Bal bu dərdin də dərmanı imiş
Son zamanlar bal üzərində aparılan araşdırmalar artdıqca ortaya təəccüblü nəticələr çıxmaqda davam edir. Bu dəfə də Kanadanın Toronto Universitetinin alimləri balın qan şəkəri və pis xolesterinin səviyyəsini aşağı saldığını ortaya çıxarıblar.
Məlumdur ki, bal ən faydalı qidalardan biridir. "Apetite" jurnalında dərc edilən informasiyaya görə, gün ərzində iki yemək qaşığı bal istehlakı qan şəkərini sabitləşdirməyə və xolesterol səviyyəsini yaxşılaşdırmağa kömək edə bilər.
Elm adamları aclıq zamanı balın qan şəkəri səviyyəsini, qanda "pis xolesterin" kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin sayını və iltihabı azaltdığını aşkar ediblər. Bu səbəbdən də mütəxəssislər pəhrizində şəkər tozu əvəzinə, əlavə dadlandırıcılardan istifadə edən 2-ci tip diabet və ürək xəstəliklərindən əziyyət çəkənlərə bal yeməyi məsləhət görürlər.
Sınaqlara cəlb olunan mindən çox iştirakçıya 8 həftə ərzində gündə 40 qram və ya iki xörək qaşığı bal verilib. Yalnız bir bitkidən əldə edilən, balın bədənə ardıcıl olaraq neytral və faydalı təsirləri üzə çıxıb. Belə ki, ağ çiçəkli akasiya ağaclarından əldə olunmuş xam balın daha çox faydalı xüsusiyyətlərə malik olduğu məlum olub. Tədqiqat zamanı, həmçinin balın 65 dərəcə Selsidən yuxarı temperaturda qızdırıldıqda sağlamlığa olan faydasının azaldığı müəyyən edilib.
Sözügedən universitetin tibb fakültəsinin baş elmi işçisi Tauseef Khan balın təxminən 80 faiz şəkərdən ibarət olması səbəbindən nəticələrin çox təəccüblü olduğunu söyləyib.
"Lakin bal eyni zamanda da çox nadir tapılan şəkər, zülal, üzvi turşu növlərinin və sağlamlıq üçün faydalı olan digər bioaktiv elementlərin kompleks birləşməsidir",- deyə Khan bildirib.
Sümüklərimizin qeydinə necə qala bilərik?
Hər nə qədər sərt və dinamik bir toxuma kimi görünsə belə sümüklərimiz də köhnələ və zəifləyə bilər. Xüsusilə yaşlandıqca sürətlənən sümük rezorbsiyası ən kiçik qəzada belə gözlənilmədən sümüklərin zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən də bədənimizi təşkil edən sümüklərin qeydinə vaxtında qalmasaq, orta yaş həddinə çatanda osteoporoz ( sümük əriməsi) riski qaçılmazdır. Bəs sümüklərimizin sağlam olması üçün hansı qidalara üstünlük verək?
Əslində, bunun üçün heç də bahalı və tapılmayan qidalar tələb olunmur. Gün ərzində yetərli miqdarda kalsium qəbulu ən vacib şərtlərdən (1-10 yaş üçün 800 mq, 11-24 yaş üçün 1200 mq, yaşlılar üçün isə 800 mq) biridir. Kalsiumun ən əsas qaynağı isə süd və süd məhsulları hesab olunur. Elə buna görə də gün ərzində 2 fincan süd, yaxud qatıq və iki kibrit qutusu ölçüsündə pendir istehlak edilməsi tövsiyə olunur. Gənclərdən fərqli olaraq, bir qədər yaşlı olanlara yağlılıq faizi az olan süddən istifadə məsləhət görülür. Süddən başqa, brokkoli, kələm, ispanaq, fındıq, yerfıstığı, badam, qoz və bəhməz də bu qidalara aiddir. Bundan əlavə, gün ərzində göyərtilərdən də istifadə edilməlidir.
Məlum olduğu kimi, D vitamini sümük sağlamlığı, kalsium və əzələlərin quruluşu üçün əhəmiyyətli rola sahibdir. Bu vitaminin əsl qaynağı isə Günəş işığıdır. Bu səbəbdən də sümüklərin möhkəmliyi üçün gün ərzində ən azı 15 dəqiqə Günəş şüası qəbulu mütləqdir.
Sümüklərin sağlamlığı üçün gün ərzində hər kiloqrama görə 1 qram protein qəbul edilməlidir. Zülalın əsas mənbəyi isə heyvan mənşəli məhsullar hesab olunur ki, bu qidalara qırmızı ət, balıq, yumurta, süd, kəsmik, pendir, paxlalı bitkilərdən isə noxud, lobya, mərcimək, soya və s. aiddir.
Sümüklərin möhkəmliyi üçün fiziki aktivlik də çox vacibdir. Bu səbəbdən də hər gün gəzintiyə çıxmaq məsləhət görülür.
Daima eyni qidalara meyil edirsinizsə...
Elə insanlar var ki, gündəlik qida rasionunda davamlı olaraq eyni yeməklərə üstünlük verirlər. Lakin mütəxəssislər bu halın orqanizmdə meydana gələn bəzi xəstəliklərin xəbərçisi olduğunu söyləyirlər. Bəs eyni qidalara meyillilik hansı xəstəlikdən xəbər verir?
Alimlərin sözlərinə görə, hər gün şirniyyata meyillilik yuxu çatışmazlığının əlaməti ola bilər. Elm adamları yuxu müddəti artdıqda şirniyyata olan tələbatın müəyyən qədər azaldığını deyirlər. Ancaq bir insanı şirniyyat məhsulları içərisində xüsusilə şokalad cəlb edirsə, psixoloji sağlamlıq barədə düşünmək lazımdır, bu, depressiyaya işarə edə bilər. Çünki şokoladın tərkibində maqnezium və teobromin var ki, bu maddələr əzələlərin rahatlaşmasına və stress hormonlarının azalmasına kömək edir.
Mütəxəssislərin fikrincə, bəzi insanlarda buz yemək istəyinin də bir səbəbi var. Aparılan araşdırmalar zamanı sübut edilmişdir ki, bu hal dəmir çatışmazlığından qaynaqlanan anemiyanın simptomlarıdır. Eləcə də kir və ya sabun kimi yeyilməsi mümkün olmayan şeyləri yemək istəyi də dəmir çatışmazlığının əlaməti hesab edilir.
Sodalı, qazlı içki istəyi isə kofein, kalsium çatışmazlığı barədə xəbər verir. Bu tip içkilər sümüklərdən kalsium və maqneziumu kənarlaşdırdığı üçün osteoporoza, yəni sümüklərin əriməsinə səbəb olur.
Alimlər hesab edir ki, çips və kartof yemək istəyi varsa, bu halda kifayət qədər omeqa-3 yağ turşusu qəbul etməyi düşünmək lazımdır. Bu vəziyyətdə daha çox yağlı balıq, avokado, qoz-fındıq yemək tövsiyə olunur.
Gün ərzində davamlı olaraq suya olan tələbatın üstünlük təşkil etməsi şəkərli diabet xəstəliyindən xəbər verir. Güclü bir aclıq hissi isə bədəndə kifayət qədər maye olmadığına dair xəbərdarlıq edir.
Yuxusuzluq probleminin çözümü
Norveçin Elm və Texnologiya Universitetinin elm adamları yuxusuzluq probleminin sirrini çözüblər. Belə ki, alimlər yuxusuzluqdan əziyyət çəkən insanların mütləq şəkildə idmanla məşğul olmalarını tövsiyə edirlər.
30 mindən çox orta yaşlı insan üzərində aparılan araşdırma zamanı müəyyən edilib ki, müntəzəm olaraq ürək döyüntüsünü artıran fiziki fəaliyyət yuxusuzluğa qarşı istifadə edilən həblərə olan ehtiyacı aradan qaldırır. Fiziki sağlamlığın yuxusuzluğu aradan qaldırmağa təsir edib-etmədiyini öyrənməyə çalışan tədqiqatçılar, 50-55 yaş arası 34 min 357 nəfərin fiziki fəaliyyəti və sağlamlıqlarına dair məlumatlardan istifadə ediblər.
"Mayo Clinic Proceedings" jurnalında dərc edilən 14 illik araşdırmanın nəticələri göstərir ki, 5800 könüllü yuxu dərmanından istifadə edir. Bu isə iştirakçılardan təxminən 17 faizinin yuxusuzluqla bağlı problemlərinin dərman qəbul ediləcək qədər ciddi olduğunu göstərir. Lakin nəticələrə görə gündəlik fiziki fəaliyyətlə məşğul olan respondentlər yuxu həblərindən daha az istifadə edir.
Tədqiqatın nəticələrinə görə, fiziki cəhətdən aktiv olan kişilər gələcəkdə yuxusuzluqla bağlı problemlərinin ortaya çıxma riski digərləri ilə müqayisədə 15 faiz aşağıdır. Lakin mütəmadi olaraq idmanla məşğul olan qadınlarda isə bu riskin 12 faiz çox olduğu bildirilir. Bu isə idmanın qadınlara faydasının olmadığı anlamına gəlmir.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".