Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən  insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan “Yazının ixtirası”nı oxuculara təqdim edirik.

“Respublika”.

Yazının ixtirası

Dünyada bəzən elə kəşflər olur ki, onların müəllifləri həmin dövr üçün öz tapıntılarının mahiyyətini və miqyasını doğru-dürüst dəyərləndirə bilmirlər. Bəşər tarixində yeni inqilabların təməli, bünövrə daşı olan yazının ixtirası da belə tapıntılar sırasındadır. Onun ixtirasının dünyanın bugünkü səviyyəyə gəlib çatmasında nə qədər böyük əhəmiyyətə malik olduğunu söyləməyə yəqin ki, ehtiyac yoxdur. Bu gün müasir həyatı kitab, qəzet və informasiya axını olmadan təsəvvür etmək mümkün deyil. Yazı bəşəriyyətin təkamülü yolunda ən mühüm, fundamental kəşflərdən biridir. Hətta əhəmiyyət baxımından bu addım, bəlkə də, uzun müddət od yandırmaq və ya bitki yetişdirməyə keçidlə müqayisə edilə bilər. Onun ixtirası tədqiqatçılara görə, tarixin başlanğıcı hesab olunur.

Yazının formalaşması minilliklər boyu davam edən çox çətin bir prosesdir. Əgər insanlar öz inkişaflarının müəyyən mərhələsində onlara lazım olan informasiyanı bəzi simvolların köməyi ilə qeyd etməyi və bununla da onu ötürməyi, saxlamağı öyrənməsəydilər, sivilizasiyanın inkişafının hansı istiqamətdə gedə biləcəyini təsəvvür etmək belə mümkün deyil.

Əslində, yazının yaranma tarixi çox qədim zamanlara gedib çıxır. Bu yerdə tarixə kiçik bir ekskursiya etməyə dəyər.

Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnız şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə kimi uzun inkişaf yolu keçərək indiki formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur. Lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Onun başlanğıc yolu heç bir xüsusi plan üzrə deyil, tədricən yaranmışdır. Dilin əmələ gəlməsində olduğu kimi, yazının yaranmasında da kollektiv əmək böyük rol oynayıb. Yəni, yazı ayrı-ayrı şəxslər tərəfindən deyil, ümumi kollektiv tərəfindən yaradılmışdır.

İnsanlar qədim dövrlərdə məlumatı uzaq məsafəyə ötürmək üçün qrafik işarələr sistemi yaratmağa müvəffəq oldular ki, bu da yazı adlandırıldı. Cəmiyyətdə hərfi yazının ixtirası insanların şifahi yaradıcılığını yazıya köçürmək imkanı verdi və mədəniyyətə keçid üçün şərait yaratdı. Bu keçid cəmiyyətin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Yazmağı, oxumağı bacaran insan təbiət və cəmiyyət hadisələrinə qarşı mübarizədə, özünü daha güclü hesab etməklə yanaşı, geniş miqyasda birləşmək imkanları, yeri gəldikcə başqa qonşu xalqların təcrübəsindən istifadə etmək bacarığı əldə etdi. Min illərlə davam edən bu proses cəmiyyətin daha da təkmilləşməsinə kömək etməklə oxunuşu, yazılışı asan olan yazı tipləri və formalarını meydana çıxardı.

Bəşəriyyətin inkişafının lap erkən dövrlərində yaranmış Şumer, Misir, Çin, Hind yazısı ən mükəmməl səs yazısı sistemləri hesab edilir. Bu və ya digər yazı tipinə mənsub olan, dünya xalqlarının yaratmış olduğu yazıların bir çoxu hələ də oxunmamışdır. Erkən, qədim dünya mədəniyyətinə dair son elmi-tədqiqatlar təsdiq etmişdir ki, dünyada ilk yazının yaradıcısı şumerlər olmuşdur. Yazının icadının hansı xalqa məxsus olduğu barədə fikir ayrılıqları olsa da, çoxluq Anadolu sivilizasiyasından olan şumerlərin üzərində dayanır. Belə ki, daşların üzərinə ilk dəfə olaraq mismarla cızma-qara edənlərin şumerlər olduğu güman edilir. Mismar vasitəsilə yazı yazan şumerlər ilk dəfə simvollardan istifadə edirdilər. Bu simvollar eramızdan təxminən 3200 il əvvələ qədər uzanır. İlk bəşər mədəniyyətinin yaradıcısı olan şumerlər hələ 10-12 min il bundan əvvəl gil lövhəciklərdə ilk yazı tipi olan mixi yazı ilə öz kitablarını yazıblar. Şəkilli yazının əsas əlamətlərini özündə daşıyan mixi yazı uzun bir tarixi yol keçmiş, təxminən 3 min il əvvəl mixi yazı sisteminə çevrilmişdir. Mixi yazının 600-dən çox işarəyə malik olmasına dair bir çox tarixi faktlar var.

Qədim dünya xalqlarının yaratmış olduğu yazıların dörd əsas tipi vardır: piktoqrafik yazı; ideoqrafik yazı; heca yazısı; səs yazısı.

Piktoqrafik (şəkilli) yazıda bu və ya digər məlumatların çatdırılması şəkillər vasitəsilə həyata keçirilirdi. Yazının bu növü çox qədim zamanlarda meydana gəlmişdir. Bir-birilə əlaqə saxlamağa can atan insanlar piktoqramlardan istifadə yolu ilə öz ünsiyyət tələbatlarını ödəməyə çalışırdılar.

Məsələn, Qobustan qaya təsvirlərinin bir çoxu piktoqrafik yazı nümunəsidir. Belə yazılar əksər hallarda daş lövhələr üzərinə həkk edilirdi. Azərbaycan alimləri qədimdən belə lövhələri kitabələr adlandırmışlar. Kitabələrə demək olar ki, ölkəmizin bütün regionlarında rast gəlmək olar. Azərbaycan ərazisində mövcud olan Qobustan qoruğunda daş kitabələrin çox qiymətli nümunələri saxlanmaqdadır. Təqribən b.e.ə VIII əsrə aid olan bu nümunələr öz tarixi qədimiliyinə və piktoqramların müxtəlifliyinə görə dünyada mövcud olan bu tipli abidələrdən ən zənginidir. Bu qoruğu Azərbaycan tarixinin daş yaddaşı, daş kitabxanası adlandırmaq olar.

Zaman keçdikcə qədim insanların istifadə etdiyi piktoqrafik yazı yeni, ideoqrafik (fikri) yazı ilə əvəz edildi. Əgər piktoqrafik yazıda bir şeyi təsvir etmək üçün onun şəkli verilirdisə, ideoqrafik yazıda onun haqqında fikri ifadə edən bir işarə verilirdi. Məsələn, piktoqrafik yazıda "öküz" haqqında məlumat vermək istədikdə öküzün şəkli çəkilirdisə, ideoqrafik yazıda onun şəkli yox, başına və yaxud buynuzuna oxşayan işarələrdən istifadə edilirdi. Beləliklə, ideoqrafik yazı piktoqrafik yazıdan heca yazısına keçid mərhələsini təşkil etdi.

Səs (fonoqrafik) yazı növü də qədim dünyada geniş yayılan yazı tiplərindən biridir. Səs yazısı dilin səslərini qrafik işarələrlə əks etdirirdi. Bu yazı tipinin meydana gəlməsində ideoqrafik yazı baza rolunu oynamışdır. Səs yazısı məhz bu baza əsasında formalaşmağa başlamışdır. İdeoqrafik yazının səs yazısına çevrilməsi bir çox yüzilliklər davam etmiş, onun işarələri tədricən bütöv sözü deyil, sözün səslərini bildirmiş, bunun da nəticəsində hərifli yazı formalaşmışdır. Alimlər səs yazısını çox vaxt əlifba da adlandırırdılar. Qədim dünya dövlətlərinin bir çoxunda səs yazısı müstəqil surətdə meydana gəlmişdi. Səs yazıları içərisində ən mükəmməl səs yazısı sistemləri: Şumer, Misir, Krit və Çin yazısı hesab edilir. Bu günədək yaşamaqda davam edən yeganə səs yazısı isə Çin yazısıdır.

Əvvəllər şəkilli (piktoqrafik) yazıdan istifadə edən misirlilər dövlət idarə sisteminin inkişafı və təsərrüfat həyatının canlanması ilə əlaqədar yeni yazı sisteminə keçməyə böyük ehtiyac hiss etdiklərindən müxtəlif anlayışları və hadisələri ifadə etmək üçün işarələrdən istifadə etməyə başladılar. Bu, dünya yazı sistemi tarixində mühüm addım idi. Misirlilər bu yazı işarələrini heroqlif adlandırırdılar. Heroqlif yunanca "müqəddəs işarə" deməkdir. Bu yazı sistemi Misirdə e.ə. 3100-2800-cü illərdə tətbiq edilməyə başlamışdır. Fransız alimləri Şamplon və Qranfeld 1822-ci ildə bu heroqlifləri oxumağa müvəffəq oldular. Bundan sonra 1916-cı ildə praqalı professor Qrozm mixi yazıları, 16 ildən sonra isə heroqlifləri oxumaq qaydalarını hazırladı. Beləliklə, dünyanın ən böyük sirləri müasir insanlar qarşısında açıldı. Səs yazısının geniş yayılması, tədricən təkmilləşməsi və qədim dünyanın bir çox xalqlarının inkişafı ən böyük kəşflərdən biri hesab edilən əlifbanın meydana gəlməsinə səbəb oldu...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".