Erməni vandalizmini özünə nümunə götürən Fransa
Siyasət

Erməni vandalizmini özünə nümunə götürən Fransa

Fransanın illərdir davam etdirdiyi anti-Azərbaycan mövqeyi artıq hər kəsə məlumdur. Bu mövqe özünü on illərdir davam etmiş qeyri-konstruktiv vasitəçilik missiyasında, İkinci Qarabağ müharibəsi zamanı və sonra da ermənipərəst siyasət yürüdülməsində daha aydın şəkildə büruzə verib. Lakin Parisin anti-Azərbaycan siyasəti get-gedə daha da kəskinləşir. Belə ki, Fransanın ölkəmizə qarşı məkrli addımları artıq mədəniyyət və incəsənət sahəsinə də ayaq açıb.

2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibətini aşkar edən qərar qəbul edib. Qərara əsasən 2017-ci ildə açılmış “Azərbaycan parkı” nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Dekabrın 18-də isə müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər.

Fransada baş verənlər bir daha sübut edir ki, bu ölkə ksenofobiya, islamofobiya kimi fikirlərdən azad ola bilməyib, hələ də bu amallar üzərindən hərəkət edir. Azərbaycan əleyhinə revanşist, qərəzli siyasət yürütməsi ilə artıq onun mədəniyyətinə də qərəzli yanaşır.

Şəhər meri Jozian Leyin deyib ki, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Həmçinin, onlar digər bir düşmən münasibəti məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər. Merin müavini Jan-Pyer Amadio isə Xurşidbanu Natəvana ehtiramını bildirərək deyib: “O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu korpüləri dağıtmalıyıq?”

Fransanın xarici siyasətindəki anti-Azərbaycan mövqeyindən sonra şəhərin meriyasının bu hərəkəti heç də təəccüblü deyil. Çünki Paris Ermənistanı açıq-aşkar şəkildə dəstəkləyir. Qarabağın işğalı müddətində mədəniyyət abidələrinə qarşı vandalizm həyata kecirilməsi heç kimə sirr deyil. Buna görə də bu iki şər müttəfiq yenə öz bənzərliyini ortaya çıxarır. Görünür Fransa Ermənistandan barbarlıq dərsi alır. Rəsmi Parisin ölkəmizə qarşı növbəti təxribatı bu dövlətin qərəzli yanaşmasının göstəricisidir. Fransa bütün dünyada mədəni irsin qorunmasına cavabdeh olmasına, UNESCO-ya ev sahibliyi etməsinə baxmayaraq vandalizm, barbarlıq nümayiş etdirir. Bu hörmətsizlik fonunda insan hüquqlarından, mədəni irsin qorunmasından danışan Fransanın həqiqətən də ikiüzlülüyü aydın gorünür.

Azərbaycanın 44 günlük müharibədə qalibiyyəti nəticəsində regionunun geosiyasi vəziyyəti lehimizə dəyişib. Ölkəmiz antiterror tədbirlərini 24 saatdan az müddətdə tamamlayıb, separatizmin kökünü kəsib. Bütün bunlar təqdirəlayiq uğurlardır. Bu uğurlar isə bu gün də həzm olunmur, bəzilərini qıcıqlandırmağa davam edir. Bu səbəblə də ermənipərəst Fransa Azərbaycana qarşı qərəzli mövqeyindən əl cəkə bilmir.

Nurcan SÜLEYMANOVA

''Respublika".