Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan “İsa Məsihin dünyaya gəlməsi”ni oxuculara təqdim edirik.

“Respublika”.

 

İsa Məsihin dünyaya gəlməsi

Bəşəriyyətin yarandığı gündən bəri tarixin gedişatına təsir edən ən mühüm hadisələrdən biri də, xristian dininin əsasını qoyan İsa Məsihin dünyaya gəlməsidir. Yer üzünə gəlişi ilə dünya tarixini iki hissəyə bölən (miladdan öncə və miladdan sonra) İsa peyğəmbər həm bir filosof, həm də missioner kimi qısa ömründə insanlığı tam olaraq dəyişdirə bilmişdir.

33 illik ömründə fəqirlərə, məzlumlara həmdəm olan İsa peyğəmbər, ilahi təlimləri ilə bütün bəşəriyyətə həqiqi həyat, haqq yolu xilası Allah yolunu öyrətdi. Dünyadakı insani ömrü (insani olaraq) çarmıxa çəkilməklə bitsə də, ölüm belə onu tuta bilmədi: üç gün sonra yenidən dirilərək insanların gözləri qarşısında səmaya əzəldən bəri var olduğu yerə Allahın özünə qayıtdı.

Tarixən var olmuş çox az şəxsiyyət onun qədər dünyaya təsir göstərə bilmişdir. Təbii ki, peyğəmbərləri hər hansı bir tarixi şəxsiyyətlərlə yanaşı qoymaq düzgün olmaz, çünki onların ideologiyası bütün zamanlar və məkanlar üçün keçərli olmuş, heç dəyişməmişdir.

İsa (əleyhissalam) özündən əvvəlki bəzi peyğəmbərlər kimi silahlı mübarizə aparmamış, müharibə etməmişdir. Nə Davud (ə) kimi hökumət qurmuş, nə də Musa (ə) kimi öz xalqını əsirlikdən xilas etmişdir. İsa peyğəmbər bəlkə də, bunlardan daha çətin və daha mühüm bir missiyanın icrasına girişmişdi. Dörd səmavi kitabdan biri - "İncil" İsaya(ə) nazil olmuşdu. O, ürəklərdə Allahın hökumətini quraraq, insanları öz tamah və nəfslərinin əsirliyindən xilas etməyə çalışırdı. Şəhərləri, kəndləri dolaşıb, xalqa nəsihət və öyüd verən əxlaq müəllimi, mənəviyyat ustadı, ruh həkimi idi. Onun üçün ölüləri diriltmək, ölü qəlbləri diriltməkdən ötrü vasitə idi. Onun üçün xəstələri sağaltmaq, zəlalət mərəzinə tutulmuş ürəklərə şəfa verməyin müqəddiməsi idi.

İsanın dünyamıza gəlişi, bəşər tarixini iki hissəyə - miladdan öncə və miladdan sonraya bölmüşdür. "Milad" sözü İsanın doğulmasını ifadə edir. Tarix bu dövrlərə ən mühüm hadisə - yeni dünya dininin-xristianlığın yayılmasının başlanğıcı olan İsa Məsihin doğuşu ilə bölünür. Eramızın ilk əsrlərində Roma tarixində baş verən hadisələr də, xristianlığın tarixi ilə qırılmaz şəkildə bağlıdır.

Peyğəmbərin doğulma tarixi mübahisə doğuran məsələlərdəndir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.

E.ə.IV əsrdə Herodun Yəhudeya Krallığı, Roma İmperiyası dövründə yaşadığı güman edilir. Əslən yəhudi olan İsa (ə) bəşər tarixində Adəmdən (ə) sonra atasız doğulan ilk və hələ də yeganə insandır. Belə ki, onun ana bətnində bioloji və mənəvi ata olmadan möcüzəvi şəkildə yaradıldığı ehtimal edilir.

Roma şəhərinin təməlinin atılmasından təqribən 750 il sonra, Fələstinin Vifleem şəhərində bir uşaq doğulur. Uşağın anası - Məryəmin bakirə olduğu iddia edilirdi. Məryəm yəhudi peyğəmbəri Zəkəriyyənin tərbiyəsi altında Yahva məbədində böyümüşdür. Anadan əlil doğulan, sol qıçından axsayan Məryəm abırlı və yəhudi qanunlarına sözsüz tabe olan, məbədə gələn ianələrlə dolanan yetim bir qızdı. Bir gün Zəkəriyyə peyğəmbər Məryəmin hamilə olduğunu sezir. Lakin Məryəm bakirə olduğunu və Tanrının işıq şəklində bətninə girdiyini bildirir. Zəkəriyyə Məryəmə inanır. Amma yəhudi qanunlarına görə zina etmiş qadın daş-qalaq olunmalıydı. Buna görə də peyğəmbər onu Yusif adlı yaşlı bir kişi ilə evləndirir və onları Yerusəlimdən uzaqlaşdırır. Bir neçə aydan sonra isə Vifleemdə İsa Məsih dünyaya gəlir. Onun doğulduğu gecə göydə planetlərin bir sırada düzüldüyü xəbəri verilir. Məsih yəhudilərin Misir əsirliyindən qurtuluşu, bayram etdiyi gün, pasxa bayramı -axşam doğulub.

Rəvayətə görə, Məsihin doğulması xəbərini alan Şərq müdrikləri (maqlar) onun arxasınca gələrək uşağı Misirə aparırlar. Burada bir müddət qaldıqdan sonra Yusif və Məryəm İsa ilə geri, Fələstinə dönürlər və onlar Nazaretdə yerləşirlər. Bu müddətdə artıq Məryəmin yeni uşaqları dünyaya gəlmişdi (İsanın 6 qardaşı olub).

Eramızın təqribən 28-ci ilində Zəkəriyyə peyğəmbərin oğlu Yəhya peyğəmbər yəhudi şahı İrodun zülmünə qarşı mübarizə aparır və yəhudiləri müqəddəs hesab olunan İordan çayında suya çəkərək (xristianların xaç suyuna çəkmək ayini buradan yaranıb), onları saflaşdırdığını iddia edir və bildirirdi ki, tezliklə Maşiah (Məsih) zühur edəcək. Buna görə də, yəhudilər xilaskarın qarşısına saf və təmiz çıxmalıdırlar. Artıq həmin dönəmdə Zəkəriyyə peyğəmbər ölmüşdü və Məryəmi isə demək olar ki, heç kim xatırlamırdı.

Yəhyanın növbəyə duran insanları suya çəkdiyi günlərin birində bir gəncin ona doğru gəldiyini görür. Yəhya əlindəki işi saxlayıb İsaya: "Mən sənin əlinlə təmizlənməliyəm, sən isə mənə gəlmisən?", - deyir. Bunun cavabında İsa "Bütün həqiqətləri gerçəkləşdirməliyəm", - deyir və Yəhyanın əli ilə saflıq suyuna çəkilir. Bu hadisədən qısa müddət sonra yəhudi şahı İrod Yəhyanı həbs edərək başını kəsdirir. 40 günlük tənhalığa çəkilən Məsih səhraya yollanır. O, səhradan dönəndə Tanrının oğlu olduğunu, hər kəsi xilas etmək üçün gəldiyini bəyan edir.

Xilaskarın gəlməsi tezliklə bütün Nazaretə və Fələstinə yayılır. Məsihi görmək istəyən minlərlə insan onun yanına axın edir. O isə insanları arxasına toplayaraq bir kənddən başqa kəndə, bir şəhərdən başqa şəhərə yönəlir. Hər yerdə Tanrı oğlu olduğunu isbatlamaq üçün möcüzələr göstərir. Hətta ölünü belə diriltməsi, anadangəlmə əlillərə şəfa verməsi haqqında hədislər "Qurani-Kərim"də belə yer alıb.

Amma Məsihin ən böyük möcüzəsi ölünü diriltməsi olmur. Əsl möcüzə Məsihin insanlara söylədiyi sözlərdi, onun moizələri idi. İnsanlar heç bir zaman heç kimdən eşitmədikləri sözləri ondan eşidirdilər.

Məsihin insanlara vəd etdiyi əsas şey bərabərlik və azadlıq idi. Tanrı qarşısında insanların bərabər olduğunu ilk dəfə İsa Məsih söyləmişdi. İnsanlar arasında maddi bərabərliyi də ilk dəfə o tələb etmişdi.

Məsihin müridi olmaq üçün sərvətin olmamalıydı. Tanrının oğluna yaxın olmaq istəyən hər kəs sərvətini kasıblara paylamalıydı. Bu əsas şərt idi. Bu şərti qəbul etməyənlər Tanrının hüzuruna çıxa bilməzdi.

Məsih həm də istedadlı və kütləyə ciddi təsir edə biləcək bir inqilabçı idi. O, inqilab etməyə cəhd göstərirdi. Üç il müddətində sərgərdan gəzən Məsih pasxa bayramı öncəsi Yerusəlimə gəlir və Yahva məbədinə gedir. Dua etdikdən sonra bütün ravvinləri (yəhudi ruhaniləri) məbəddən qovur. Bu, faktiki olaraq çevriliş cəhdi idi. İsa Məsih bununla yəhudi cəmiyyətində inqilabi çevriliş etməyə çalışırdı. Silahlı dəstələri olmayan peyğəmbərin tək güvəndiyi güc xalq idi.

Amma yəhudi xalqı onun arxasınca getmir. Ravvinlər xalqın böyük bir hissəsinin Məsihə qarşı laqeydliyini görüncə onu həbs edir və Roma hakimi Ponti Pilatanın yanına aparırlar.

Məsih iki quldurla Qolqaf çölündə çarmıxa çəkilir. Çarmıxda üç gün dözülməz işgəncə çəkən peyğəmbər üçüncü günün sonunda üzünü göyə tutub fəryad edərək son nəfəsini verir və cəsədi mağaradakı bir qəbrə yerləşdirilib, üzərinə iri bir daş qoyulur (yəhudi adətinə görə cəsəd üç gündən sonra torpağa tapşırılmalıdır). Üç gündən sonra qəbiri ziyarətə gələnlər gözlərinə inanmırlar. Qəbirin üzərindəki daş qaldırılmış, cəsəd isə yoxa çıxmışdı. Mağaradan çıxarkən Məsih onların gözünə görünür və qeybə çəkildiyini, Tanrının dərgahında taxt qurduğunu və qiyamət günündə geri dönüb ona tapınanları xilas edəcəyini bildirir.

Əlbəttə, İsa Məsihin qeybə çəkilməsi sonradan xristian ideoloqları tərəfindən uydurula bilərdi. Amma qəribədir ki, xilaskarın qeybə çəkilməsi və qiyamət öncəsi geri qayıdaraq imanlı insanları xilas edəcəyi ilə bağlı irəli sürülən iddialar dünyanın bütün aparıcı dinlərinin əsas motivini təşkil edir. Bu gün xristianlar xilaskar olaraq İsa Məsihi, Buddistlər Buddanı, şiələr Mehdi Sahib əz-Zamanı gözləyirlər. Buddizmlə xristianlıq arasında çoxlu paralellər var. Hətta buddistlər İsa Məsihi yenidən dünyaya gəlmiş Budda kimi qəbul edirlər. Bu gün İsa Məsihin Budda məbədlərində Budda paltarında çəkilmiş şəkilləri belə var.

IV əsrin başlanğıcında Roma imperatoru Konstantin xristian dinini qəbul edəndən sonra 300 il davam edən təqiblərə baxmayaraq, Roma imperiyası daxilində xristianlıq kifayət qədər yayılmağa başladı və rəsmi dövlət dininə çevrildi.

Bəs imperator Konstantin xristian dinini qəbul etməsəydi, nə olacaqdı? Əgər nəzərə alsaq ki, İsa Məsihin ideyaları 300 il müddətində təqiblərə baxmayaraq, aşağı sosial qruplar tərəfindən yaşadıldı və yayıldı, o zaman əminliklə söyləmək olar ki, xristianlıq Roma imperiyasının rəsmi dövlət dili olmasaydı, sosial mahiyyəti siyasi mahiyyətə uyğun dəyişikliyə məruz qalmasaydı, İsa Məsih orta əsrlərdə dünya sosialist inqilabını meydana gətirəcəkdi.

İsa Məsihin insanlıq tarixində yaratdığı böyük dəyişiklik də məhz bundan ibarətdir. Məsih dünyaya və insanlıq tarixinə sosial dəyərləri və sosial inqilab anlayışını gətirdi. Məsihin azadlıq və bərabərlik ideyaları onun adı ilə yaranan dində təşəkkül tapmasa da, Məsihin ideyaları dünyanın yenidən qurulması üçün təkan oldu. Bu gün özlərini ateist adlandıran kommunistlər, solçular, liberalizm tərəfdarları məhz İsa Məsihin ardıcıllarıdır.

İsa Məsih vəd olunan xilaskardırmı? Tanrı onu insanları doğru yola gətirmək üçünmü yollamışdı? Bunlarla bağlı mübahisə etmək olar. Amma İsa peyğəmbərin dünyaya sosialist ideyalarını gətirməsi dəqiq faktdır. 700 ildən sonra onun arxasınca gələn Məhəmməd peyğəmbər də eyni ideyalar uğrunda savaşacaq və dünyanın ilk sosial dövlətini yaradacaqdı...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".