Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

 "Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayının 30-da Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata bəyanatla çıxışı zamanı səsləndirib.

 Müstəqilliyinin ilk illərindən başlayaraq öz enerji təhlükəsizliyinə sərmayə yatıran Azərbaycan zaman keçdikcə bir çox ölkələrin enerji təminatında əhəmiyyətli rol oynamışdır. Belə ki, ölkədə neft hasilatının artırılması, neftin və qazın dünya bazarına çıxarılması istiqamətində xarici ölkələrin iş adamları, eyni zamanda dünyanın aparıcı enerji şirkətləri ilə fəal işlərə başlanmışdı. Bu gün neft və qaz ixracına əsaslanan Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında mühüm rol oynayan ölkəmiz neftlə yanaşı, həm də təbii qaz ixracatçısıdır. Bu baxımdan, Cənub Qaz Dəhlizi ən önəmli layihələrdən biridir. Nəhəng layihə ilə bağlı ilk sənəd - Azərbaycan ilə Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə 2011-ci ildə imzalanmışdır. Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyannamə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığında mühüm rol oynamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı sərəncamla Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Dövlət Komissiyası yaradılmış, bir il sonra isə sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasının iyirminci ilində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərin, beynəlxalq şirkət rəhbərlərinin iştirakı ilə Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi keçirilmişdir.

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin uğurla tamamlanması Azərbaycanın region ölkələri ilə əlaqələrini daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında Cənub Qaz Dəhlizinin fərəhlənə biləcəyimiz layihə olduğunu böyük fəxarətlə bildirmişdir.

Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı və səhmdarı olan Azərbaycan bu gün Avropa İttifaqı və ona üzv olan ölkələrlə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. Ölkəmizdə ticarət əlaqələrinin 40 faizinin Avropa İttifaqı ilə qurulması, Aİ-yə üzv dövlətlərdən 1700-dən çox şirkətin Azərbaycanda fəaliyyət göstərməsi üzv dövlətlərlə əlaqələrin yüksək səviyyədə olmasının və iqtisadi fəaliyyətin nümunəsidir. Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi, siyasi, energetika və s. sahələrdə mövcud olan münasibətlər bu gün uğurla inkişaf etdirilir. Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşı olan Azərbaycan Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı bazarına çatdırılmasında həlledici rol oynayır.

Avropa İttifaqının qaz təchizatçısı kimi Azərbaycanın potensialı gündən-günə artır ki, bu da tərəfdaşlığımızın daha da etibarlı və möhkəm olmasına zəmin yaradır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması sonrakı dövrdə Aİ ilə həyata keçirilən tədbirlərə güclü dəstək vermiş, Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında Avropa İttifaqı ən yüksək səviyyədə təmsil olunmuşdur. Belə ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş və Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci ildən başlayaraq hər il keçirilmişdir. Məşvərət Şurasının VIII toplantısında Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verən ölkə başçısı İlham Əliyev layihənin reallaşmasında yaxından iştirak edən bütün ölkələrə, beynəlxalq təşkilatlara, maliyyə institutlarına təşəkkürünü bildirərək qeyd etmişdir ki, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bu işdə bir komanda şəklində fəaliyyət göstərmişlər. Prezident İlham Əliyev həmçinin, həmtəşkilatçı olan Avropa Komissiyasının il ərzində layihənin gerçəkləşməsində əhəmiyyətli rolunu qeyd etmişdir.

Bu gün Avropada Azərbaycan qazına böyük tələbat var. Digər tərəfdən isə Avropa Azərbaycan üçün ən əlverişli bazardır. Artıq Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılır. Azərbaycan öz təbii qazını Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çıxararaq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya məqsədli qazın nəqlinə başladı. TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurla birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən "SNAM Rete Gas" (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırıldı. Tarixdə ilk dəfə Azərbaycan dünyada ən çox təbii qaz idxal edən Avropanın qaz bazarına birbaşa çıxış əldə etdi. Bununla da öz ixrac imkanlarını şaxələndirən Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda da iqtisadi müstəqilliyinin güclənməsinə zəmin yaratmış oldu.

Müstəqil siyasət yürüdən Azərbaycanın uğurlu neft-qaz siyasəti var. Belə ki, ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon, proqnozlaşdırılan ehtiyatlar isə təxminən 3 trilyondur. Qarşıdakı 100 ildə ölkəmizin karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi çıxış edən "Ümid" yatağının potensialı isə 200 milyard kubmetrdən çoxdur. Həmçinin, "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" layihələrinin operatoru olan BP şirkəti ilə birgə icrasına başlanan "D 230" bloku və "Şəfəq-Asiman" qaz yatağının işlənilməsi istiqamətində işlər davam edir.

Qaz yataqlarının işlənilməsi ilə bağlı ən böyük layihələrdən biri olan Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən təbii enerji resurslarının nəqlində mühüm rol oynayır. 7 hökumət və 11 müstəqil şirkətin iştirakı ilə həyata keçirilən bu layihə Xəzər dənizinin Azərbaycan hissəsinin qaz resurslarını birbaşa Avropa bazarlarına çıxararaq, bütöv regionun enerji xəritəsini dəyişir.

Böyük neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması müstəqil Azərbaycanın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynamaqla yanaşı, iqtisadiyyatının inkişafında mühüm amil olaraq Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artırır. Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti nəticəsində reallaşan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində, region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarılmasında, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti ölkəmizi regionun enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirmişdir. Bu barədə Azərbaycan Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə birgə Budapeştdə mətbuata bəyanatlarla çıxış edərkən demişdir: "Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş".

 Mehparə ƏLİYEVA,

 "Respublika".