QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 27282930 və 31 oktyabr və 2 noyabr tarixli saylarımızda)

3 noyabr 2020-ci il

Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir. Sentyabrın 29-dan indiyədək Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib. Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib. Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu əks-təsir verir və onlar özlərinin işğalçılıq siyasətini ifşa edirlər. Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidentinə bu müsahibələrdə təxribatçı sualların verildiyini də görürük, ancaq dövlətimizin başçısı həmin suallara səbir və təmkinlə cavab verir. Prezidentin köməkçisi qeyd edib: "Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda erməni lobbisi tərəfindən təzyiq və təhdidlərlə üzləşirlər... Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq".

***

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 91 nəfər həlak olub, 405 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2488 ev, 97 çoxmənzilli yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib.

Mətbuat katibi qeyd edib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bir neçə istiqamətindəki mövqelərimizə, xüsusən azad edilmiş ərazilərə yenidən hücumlar edən düşmən şəxsi heyət və texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində daimi dislokasiya məntəqəsində, səngərlərdə və atəş mövqelərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu, 2 ədəd sursatla dolu yük maşını və sursat anbarı, o cümlədən cəbhədə uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı məhv edilib.

***

"Agora Vox" portalı Fransa mediasındakı qərəzlilikdən yazıb. Portalda dərc olunmuş "Dağlıq Qarabağ - Fransız mediası düşərgəsini seçəndə"... qərəz, ya manipulyasiya?" adlı məqalədə deyilir ki, təkrarlanan və oradan-buradan gələn müdaxilələr əsl məlumat və faktları əvəz edir... Qisas, təxribat xarakterli və elə buradan da erməni "dostlarımız"ın xeyrinə olan səs, söz yığını fransız mediasını bürüyüb.

(davamı növbəti saylarımızda)