İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Basketbol Liqasında iştirak edəcək komandalar müəyyənləşib

Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024-cü illər mövsümündə iştirak edəcək son iki klubun loqoları və adları müəyyənləşib. Bunlar Bakını təmsil edəcək "Xəzri" və Sumqayıt şəhərinin eyniadlı təmsilçisi olacaq.

Azərbaycan çempionatında bu mövsümdə ümumilikdə 10 komanda mübarizə aparacaq. Liqada "Xəzri" və "Sumqayıt"dan başqa, "Sabah", NTD, "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi İK", "Cəlilabad" və "Şəki" klubları da iştirak edəcək.

Onlar dünya birinciliyində çıxış edəcək

Oktyabrın 5-dən 9-dək Qırğızıstanın paytaxtı Bişkekdə sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyi keçiriləcək.

Yarışda milli komandanın 14 üzvü mübarizə aparacaq. Yeniyetmələr arasında Ziyəddin Zeynallı (53 kiloqram), Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Nicat Sultanov (71 kq, Sülhan Süleymanlı (79 kq), Hüseyn Hüseynli (88 kq) və Hacıbaba İmaməliyev (+98 kq) qüvvəsini sınayacaq. Gənclər arasında isə Sahib Babayev (58 kq), İlkin Şahgəldiyev (64 kq), Ricad Nadirov (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) çıxış edəcək.

AFFA rəsmisinə UEFA-dan yeni təyinat

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

 O, Konfrans Liqasının qrup mərhələsində Türkiyədə "Beşiktaş" və İsveçrənin "Luqano" komandası arasında keçiriləcək II tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq. Qarşılaşma oktyabrın 5-də İstanbuldakı "Beşiktaş Park" stadionunda keçiriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".