Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"İnstagram"a yeni funksiya əlavə edilib

Dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən biri olan,  "Facebook" şirkətinə məxsus "Instagram"a yeni funksiyanın əlavə ediləcəyi bildirilib. Belə ki, artıq "Instagram"da süni intellektlə istifadəçinin  adından mesaj yazıla  biləcək. Məlumata görə, süni intellekt ilə mesaj yazmaq, profilinizi yalnız dostlarınız üçün xüsusiləşdirə biləcəyiniz funksiya  yaxın zamanda qarşınızda olacaq.

Hazırda sözügedən sistem üzərində işlənilir. Hələlik birbaşa mesajlar əsasında işləyən tətbiq cəmi 1-2 sözlə uzun mətnlər yarada bilir və vaxta qənaət etmək baxımından əlverişlidir. Onu da qeyd edək ki, "Instagram" hazırda "Mənim həftəm" adlı funksiyanı da inkişaf etdirir. İlkin məlumatlara görə, hələ test mərhələsində olan və təqdim edilməyə hazır olmayan bu funksiya, şirkətin beta kodlarına əlavə edilib. Habelə bu xüsusiyyətin son 7 gündə paylaşılanları bir araya gətirəcəyi və insanların istənilən vaxt buradakı hekayələri silməsi mümkün olacaq.

İnformasiya texnologiyaları işçiləri kütləvi ixtisar edilir

Texnologiya nəhəngləri keçən aykı tendensiyanı davam etdirərək   on minlərlə İT (İnformasiya Texnologiyaları) işçisini ixtisar edir. Qeyd edək ki, "Amazon", "Google" və "Microsoft"  kimi nəhəng şirkətlər gəlirlərini artırmaq üçün bu addımı atanlar arasındadır. Lakin bu dəfə vəziyyət  daha fərqlidir. Çünki şirkətlər süni intellektdən istifadə edərək səmərəliliyi artırırlar və mütəxəssislərə ehtiyac qalmır.

Məlumata görə, 2023-cü ildə 2 mindən çox şirkət ümumilikdə 428836, başqa sözlə desək gündə təxminən 1175 nəfəri ixtisar edərək işdən çıxarıb. İndi isə təkcə bu ilin əvvəlindən 45 mindən çox İT işçisi ixtisar edilib. Qeyd edək ki, "Telefonica" şirkəti 3412,  "Xerox" 3075, "Paypal" 2500, "Microsoft "1900, "Unity" 1800, "Google" mobil bölməsi və "eBay" 1000, "Twittch"  isə 500 nəfəri işdən azad edib. Müəssisələr üçün proqram təminatının hazırlanmasında ixtisaslaşan və təxminən 8000 peşəkarı işə götürən alman şirkəti "SAP" da da eyni vəziyyətdir.

Ümumiyyətlə, süni intellekt texnologiya sənayesində işləyənlərin işinə çox zərər vurub desək yanılmarıq. Təbii ki, bu hal texnologiya nəhənglərinin səmərəliliyini artırsa da, minlərlə işçinin ixtisar olunmasına səbəb olur. Hətta bir çox İT mütəxəssisi kifayət qədər maliyyə dəstəyi olmadan işsiz qalır. Bu vəziyyət süni intellektdən istifadə artıqca günü-gündən daha da qəlizləşir.

Süni bitkilər vasitəsilə elektrik enerjisi alınacaq

Artıq dünyanın bir çox ölkələrində bərpaolunan enerji mənbələrindən istifadə edilir. Bildiyimiz kimi, bu enerjilərə  külək, günəş enerjiləri də  aiddir. Lakin Amerika Kimya Cəmiyyətinin (ACS) tədqiqatçıları daha bir üsul ilə alternativ enerji əldə etməyin yolunu tapıblar. Süni bitkilərin küləyi və yağışı elektrik enerjisinə çevirə biləcəyini müəyyən edən tədqiqatçılar, bu yolla bərpa olunan enerjinin davamlılığını  təmin  etməyi düşünürlər.

Ümumiyyətlə, bərpaolunan enerjinin əsas çatışmazlıqlarından biri onun bəzi mənbələrinin daim mövcud olmamasıdır. Belə ki, günəş enerjisi üçün lazım olan günəş şüaları gecələr mövcud olmur.  Bu fikri  külək enerjisinə də  aid etmək olar. Tədqiqatçılar gələcəkdə  iki təbii qüvvədən, külək və yağışdan eyni vaxtda elektrik enerjisi istehsal etməklə bu problemin qismən qarşısını almaq  istəyirlər. Bu üsul inkişaf etdirildikdən sonra müəyyən cihazlar üçün daha çevik və uzunmüddətli enerji təchizatına da səbəb ola bilər.

"OpenAI"dan daha bir yenilik

"Techxpolore" veb saytında yayımlanan məlumata görə,  hazırda "OpenAI" şirkəti yeni proqram təminatı üzərində çalışır. Yeni sistem insanların iştiraklarını tələb edən daha çox tapşırığı yerinə yetirə biləcək.   

Məlumata əsasən hazırlanan yeni süni zəka sistemi  iki növə bölünəcək və onlar bəzi peşələrin nümayəndələrini tamamilə əvəz edə biləcəklər. Birinci növ süni zəka sistemi müxtəlif cihazlar və tətbiqlərlə bağlı qəliz tapşırıqların avtomatlaşdırılmasında istifadə ediləcək. Məsələn, sistem məlumatları bir sənəddən elektron cədvələ köçürə və ya xərclərlə bağlı hesabatları hazırlayaraq mühasibat üzrə proqram təminatına yerləşdirə bilər. Adətən bu cür proseslər kompüter klaviaturasının düymələrindən və "mouse"dan istifadəni tələb edir. Müvafiq olaraq insanın iştirakı şərtdir. İkinci növ süni zəka isə online tapşırıqların yerinə yetirilməsinə istiqamətlənəcək. Söhbət, məlumatların yığılması, səyahət marşrutlarının tərtib edilməsi və təyyarə biletlərinin bronlaşdırılmasından gedir. Şirkətin bu yeni süni zəka məhsullarının nə zaman istifadəyə veriləcəyi barəsində hələ ki, məlumat yoxdur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".