ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ GƏNCƏDƏ OLUB
Region

ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ GƏNCƏDƏ OLUB

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində almaniyalı diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Almaniya münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Şəhər rəhbəri, Böyük İpək Yolu üzərində yerləşən qədim zəngin tarixə malik olan Şeyx Nizami yurdu ulu Gəncə şəhəri haqqında  qonağa ətraflı məlumat verib. O bildirib ki, Gəncəçay çayının hər iki sahilində yerləşən Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada yüngül və ağır sənaye, eyni zamanda yeyinti məhsulları istehsal edən müəssisələr fəaliyyət göstərir. Şəhər rəhbəri qeyd edib ki, Gəncə qədim zamanlardan elm və mədəniyyət mərkəzi hesab olunur. Azərbaycan Milli Elmlər Akademiyasının yeganə regional bölməsi Gəncədə yerləşir. Bununla yanaşı, Azərbaycanda aqrar sahədə ixtisaslaşmış kadr yetişdirən yeganə universitet Azərbaycan Dövlət Aqrar Universiteti də məhz burada fəaliyyət göstərir. Gəncənin dünyanın bir sıra şəhərləri ilə əməkdaşlıq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Niyazi Bayramov belə  münasibətlərin Almaniya şəhərləri ilə də qurulmasının vacibliyini qeyd edib. Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq səmimi qəbula görə şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib, Gəncədə olmaqdan məmnunluq ifadə edib. O qeyd edib ki, sadəcə Azərbaycan yox, ümumilikdə Qafqaz regionu üçün əhəmiyyətli şəhər olan Gəncə yüksək iqtisadi potensiala malikdir. Səfir həmçinin, Almaniya və Azərbaycan arasında olan tarixi və mədəni əlaqələrə də nəzər salıb. O qeyd edib ki, Almaniyanın Gəncə ilə münasibətlərinin tarixi 200 ildən artıqdır. “Alman həmvətənlərim  200 il əvvəl Göygöl yaxınlığında bir qəsəbədə məskunlaşıblar ki, bu da Gəncə ilə Almaniya arasında münasibətlərin nə dərəcədə intensiv olmasını bir daha göstərir. Gəncədə alman izlərinin qorunub saxlanılması da olduqca təqdirəlayiqdir” – deyə, səfir bildirib. Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, törədilmiş hərbi cinayətlərin izləri ilə yerində tanış olub.

Ermənistanın silahlı qüvvələrinin Gəncədə törətdikləri terror aktları nəticəsində həlak olan mülki şəxlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılan ərazilərə tər çiçəklər düzülüb. Səfir Volfqanq Maniq möhtəşəm Nizami Gəncəvi Məqbərə Kompleksində də olub. O, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məzarını ziyarət edib. Almaniyalı diplomata Nizami Gəncəvi yaradıcılığı və zəngin irsi barədə ətraflı məlumat verilib. Daha sonra Nizami Gəncəvi Muzeyində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Şərq dünyası ədəbiyyatı" mövzusunda tədbir keçirilib və almaniyalı İslam dini alimi, müəllif və tərcüməçi Ştefan Vaydnerin məruzəsi dinlənilib.

       Zabit XƏLİLOV,

“Respublika”.