DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: “S-400”Ə GÖRƏ ABŞ-LA QARŞIDURMAYA DƏYƏRDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit raket komplekslərinin alınmasının səbəblərini açıqlayıb. “APA”nın xəbərinə görə, Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində “New York Times” nəşrinə müsahibəsində bildirib ki, əgər ABŞ “Patriot” sistemini satsaydı, Türkiyə Rusiyadan “S-400”ləri almaq məcburiyyətində qalmayacaqdı.

Ərdoğan həm NATO-nun baş katibi Yens Stoltenberq, həm də sabiq ABŞ prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək hüququnu tanıdıqlarını xatırladıb.

“Rusiyadan “S-400”lərin alınmasına görə ABŞ-la qarşıdurmaya dəyərdi?” sualına isə Ərdoğanın cavab belə olub: “Məncə, buna dəyərdi. İstədiyimiz kimi müdafiəmizi gücləndirə bilərik”.

Bununla yanaşı, Ərdoğan Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətinə də toxunub. O qeyd edib ki, ölkəsinin ABŞ-la uzun illərə söykənən əlaqələrinin qorunması və gücləndirilməsi lazımdır.

 

FRANSA BRİTANİYA İLƏ MÜNASİBƏTLƏRƏ YENİDƏN BAXA BİLƏR

Sualtı qayıqlara dair “AUKUS” müqaviləsindən sonra Parislə London arasındakı münasibətlərə yenidən baxılması zəruridir. “Trend” agentliyinin məlumata görə, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.

XİN rəhbəri bildirib ki, Böyük Britaniya ticarət və əməkdaşlıq razılaşması da daxil olmaqla öz öhdəliklərini pozdu.

Jan-İv Le Drianın sözlərinə görə, Paris və Vaşinqton arasındakı münasibətlərdə də müşahidə edilən böhran olduqca ciddidir. “Yalnız dialoq yenidən başladığı üçün böhran bitmədi. Böhran davam edəcək və ondan çıxmaq üçün sözlərə deyil, ciddi əməllərə ehtiyac olacaq”.

Qeyd edək ki, sentyabrın 16-sı ABŞ, Böyük Britaniya və Avstraliya müdafiə tərəfdaşlığı barədə razılaşma imzalayıblar. Razılaşmaya “AUKUS” adı verilib. Bu razılaşmadan sonra Avstraliya Fransanın “Naval Group” şirkəti ilə təxminən 66 milyard dollarlıq 12 sualtı qayığın istehsalını nəzərdə tutan müqaviləni ləğv edib.

 

UKRAYNADA VAKSİNASİYA MƏCBURİ OLACAQ

Yaxın gələcəkdə Ukraynada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək. “Report” agentliyinin məlumatına görə, bunu Ukraynanın səhiyyə naziri Viktor Lyaşko keçirdiyi brifinq zamanı bildirib.

“Səhiyyə Nazirliyinin müvafiq əmri mərkəzi icra hakimiyyəti orqanlarının təsdiqinə göndərilib”, - deyə nazir vurğulayıb.

Eyni zamanda, Viktor Lyaşko qeyd edib ki, söhbət məcburi peyvənddən getmir: “Məcburi peyvənd anlayışı yoxdur. Vaksin olunanlar işləyə biləcək, digərləri isə yox”.

Nazirin sözlərinə görə, əmrdə vaksinin məcburi olacağı peşələrin siyahısı dəqiq müəyyən ediləcək.

 

“TALİBAN” HƏRƏKATI İŞİD-Ə QARŞI ƏMƏLİYYATA BAŞLAYIB

Əfqanıstanın şərqində İŞİD qruplaşması ilə toqquşma nəticəsində “Taliban” hərəkatının azı 17 döyüşçüsü həlak olub. Bu barədə “Teleqraf.com” saytı “Kabul News” telekanalına istinadla xəbər verib.

Bildirilir ki, insident Pakistanla sərhəddə yerləşən Zabul əyalətində baş verib. Məlumata görə, İŞİD silahlıları talibləri pusquya salıb. Həmçinin döyüş nəticəsində üç İŞİD üzvünün də öldürüldüyü bildirilir.

Sentyabrın 29-da “Taliban” hərəkatı son bir ayda dinc sakinlərin və taliblərin ölümü ilə nəticələnən bir neçə partlayışın və silahlı hücumun baş verdiyi paytaxt regionunda və ölkənin şərqində yerləşən Nanqarhar əyalətində İŞİD qruplaşmasına qarşı əməliyyata başladığını elan edib. Həmin hücumların bəzilərinin məsuliyyətini İŞİD-in Xorasan qruplaşması üzərinə götürmüşdü.

 

ÜST: PEYVƏNDLƏ BAĞLI DÜNYADA BƏRABƏRSİZLİK HÖKM SÜRÜR

Adambaşına düşən gəliri aşağı olan ölkələr dünyada tədarük edilən peyvəndlərin yalnız 0,5 faizini, zəngin ölkələr isə 75 faizindən çoxunu əldə edib. “Trend” agentliyinin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

Baş direktorun sözlərinə görə, bu, peyvəndlərin əlçatanlığında “qorxunc qeyri-bərabərlik” olduğunu göstərir. “Hazırkı dövrədək dünyada 6 milyard dozadan çox peyvənd istifadə edilib və dünya əhalisinin demək olar ki, üçdə biri koronavirus əleyhinə tam peyvənd olunub. Lakin bu rəqəmlər arxasında qorxunc bərabərsizlik gizlənir. Peyvəndlərin 75 faizindən çoxu yüksək gəlirli və orta gəliri yüksək olan ölkələrə gedib. Eyni zamanda, aşağı gəlirli ölkələrə tədarük edilən peyvəndlərin yalnız 0,5 faizi çatıb. Afrika əhalisinin cəmi 4 faizi koronavirusa qarşı tam peyvənd olunub”, - deyə Tedros Adhanom Qebreyesus vurğulayıb.

Bununla yanaşı, ÜST rəhbərinin sözlərinə görə, heç bir ölkə dünyanın qalan hissəsi peyvənd olunmadığı halda, pandemiyadan çıxa bilməyəcək.

Qebreyesus xatırladıb ki, ÜST bu ilin sonuna qədər bütün ölkələrdə əhalinin 40 faizini, gələn ilin ortalarına qədər isə 70 faizini tam peyvənd etməyi qarşısına məqsəd qoyub.

 

SAAKAŞVİLİNİN ÖLKƏSİNƏ QAYITMASINA 100 MİNDƏN ÇOX İMZA TOPLANIB

Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin vətənə qayıtması üçün yaradılan xalq hərəkatında artıq 104 min nəfər qeydiyyata alınıb. “Report”un verdiyi xəbərə görə, bu barədə hərəkatın təşəbbüskarı, müxalif “Qanun və Ədalət” Partiyasının sədri Tako Çarkviani məlumat verib.

Partiya sədri bildirib ki, həmin şəxslərin yarısı M.Saakaşvilini hava limanında qarşılamağa gedəcək.

Tako Çarkvianinin sözlərinə görə, eks-prezidentin Gürcüstana dinc şəraitdə dönməsi ilə bağlı ölkədə akkreditə olunmuş bütün diplomatlara, həmçinin Avropa İttifaqı və ATƏT-ə müraciət olunub və sənəddə M.Saakaşviliyə qarşı Avropa Konvensiyasının ədalətli məhkəmə baxışını nəzərdə tutan 6-cı maddəsinin tətbiqi tələb olunub.

Qeyd edək ki, 2015-ci ildən Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili hazırda bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəridir. Səkkiz ildən sonra Gürcüstana qayıtmağa hazırlaşan siyasətçi oktyabrın 2-nə Tbilisiyə bilet alıb. Həmin gün qonşu ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

 

SARKOZİ BİR İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB

Fransanın sabiq prezidenti Nikolya Sarkozi bir il müddətinə azadlıqdan məhrum edilib. “APA”nın “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, Paris məhkəməsi sabiq prezidenti 2012-ci ildə seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə təqsirli bilib.

Nikolya Sarkozi müasir tarixdə Fransanın iki dəfə həbs edilən ilk dövlət başçısı olub. Məhkəmənin qərarına görə Sarkozi həbs müddətində elektron qolbaq taxacaq. Sabiq prezidentlə yanaşı 13 nəfər də iş üzrə təqsirli bilinib.

Qeyd edək ki, Fransanın yerli qanunvericiliyinə əsasən seçki kampaniyasına xərclənəcək maksimum məbləğ 24 milyon ABŞ dolları müəyyən edilib, lakin N.Sarkozinin bu istiqamətdə saxta fakturalarla 54 milyon dollardan çox vəsait xərclədiyi müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, bu, Nikolya Sarkozinin barəsində ikinci cinayət işidir. Bu ilin martında məhkəmə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilərək ona üç il həbs cəzası verib, daha sonra həbs cəzasından iki il silinib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.