İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Taekvondoçularımız uğurlu nəticələr əldə ediblər

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb. Yarışın son günündə yığmamızın üzvü 37 kiloqram çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli finalda İspaniya təmsilçisinə qalib gələrək çempion olub. Vasif Səlimov (53 kiloqram) da qızıl medal qazanıb. Elcan Əliyev (65 kiloqram) finalda məğlub olduğundan gümüş medala layiq görülüb. Millimizə digər mükafatı Fuad Məhərrəmli qazandırıb. 45 kiloqram çəkidə döyüşən idmançı yarışı bürünc medalla başa vurub. Yığmanın heyətində daha öncə Zəhra İsayeva (29 kiloqram) qızıl, Xuraman Cavadzadə (37 kiloqram) gümüş, Mehdi Budaqlı (33 kiloqram) və Bahadur Dostuyev (49 kiloqram) isə bürünc medal qazanıblar.

Beləliklə, yığmamız Avropa birinciliyini 3 qızıl, 2 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 8 medalla başa vurub. Həm oğlanların, həm də ümumi komanda hesabında qitənin üçüncüsü olub. Bu göstərici Azərbaycan taekvondo tarixində son 15 ilin rekordudur.

 

 "Caspian Open" karate turniri

Azərbaycan Karate Təşkilatının (AKT) "Caspian Open" beynəlxalq karate turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəstəyi ilə Bakı İdman Sarayında təşkil edilən növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edib.

Yarışın yekun nəticəsinə görə, "Arpaçay", "Qara Qaplan" və Fövqəladə Hallar Nazirliyinin (FHN) karate klubu fərqlənərək ilk üçlükdə yer alıb.

 

Ölkə birinciliyi başa çatıb

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini əhatə edən yarışda 66 komandanın 326 boksçusu mübarizə aparıb. Yeddi gün davam edən turnirdə 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final döyüşlərində qalib gələn Məhəmmədəli Məmmədli, Əli Baxışov, Bilalhabaşi Nəzərov, Sübhan Babayev, Faiq Mollayev, Eldar Abdullazadə, Elbrus Kərimli, Orucəli Cavadzadə, Mirhəsən İbrahimov, Kənan Aslanlı, Rüstəm Nemətov, Kənan İsayev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli və İlkin Məmmədli çempion tituluna sahib olublar. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Turnirin komanda hesabında "Təhsil" Respublika İdman Mərkəzi 89 xalla birinci, Gəncə komandası 21 xalla ikinci, "Neftçi" İdman Klubu 18 xalla üçüncü yerdə qərarlaşıb.

 

"Ocaq" beynəlxalq kuboku yarışına

yekun vurulub

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə birinci "Ocaq" beynəlxalq kuboku yarışına yekun vurulub. 13 ölkədən 317 gimnastın çıxış etdiyi beynəlxalq yarışda ölkəmizi 200 gimnast təmsil edib. Turnirdə 2010-2016-cı il təvəllüdlü gimnastlar güclərini nümayiş etdiriblər. Gimnastlar fərdi yarışlarla yanaşı, qrup hərəkətləri proqramında da medallar uğrunda mübarizə aparıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".