədək Aİ əhalisi əsasən miqrasiyanın hesabına bir qayda olaraq artım nümayiş etdirib. Müəlliflərin fikrincə, builki azalma koronavirus pandemiyasının mənfi təsirlərindən qaynaqlanır.

Bununla yanaşı, məlumatda qeyd olunur ki, Aİ əhalisi qocalmaqda davam edir. Belə ki, son 20 ildə 80 və daha artıq yaşa malik əhalinin sayı 2 dəfəyədək artıb.

Müəlliflər 2080-ci ilədək Aİ əhalisinin sayının 419 milyon nəfərədək azalacağını proqnozlaşdırırlar.

KEÇMIŞ HƏRBÇILƏR HAITI PREZIDENTININ QƏTLINDƏ ŞÜBHƏLI BILINIR

Haiti prezidenti Jovenel Moizə qarşı sui-qəsdi icra edənlərin ehtiyatda olan Kolumbiya hərbçiləri olduğu ehtimal edilir. “APA”nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir iddianı Kolumbiyanın müdafiə naziri Dieqo Molano Aponte səsləndirib.

“Haiti prezidenti Jovenel Moizin öldürülməsi ilə bağlı İnterpol rəsmi olaraq Kolumbiya hökumətinə və Milli Polisə cinayəti törətdiyi iddia edilən şəxslər barədə məlumat almaq üçün sorğu göndərib. İlkin araşdırmalar onu deməyə əsas verir ki, onlar Kolumbiya vətəndaşları, Milli Ordunun ehtiyatda olan üzvləridir”, - deyə müdafiə naziri bildirib.

Qeyd edək ki, bir qədər öncə Haiti hüquq-mühafizə orqanları prezident Jovenel Moizə qarşı sui-qəsddə 28 şübhəlinin şəxsiyyətinin müəyyən edildiyini, onlardan 26-sının Kolumbiya vətəndaşı olduğunu açıqlamışdı. Məlumata görə, ümumilikdə cinayətkar qrupun 17 üzvü saxlanılıb, daha 7 nəfər isə polis əməliyyatları zamanı öldürülüb, 8 şübhəli isə hazırda təqib edilir.

“TALIBAN” ƏFQANISTANIN IKINCI BÖYÜK ŞƏHƏRINƏ DAXIL OLUB

“Taliban” hərəkatının üzvləri Əfqanıstanın Qəndəhar şəhərinə daxil olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edək ki, Qəndəhar Əfqanıstanın ikinci böyük şəhəridir. Hazırda şəhərin rayonlarının birində “Taliban” və əfqan hökumət qüvvələri arasında şiddətli döyüşlər gedir.

Mənbə toqquşmanın yerli sakinlər arasında itkilərlə nəticələndiyini bildirir. Döyüşlər mərkəzi həbsxananın yaxınlığında baş verib və hazırda rayon bazarı ərazisində davam edir.

Əfqanıstan Milli Təhlükəsizlik İdarəsindən verilən açıqlamaya görə, hökumət ordusunun xüsusi təyinatlıları gecə saatlarında şəhərin bir sıra rayonlarında “Taliban” əleyhinə əməliyyat keçirib. Doqquz yaraqlı öldürülüb, daha ikisi yaralanıb.

TAILANDDA KOMENDANT SAATI TƏTBIQ EDILƏCƏK

Tailand hökuməti koronavirus pandemiyası ilə əlaqədar paytaxt və əyalətlərdə komendant saatı tətbiq edəcək. “Trend” agentliyinin məlumatına görə, ölkədə iyulun 12-dən başlayaraq iki həftə müddətinə sərt məhdudiyyətlər tətbiq olunacaq.

Bu müddət ərzində bütün ticarət mərkəzləri və bir sıra mağazalar, bağlanacaq, ictimai nəqliyyatın iş müddəti azaldılacaq, işçilər maksimum səviyyədə distant rejimə keçiriləcək. Komendant saatı saat 21:00-dan 04:00-dək davam edəcək.

Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Natapanu Nopakun onlayn brifinqdə bildirib ki, sözügedən qərar koronavirusa yoluxmaların artaraq gündəlik 10 min həddinə çatması ilə əlaqədar verilib.

Qeyd edək ki, bu günədək Tailandda 317 mindən çox şəxs koronavirusa yoluxub, 2534 nəfər isə bu xəstəlikdən vəfat edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.