DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİNDƏN DOST OLMAYAN ÖLKƏLƏRƏ QAZIN RUBLLA SATIŞI HAQQINDA FƏRMAN

Rusiya prezidenti Vladimir Putin Rusiya qazının “dost olmayan ölkələr”ə rublla satışının yeni qaydası haqqında fərman imzalayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz belə ölkələrdən olan müqavilə tərəflərinə aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Ödənişlər aprelin 1-dən başlayaraq bu hesablar üzərindən edilməlidir”, - deyə Vladimir Putin vurğulayıb.

Prezident əlavə edib ki, həmin ölkələrin yanacağın rublla ödənişindən imtina etməsi, öhdəliyi icra etməmələri kimi hesab olunacaq və bu halda mövcud müqavilələr dayandırılacaq.

Eyni zamanda, bildirilir ki, “Qazprombank” xarici alıcılar üçün qaz tədarükünü ödəmək məqsədilə səlahiyyətli bank kimi təyin edilib.

 

PEKİN KABİL VƏ İSLAMABADI ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI İŞƏ SALMAĞA ÇAĞIRIB

“Çin, Əfqanıstan və Pakistan bərabər əsasda qarşılıqlı hörmət və məsləhətləşmə prinsiplərinə əsaslanan üçtərəfli əməkdaşlıq mexanizmini yenidən işə salmalıdır”. “APA”nın məlumatına görə, bunu Çinin xarici işlər naziri Van İ Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi və Əfqanıstanın “Taliban” tərəfindən yaradılmış müvəqqəti hökumətinin xarici işlər naziri Əmir Xan Möttəki ilə görüşü zamanı bildirib.

“Mövcud vəziyyətdə Çin, Əfqanıstan və Pakistan siyasət, inkişaf və təhlükəsizlik sahəsində əməkdaşlığı təşviq etmək üçün qarşılıqlı hörmət, bərabər məsləhətləşmə və qarşılıqlı fayda prinsiplərinə əsaslanan üçtərəfli əməkdaşlıq mexanizmini yenidən işə salmalıdırlar”, - deyə Çinin Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

Bununla yanaşı, Van İ xüsusilə “bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsini birgə təşviq etməyin vacibliyinə toxunub.

 

TÜRKİYƏNİN YENİ NƏSİL “ÇAKIR” QANADLI RAKETİ TƏQDİM OLUNUB

Türkiyənin “ROKETSAN” müdafiə sənayesi şirkəti yeni nəsil “Çakır” raketininin təqdimatını keçirib. “Trend” agentliyinin məlumatına görə, 3,2 metr uzunluğunda və 300 kiloqram ağırlıqda olan raket Türkiyənin yerli istehsalı olan turbo mühərriki ilə təchiz olunacaq.

“Çakır” raketinin yaxın zamanlarda kütləvi istehsalına başlayandan sonra Türkiyə Hərbi-Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilib.

Açıqlamaya əsasən, quru, dəniz və hava platformalarından buraxıla bilən “Çakır” qanadlı raketi ən müasir xüsusiyyətləri və təsirli döyüş başlığı ilə silahlı qüvvələrin gücünə güc qatacaq.

“Çakır” şəbəkə əsaslı məlumat bağlantısı sayəsində hədəfə doğru irəliləyərkən, istifadəçinin seçimindən asılı olaraq hədəf dəyişikliyinə və tapşırıqların ləğvinə də imkan verir.

Raketin bu il “Akıncı” PUA-sı vasitəsilə sınaq atəşi həyata keçiriləcək, tam şəkildə inteqrasiyası isə 2023-cü il üçün nəzərdə tutulub.

 

RUSİYA QOŞUNLARI ÇERNOBIL AES-DƏN ÇIXMAĞA HAZIRLAŞIR

Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını (AES) tərk etmək niyyətlərini stansiyanın ukraynalı heyətinə açıqlayıblar. “Report” agentliyinin Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya hərbçiləri həmçinin, peyk şəhəri Slavutiç şəhərini də tərk etməyə hazırlaşır.

Məlumata görə, Slavutiç şəhərini mühasirədə saxlayan Belarusa doğru hərəkət etmək üçün hazırda Rusiya hərbçilərinin konvoyunun formalaşdırıldığına dair sübutlar da mövcuddur.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya hücum edib və təcrid zonasında yerləşən bütün Çernobıl obyektlərinə nəzarəti ələ keçiriblər. Daha sonra, martın 9-da Çernobıl Atom Elektrik Stansiyasının enerjisi tamamilə kəsilib.

 

UKRAYNA ABŞ-DAN BU SİLAHLARI TƏLƏB EDİR

Ukrayna dövləti rus hücumundan müdafiə olunmaq üçün lazım olan silahların siyahısını Konqresə təqdim edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ABŞ-dan tələb olunan silahların siyahısını “CNN” telekanalı dərc edib.

Məlumata əsasən, sözügedən siyahıya kəşfiyyat dronları, taktiki radarlar, PUA-lar üçün elektron döyüş sistemləri və döyüş təyyarələri daxildir.

Eyni zamanda, siyahıda artilleriya sistemləri, zenit-raket kompleksləri, tank əleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə avadanlıqları da var.

Bununla yanaşı, Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ-dan təxminən 30 yeni təchizatdan ilk altısı artıq Ukraynaya çatdırılıb. Mətbuat katibinin sözlərinə görə, Vaşinqton ukraynalıların əksəriyyətinin ehtiyac duyduğu tədarüklərə, o cümlədən tank əleyhinə və zenit sistemlərinə üstünlük verir. Həmçinin vəd edilib ki, “Switchblade” sistemlərini tezliklə göndərməyə başlayacaq.

 

“COVID-19” SONUNCU PANDEMİYA OLMAYACAQ

“COVID-19” sonuncu pandemiya olmayacaq, yeni xəstəliyin ehtimalı və itkilərin miqyası insanların hazırkı pandemiyanın “dərslərini” necə öyrənməsindən asılıdır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

“COVID-19-un sonuncu pandemiya olmayacağına tamamilə əminik. Lakin bunun baş vermə ehtimalı və hansı itkilərə səbəb ola biləcəyi bizdən asılıdır. Biz bu pandemiyanın dərslərini öyrənməliyik”, - deyə baş direktor vurğulayıb.

Bununla yanaşı, təşkilat rəhbərinin sözlərinə görə, yerli vaksin istehsalının artırılmasına ehtiyac var.

ÜST rəhbəri həmçinin qeyd edib ki, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün ictimai səhiyyəyə, xüsusən də ilkin səhiyyə xidmətinə sərmayə qoyuluşuna böyük ehtiyac var.

 

İRAN XİN: ABŞ TƏZYİQ GÖSTƏRMƏK ÜÇÜN HƏR FÜRSƏTDƏN İSTİFADƏ EDİR

“ABŞ İrana təzyiq göstərmək üçün hər bir fürsətdən istifadə edir”. “APA”nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, bu addım Amerika hökumətinin İran xalqına qarşı xoşniyyətli olmamasının daha bir göstəricisidir. “ABŞ-ın hazırkı hökuməti iddia etdiyinin əksinə olaraq hər bir imkandan İran xalqına qarşı əsassız ittiham və təzyiqdən istifadə edir”, - deyə o əlavə edib.

Eyni zamanda, Səid Xətibzadə bildirib ki, ABŞ bir tərəfdən iddia edir ki, hərtərəfli Birgə Fəaliyyət Planının öhdəliklərini tam icra etməyə hazırdır, digər tərəfdən BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur.

 

DÜNYANIN ƏN BÖYÜK LİMANININ FƏALİYYƏTİ İFLİC VƏZİYYƏTİNDƏ

Koronavirusun yayılması ilə əlaqədar Çinin yerli hakimiyyət orqanları tərəfindən tətbiq edilən kütləvi qapanma səbəbindən onlarca konteyner gəmisi dünyanın ən böyük Şanxay limanına daxil ola bilmir. “Trend” agentliyinin verdiyi xəbərə görə, hazırda liman qismən bağlanıb.

Məlumata əsasən, bu artıq ciddi problemlər yaradıb. Liman tam potensialının üçdə bir gücündə işləyir. Logistika operatorları yükləri alternativ məntəqələrə yönləndirirlər. Bu isə daşınma xərclərinin artmasına səbəb olur. Karantin səbəbindən həmçinin Çin hava logistika mərkəzi sayılan Pudonq hava limanı qapanıb. Bildirilir ki, karantin aprelin 5-dək davam edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.