İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləşçilərimizin uğurlu çıxışı davam edir

 Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində sərbəst güləşçimiz Əliabbas Rzazadə birinci olub. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yaponiyalı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millimizin digər üzvü Hacı Əliyev (70 kq) isə turniri gümüş medalla başa vurub. O, həlledici görüşdə ABŞ təmsilçisinə məğlub olub. Hacı Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib. Daha əvvəl isə Əli Rəhimzadə (65 kq) bürünc medal əldə edib. Qeyd edək ki, "Zaqreb Open"ə fevralın 5-də yekun vurulacaq.

 

Şahmatçımız mövqeyini qoruyub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2747 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2740 xalla 15-ci olub. Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2427) 39-cudur. Gənclər arasında dünya çempionu Gövhər Beydullayeva 2387 xalla 58-ci sırada qərarlaşıb.

 

Boksçularımız ilin ilk turnirində

Mərakeşdə fevralın 2-10-dək Qızıl kəmər seriyası çərçivəsində turnir keçiriləcək. Yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər. Kişi boksçulardan ibarət Azərbaycan millisi də ilin ilk yarışında iştirak edəcək. Azərbaycan yarışda 10 boksçu ilə təmsil olunacaq -- Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev  (+92 kq). Komanda fevralın 12-də Vətənə qayıdacaq.

 

“Tour of Sharjah” yarışı başa çatıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışı başa çatıb. Yarışın  sonuncu -- 5-ci mərhələsində 72.3 kilometr məsafəyə qrup ötüşməsində mübarizə aparıblar. Milli komandamızın üzvlərindən Musa Mikayılzadə mərhələni doqquzuncu yerdə başa vurub (01h25'28''). Nəcəf Bağırov 25-ci (01h25'28''), Elçin Əsədov 29-cu (01h25'28''), Elgün Əlizadə 76-cı (01h25'28''), Şahin Eyvazov isə 92-ci (01h25'28'') sırada qərarlaşıblar. Son mərhələdə komanda hesabında isə millimiz beşinci nəticə göstərib (04h16'24'').

Ümumi təsnifatda Musa Mikayılzadə 9 saat 50 dəqiqə 26 saniyə göstərici ilə 15-ci pillədə yer alıb. O, yarışın lideri olan Taylandın “Roojai Cycling Team” klubunun niderlandlı üzvü Van Engelen Adnedən (09h48'17'') 2 dəqiqə 9 saniyə geri qalıb. Qeyd edək ki, yarışda 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçi mübarizə aparıb.

Nərgiz İSMAYILOVA,

“Respublika”.