DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VOLODİMİR ZELENSKİ FRANSA PREZİDENTİ İLƏ MÜZAKİRƏLƏR APARIB

Ukrayna prezidenti Volodimir Zelenski fransız həmkarı Emmanuel Makronla telefonla danışıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə Zelenski “Twitter” hesabında bildirib.

“Emanuel Makronla uzun və mühüm söhbətimizi tamamladıq. Biz döyüş əməliyyatlarının gedişi, hərbçilərin “Azovstal”dan təxliyəsi əməliyyatı və danışıqlar prosesinin perspektivləri barədə söhbət etdik. Ukraynaya yanacaq tədarükü məsələsini qaldırdım”, - deyə Ukrayna lideri vurğulayıb.

Eyni zamanda, bildirilir ki, tərəflər danışıqlar zamanı həmçinin Fransanın Ukraynaya müdafiə dəstəyi, Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması və Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropaya ixracı məsələlərinə toxunublar.

Bununla yanaşı, qeyd edilir ki, dövlət başçıları Ukraynanın Aİ üzvlüyünə namizəd statusu ilə bağlı müraciətini əsaslı şəkildə müzakirə ediblər.

 

ALMANİYA KƏŞFİYYATINDAN RUSİYALILARA XƏBƏRDARLIQ

“Moskvanın Qərb texnologiyasından artan təcridinə görə Rusiya kəşfiyyat orqanlarının Almaniyada yaşayan rusiyalılara alman texnologiyasına çıxış əldə etmək üçün təzyiqləri artırması riski mövcuddur”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi açıqlayıb.

Qurum xəbərdarlıq edib ki, Rusiya vətəndaşlığı olan sənaye və elmi işçilər kəşfiyyat orqanları üçün xüsusi maraq doğurur. “Rusiya xüsusi xidmət orqanları rusiyalılarla, ilk növbədə, onların əlaqə saxlamağa məcbur olduqları Almaniyadakı diplomatik nümayəndəliklər vasitəsilə və ya Rusiyaya səfər edərkən təmasa girmək imkanına malikdir”, - deyə idarənin açıqlamasında qeyd olunur.

Bununla yanaşı, Federal İdarə Rusiyada qalan qohum və ya tanışlara təzyiqləri də istisna etməyib: “Ümumiyyətlə, Rusiya xüsusi xidmət orqanları lazım gələrsə, hədə-qorxu və şantaj kimi üsullardan çəkinmir”.

Qeyd olunub ki, bir başqa təhlükə olaraq isə Rusiya qaynaqlı kiberhücumlardır. İdarənin məlumatına görə, müharibə başlayandan sonra Almaniya resurslarına “DDoS” hücumları ilə məşğul olan “KILLNET” qrupu fəallaşıb.

 

ABŞ HƏRBÇİLƏRİNİ YENİDƏN SOMALİYƏ QAYTARIR

ABŞ prezidenti Cozef Bayden ordunun Somalidəki mövcudluğunu bərpa etmək qərarına gəlib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.

“Prezident Cozef Bayden ABŞ Müdafiə Nazirliyinin qüvvələrini Şərqi Afrikaya qaytarmaq tələbini təsdiqləyib”, - deyə adı açıqlanmayan ABŞ rəsmisi vurğulayıb.

Mənbənin sözlərinə görə, Somaliyə 500 nəfərdən az hərbçi göndəriləcək. Onlar bölgənin digər ölkələrindən Somaliyə yönəldiləcəklər.

Məlumat üçün qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə demək olar ki, bütün ABŞ qoşunlarının - təxminən 700 hərbçinin 2021-ci ilin əvvəlinə qədər Somalidən çıxarılması barədə qərar qəbul etmişdi.

 

BMT-DƏN RUSİYAYA QARŞI SANKSİYALARI YUMŞALTMAQ TƏKLİFI

BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın taxıl ixracına imkan yaradacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata əsasən, hazırda Antonio Quterreş Ukraynanın ərzaq ixracatını dünya bazarlarına açmaq və qlobal ərzaq qıtlığının qarşısını almaq üçün Rusiya, Türkiyə və digər ölkələrlə danışıqlar aparır.

Diplomatlar hesab edir ki, Rusiya ciddi danışıqlar aparmır. Onların sözlərinə görə, Türkiyə dənizi minalardan təmizləmək və naviqasiyanı idarə etmək də daxil olmaqla, razılaşmalarda iştirak etməyə hazır olduğunu bildirib.

Eyni zamanda, taxıl məhsullarının blokdan çıxarılması qarşılığında Antonio Quterreş Rusiya və Belarus kaliumunu dünya bazarına qaytarmağı təklif edir.

Bildirilir ki, Rusiya və Ukraynanın BMT-dəki nümayəndələri məsələyə şərh verməkdən imtina ediblər.

 

BORREL: UKRAYNANIN HƏRBİ TƏCHİZATININ TÜKƏNMƏSİNƏ İMKAN VERILMƏYƏCƏK

Avropa İttifaqı (Aİ) hərbi əməliyyatların kritik anında Ukraynanın silah və hərbi texnikasının tükənməsinə imkan verməyəcək. “Report” agentliyinin məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel qurumun Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında çıxışı zamanı bəyan edib.

“Hazırda müharibə kritik mərhələdədir. Biz Ukraynanın hərbi texnikası və silahlarının tükənməsinə icazə verə bilmərik”, - deyə ali diplomat qeyd edib.

Eyni zamanda, diplomatiya rəhbəri əlavə edib ki, Aİ ölkələrinin Ukraynaya eyni intensivliklə fasiləsiz silah tədarükünü davam etdirmək üçün kifayət qədər resursları mövcuddur.

Josep Borrel həmçinin bildirib ki, Aİ-nin mülki məsləhət missiyası sərhəd nəzarəti və müharibə cinayətlərinin təhqiqatına dəstək vermək üçün Kiyevə qayıdıb.

Məlumata əsasən, sözügedən missiya sərhəd nəzarəti və hərbi cinayətlərin araşdırılmasında mülki fəaliyyətlər vasitəsilə Ukrayna hakimiyyətinə kömək edəcək.

 

NATO-NUN 15 MİN ƏSGƏRI RUSİYA İLƏ SƏRHƏDDƏ TƏLİMLƏRƏ BAŞLAYIB

NATO Rusiya ilə sərhədin 60 kilometrliyində genişmiqyaslı təlimlərə başlayıb. “Teleqraf.com”un xəbərinə görə, NATO-nun Baltikyanı regionda keçirdiyi ən böyük təlimlərdən biri olan “Kirpi 2022”də alyansa üzv olacaqlarını açıqlayan Finlandiya və İsveç də iştirak edir.

Məlumata əsasən, Rusiyanın Ukraynaya müdaxiləsinin 83-cü gününə keçdiyi bir vaxtda NATO Rusiya sərhədi yaxınlığında irimiqyaslı hərbi təlim keçirir.

Estoniyada mayın 16-da başlayan təlimdə ABŞ və Ukrayna, həmçinin NATO-ya üzv olmağa hazırlaşan Finlandiya və İsveç də daxil olmaqla 14 ölkədən minlərlə hərbçi iştirak edir.

NATO-nun Baltik regionunda indiyə qədər keçirdiyi ən böyük təlimlərdən biri olan “Kirpi 2022”də 15 minə yaxın əsgər, hava, quru və dəniz qüvvələri ilə yanaşı, kiber döyüş qrupları da iştirak edir.

NATO-nun açıqlamasına əsasən, ABŞ təlim üçün bölgəyə nəhəng desant gəmisi göndərib. Digər tərəfdən, NATO rəsmiləri Rusiya sərhədinin 60 kilometrliyində başlayan təlimin Ukraynadakı müharibədən əvvəl planlaşdırıldığını açıqlayıb.

 

QUM FIRTINASI İRAQDA HƏYATI İFLİC EDİB

İraqda güclü qum fırtınası səbəbindən dövlət məktəbləri, ofislər bağlanıb, Bağdad Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb. “Trend”in “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Bağdadda, səhiyyə xidmətləri istisna olmaqla, dövlət qurumlarında istirahət günü elan edilib.

Eyni zamanda, yerli səhiyyə orqanlarının məlumatına görə, paytaxt və ölkənin cənubunda yüzlərlə insan nəfəs almaqda çətinlik problemi ilə xəstəxanalara müraciət edib.

Bağdad Beynəlxalq Hava Limanının yaydığı açıqlamada, görmə məsafəsinin aşağı olması səbəbindən hava məkanını bağladığı və bütün uçuşların növbəti bildirişə qədər dayandırdığı bildirilib.

BMT-nin məlumatına görə, İraq iqlim böhranından əziyyət çəkən ölkələr sırasında beşincidir. Quraqlıq və həddindən artıq yüksək temperatur əkin sahələrini qurudur və İraqın böyük bir hissəsini yay aylarında yaşamaq üçün çətin vəziyyətə salır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.