Azərbaycan gənci Vətənin işıqlı sabahı, xoşbəxt gələcəyidir
Sosial həyat

Azərbaycan gənci Vətənin işıqlı sabahı, xoşbəxt gələcəyidir

17 Noyabr Beynəlxalq Tələbə Günüdür

1946 -cı ildə Praqada faşizm vəhşiliyinin qurbanları olmuş çex vətənpərvər tələbələrin edamının ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində 17 Noyabr - Beynəlxalq Tələbə Günü təsis edilmişdir.

Dünyada Beynəlxalq Tələbə Günü gənclərin şənlik günü kimi qeyd edilsə də,  onun yaranma tarixi qanlı, faciəli hadisə ilə bağlıdır. Bu faciəvi hadisə 1939-cu il  oktyabrın 28-də Çexiyada nasistlərin işğalı dövründə tələbə və müəllimlərin Çexoslovakiya dövlətinin yaranmasının ildönümünü qeyd etmək üçün Praqada nümayişə çıxardıqları zaman baş verib. Faşist qoşunlarının zorakılığına məruz qalan tələbələrdən biri, tibb fakültəsinin tələbəsi Yan Opletal aksiya dağıdılan zaman güllələnib. Opletalın dəfn mərasimi tələbələrin etiraz aksiyasına çevrilib. Faşistlər etiraz aksiyasının qarşısını almaq məqsədilə tələbə yataqxanalarını mühasirəyə almış və 1200 tələbə həbs edilərək faşistlərin cəza düşərgəsinə aparılmışdır. Tələbə hərəkatının 9 fəal üzvü isə heç bir məhkəmə hökmü olmadan edam edilmişdir. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə kimi dayandırılmışdır. 1941-ci ildə tələbələrin Londonda keçirilən beynəlxalq görüşündə Çexoslovakiyada həlak olan tələbələrin şərəfinə hər ilin bu gününü Tələbə Günü kimi qeyd etmək qərara alınmışdır. İlk vaxtlar bu tarixi gün hüzn və matəm günü kimi qeyd olunsa da, sonradan noyabr ayının 17-si bütün dünyada bilik və həyatı simvolizə edən bayram kimi keçirilir.

Dünyanın bir çox universitetləri Beynəlxalq Tələbə Gününü multikulturalizm və müxtəlifliyi nümayiş etdirmək üçün bir fürsət kimi dəyərləndirirlər.

Azərbaycanda böyük tələbə ordusu var. Hər ildə bu rəqəm daha da artır. Belə ki, 2021-2022-ci tədris ilində Azərbaycanda təhsil alan tələbələrin sayı 212 min nəfəri ötüb. Tələbə gənclər təhsillə yanaşı, həm də ölkənin ictimai,  mədəni həyatında da yaxından iştirak edirlər.    Ölkəmizdə 24 dekabr 2008-ci ildə Tələbə Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır. Tələbə gənclərin təmsil olunduğu daha bir təşkilat isə 20 noyabr 2009-cu ildə yaradılan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını müdafiə etmək, onların respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında fəal iştirakını təmin etməkdir.

Azərbaycanda hər bir gəncin təhsil almaq hüququ var. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin həyata keçirilməsi öz müsbət və uğurlu nəticəsini verir. Heydər Əliyev hər zaman gənclərə qarşı çox diqqət və qayğı ilə yanaşmışdır. Hələ sovetlər dönəmində yüzlərlə gənc SSRİ-nin müxtəlif şəhərlərində ali təhsil almağa göndərilirdi. Həmin gənclər o zaman Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alır, təhsillərini başa vurduqdan sonra respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Bununla yanaşı, ulu öndər Sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmışdır. Bu ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı isə 70 mindən, 100 minə çatmışdır.

Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyevin siyasəti, müəyyənləşdirdiyi milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə başçısının rəhbərliyi dövründə  ölkədə ali təhsilin inkişafı, neft amilinin insan kapitalına çevrilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etdirilərək genişləndirilmişdir.  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə" Dövlət Proqramının əhəmiyyəti böyükdür. Bu proqram tələbələri daha səylə, həvəslə oxumağa, bilik və bacarıqlarını artırmağa ruhlandırır. Eyni zamanda, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" hazırlanıb. Dövlət Proqramına əsasən hər il 400 nəfər olmaqla, ümumilikdə isə 2000 nəfərədək vətəndaşımız xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq.

Tələbə-gənclər respublikamızın ictimai-siyasi həyatında mühüm hərəkətverici qüvvədir. Onlar təhsil almaqla yanaşı, həm də ölkədən baş verən bir çox proseslərdə yaxından iştirak edirlər. Azərbaycan tələbəsi, gəncliyi Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Savadlı, elmli gənclik ölkənin gələcək təminatıdır. 44 günlük Vətən müharibəsi zamanı xeyli sayda  tələbə öz təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanmış, torpaqlarımızın müdafiəsinə  qalxmışdır. Onların göstərdiyi şücaət və qəhrəmanlıq hər kəsə örnək olan vətənpərvərlik məktəbidir.                               

Ramidə YAQUBQIZI,

 "Respublika".