İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Atletimiz Avropa birinciliyində 3 medal qazanıb

Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.

Azərbaycan yığma komandasının üzvü Tehran Məmmədov yaşı 20-dək olan idmançılar arasında 61 kiloqram çəki dərəcəsində yarışıb.

İdmançımız birdən qaldırma hərəkətində 120 kiloqramı, təkanla qaldırma hərəkətində isə 141 kiloqramı başı üzərinə qaldırıb, gümüş və bürünc medal əldə edib. Təmsilçimiz toplamda 261 kiloqram nəticə ilə gümüş medala sahib olub.  

 

Taekvondoçuların çempionatına yekun vuruldu

Eyndhoven şəhərində Taekvondo üzrə 40-dək ölkədən 800 idmançının qatıldığı G2 kateqoriyalı açıq Niderland çempionatı keçirilib. Yığmamız açıq Niderland çempionatını 3 qızıl və 4 bürünc medalla başa vurub.

Yığma komandamızın tərkibində 8 taekvondoçumuzdan 7-si fəxri kürsüyə yüksəlib. Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl medala sahib olublar. Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) üçüncü yeri tutublar.

 

Stolüstü tennisçimiz ikinci olub

Çexiyanın Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlı təlim-məşq toplanışı və turnirə yekun vurulub. Yarışda Azərbaycan, Çexiya, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri mübarizə aparıblar.

Toplanışdan sonra keçirilən turnirdə ölkəmizi Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil ediblər. Turnirin yalnız final görüşündə uduzan Mərziyyə Nurmətova fəxri kürsünün ikinci pilləsində yer alıb, digər təmsilçimiz isə 7-ci yerlə kifayətlənib.

 

“Mingəçevir reqatası” keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ənənəvi “Mingəçevir reqatası”nı yenidən bərpa edir. Oktyabrın 21-23-də təşkil olunacaq reqatada 15-dək ölkə -- Azərbaycan, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Türkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edəcək.

Komandalar oktyabrın 21-də Suqovuşan su anbarında kayak və kanoe növlərində, oktyabrın 22-23-də isə həm kayak və kanoe, həm də akademik növlərdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində mübarizəni davam etdirəcəklər. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar. 

Nərgiz İSMAYILOVA,

“Respublika”.