DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

Aİ VƏ İRAN NÜVƏ SAZİŞİ ÜZRƏ DANIŞIQLAR APARIR

Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İordaniyadakı danışıqlarda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası üçün ikitərəfli təmasları və səyləri davam etdirmək barədə razılığa gəliblər. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Aİ ilə İran arasında münasibətlərin pisləşməsi fonunda İranın xarici işlər naziri ilə zəruri görüş keçirildi. Rusiyaya hərbi dəstəyin və İranda repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladıq. Biz razılaşdıq ki, təmasları davam etdirək və Vyanada danışıqlar əsasında BHFP-ni bərpa edək”, - deyə Jozep Borrell qeyd edib.

İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya, ABŞ, Aİ və İranın özünün iştirak etdiyi uzunmüddətli danışıqlar nəticəsində qəbul edilib. Bununla belə, 2018-ci ilin mayında ABŞ-ın əvvəlki administrasiyası sazişdən çıxdığını elan etdi. Ötən ilin noyabrında Vyanada İranın nüvə proqramı və BHFP-nin bərpası ilə bağlı danışıqlar keçirilib.

 

“TALİBAN” HÖKUMƏTİNDƏN QADINLARLA BAĞLI GÖZLƏNİLMƏZ QƏRAR

Əfqanıstanda “Taliban” hakimiyyəti qadın müəllimlərin və qız şagirdlərinin məktəblərə buraxılmaması ilə bağlı göstəriş verib. Bu barədə “Report” agentliyi məlumat yayıb. Bildirilib ki, dekabrın 21-də ölkə paytaxtı Kabilin bir sıra məktəblərinin rəhbərliyinə qadın müəllimlərin işə gəlməmələri ilə bağlı “Taliban”ın əmri göndərilib.

Paytaxtda valideynlər qeyd ediblər ki, onların qızlarını silahlı yaraqlılar məktəblərə buraxmayıb. Məlumata görə, “Taliban” hökuməti əvvəllər ibtidai sinfin qız şagirdlərinin dərslərdə iştirakına icazə versə də, indi onlara qadağa qoyub.

Məlumata əsasən, dekabrın 21-də silahlı radikallar səhər saatlarında Kabil Universitetinin qapısında toplaşaraq qız tələbələrin təhsil müəssisəsinə buraxılmamasını yoxlayıblar.

Bununla yanaşı, “Taliban” hökuməti növbəti bildirişə qədər universitetlərdən qız tələbələr üçün dərslərin dayandırılmasını tələb edib. Onlar bu məhdudiyyətləri ölkədə “uyğun İslam mühiti”nin yaradılmasının “zəruriliyi” ilə izah edib.

 

RUMINİYA PİLOTSUZ UÇUŞ APARATLARININ İSTEHSALINA BAŞLAYIB

Rumıniya “Watchkeeper X” dronlarının istehsalına başladığını elan edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən xəbərə əsasən, istehsal olunacaq pilotsuz təyyarələr Rumıniya ordusunun sərəncamına veriləcək.

Qeyd olunub ki, bununla əlaqədar Rumıniya Müdafiə Nazirliyinin tabeliyindəki “Romtehnica” şirkəti ilə İsrailin “Elbit Systems” şirkətinin nümayəndələri 380 milyon avro dəyərində yeddi ədəd “Watchkeeper X” dron sisteminin tədarükünə dair çərçivə sazişi imzalayıblar.

Məlumata görə, “Watchkeeper X” dronları üçün texniki xidmətlərlə bağlı əməliyyatlar Rumıniyanın milli müdafiə sənayesi şirkətləri tərəfindən həyata keçiriləcək ki, bununla da böhran və ya müharibə vəziyyətlərində bu əməliyyatların sərhəddən kənarda aparılmasına ehtiyac qalmayacaq.

 

FRANSANIN PEYK DAŞIYAN RAKETİ QƏZAYA UĞRAYIB

Avropanın “Vega-C” raketi orbitə mülki və hərbi təyinatlı iki peyki çıxara bilməyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Fransanın “Arianespace” operator-şirkəti bildirib.

Şirkətin açıqlamasına əsasən, dekabrın 20-də buraxılan “Vega-C” iki - “Pleiades Neo 5” və “Pleiades Neo 6” mülki və hərbi təyinatlı peyklərini orbitə çıxara bilməyib.

Məlumata görə, təxminən 105 kilometr hündürlüyə çatan raket faydalı yüklə birlikdə kəskin şəkildə aşağı enməyə başlayıb. İlkin versiyaya görə, daşıyıcının ikinci mərhələsinin işində texniki nasazlıq yaranıb.

Qeyd edilir ki, İtaliya istehsalı olan raket Fransa Qvianasındakı Kuru kosmodromundan buraxılıb.

Yüngül çəkili daşıyıcı aparat olan “Vega-C” 2014-cü ildən etibarən Avropa Kosmik Agentliyi və İtaliya Kosmik Agentliyi ilə birgə hazırlanıb. Uzunluğu təxminən 35 metr və kütləsi 210 tona yaxındır. O, 700 kilometr hündürlükdə qütb orbitinə 2200 kiloqrama qədər yük daşımaq qabiliyyətinə malikdir.

 

BAYDEN ŞİMALİ AMERİKA SAMMİTİNDƏ İŞTİRAK ÜÇÜN MEKSİKAYA SƏFƏR EDƏCƏK

ABŞ prezidenti Cozef Bayden Şimali Amerika ölkələri liderlərinin görüşündə iştirak etmək üçün yanvarın 9-da Meksikaya səfər edəcək. “Report” agentliyinin məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi keçirdiyi növbəti brifinqdə bildirib.

“Prezident Baydenin Şimali Amerika Sammitində iştirak üçün yanvarın 9 və 10-da Mexikoya səfərini elan etməkdən məmnunam”, - deyə Con Kirbi vurğulayıb. Üçtərəfli görüşdə Baydendən başqa, Meksika prezidenti Andres Manuel Lopes Obrador və Kanadanın baş naziri Castin Trüdo da iştirak edəcək.

Eyni zamanda, Con Kirbi qeyd edib ki, sammitdə Amerika lideri iqlim dəyişikliyi ilə mübarizə, Şimali Amerika ölkələrinin rəqabət qabiliyyətinin artırılması, qeyri-qanuni miqrasiya məsələlərini müzakirə etmək niyyətindədir.

 

Aİ ÖLKƏLƏRİ QAZIN QİYMƏTİ İLƏ BAĞLI RAZILIĞA GƏLİB

Avropa İttifaqı (Aİ) ölkələri qazın qiymətinin maksimum həddi ilə bağlı razılığa gəliblər. “Trend”in xəbərinə görə, bu barədə Aİ Şurasının iclasdan sonra yayılan açıqlamasında qeyd olunur.

Məlumata əsasən, qəbul edilən qərar 2023-cü il fevralın 15-dən tətbiq olunacaq və 180 avro təşkil edəcək (min kubmetr üçün təxminən 1,85 min avro).

“Qazın qiymətinin korreksiyası mexanizmi fevralın 15-dən iki şərtlə aktivləşdirilə bilər: qazın qiyməti üç gün ərzində 180 avro səviyyəsində qalarsa və TTF qiymətləri ilə mayeləşdirilmiş təbii qazın orta qiyməti arasında fərq 35 avrodan çox olarsa”, - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Aİ ilə razılaşdırılmış qazın qiymətinin maksimumu bazarda qıtlıq yaranarsa, istənilən vaxt dayandırıla bilər.

“Avropa Komissiyası Avropa bazarında Aİ-nin enerji təhlükəsizliyini təhdid edən qaz çatışmazlığının olduğunu hesab edərsə, mexanizm dayandırıla bilər”, - deyə açıqlamada vurğulanır.

 

SERJ SARKİSYANIN AİLƏSİ MƏHKƏMƏ QARŞISINA ÇIXARILACAQ

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, qızları Anuş və Satenik qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, onlar bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınırlar və  artıq ilk məhkəmə iclası 2023-cü il yanvarın 19-na təyin edilib. Həmin gün eks-prezidentin qardaşı oğlu Narek Sarkisyan və həyat yoldaşı Anna Nikoyan da məhkəməyə çağırılıb.

Bununla yanaşı, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi xatırladıb ki, məhkəmə iclasına gəlməmək işə baxılmasına maneə deyil.

Xatırladaq ki, Ermənistanın üçüncü prezidentinin qardaşı Levon Sarkisyanın qızı Ani və oğlu Narek də qanunsuz varlanmada, bəyan edilməli olan əmlakı gizlətməkdə ittiham olunurlar. Levon Sarkisyana qarşı axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. Ani və Narek Sarkisyan ev dustaqlığındadırlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.